525.Az

IV Bakı Forumu: Azərbaycan mədəniyyətlərarası dialoqa töhfə verir


 

“ÜMUMDÜNYA MƏDƏNİYYƏTLƏRARASI DİALOQ FORUMUNUN DƏRİN MƏNASI, AYDIN MƏQSƏDİ VAR”

IV Bakı Forumu: <b style="color:red">Azərbaycan mədəniyyətlərarası dialoqa töhfə verir</b>

Xəbər verdiyimiz kimi, mayın 4-də Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.
 
Tədbirin rəsmi açılış mərasimində iştirak edən prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal platformaya çevrilib. Dövlət başçısı qeyd edib ki, forumun iştirakçılarının sayı ilbəil artır: “Foruma 120 ölkədən iştirakçı qatılıb. Forumun tərəfdaşlarının siyahısı genişdir. Azərbaycan hökuməti, UNESCO, ISESCO, BMT-nin Sivilizasiyalar Alyansı tədbirin təşkilatçısıdır”.

Mədəniyyətlərarası dialoq olmasa, bütün dünyanın təhlükə ilə üzləşə biləcəyəni deyən dövlət başçısı hesab edir ki, Azərbaycan sivilizasiyaların qovuşduğu məkan rolunu oynamalıdır: “Ölkəmiz tolerantlığı, dini dözümlülüyü ilə fəxr edir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri dinc şəraitdə yaşayır. Fəxr edirik ki, 743-cü ildə tikilmiş məscid Şamaxı şəhərində yerləşir. Qədim kilsələrdən biri isə Şəki şəhərindədir. Zərdüşt dininə aid olan atəşgah da Azərbaycandadır. Bu gün ölkəmizdə mövcud olan məscidlər, kilsələr, sinaqoqlar dövlət tərəfindən qorunur, bərpa edilir”.

Prezident İlham Əliyev bildirib ki, multikulturalizm Azərbaycanda həyat tərzidir: “Tarixi dövrdən, siyasi sistemdən asılı olmayaraq, Azərbaycan xalqı hər zaman multikulturalizmi dəstəkləyib və ölkə hüdudlarından kənarda yayıb. 2011-ci ildə ilk dəfə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş format yaratmaq istəyimizdən irəli gəldi. Bu gün dünyada bəzi proseslər, münaqişələr, vətəndaş müharibələri baş verir. Bu, müxtəlif dinlərin, etnik qruplar arasında anlaşmanın çatışmazlığından irəli gəlir. Keçən il Azərbaycanda Multikulturalizm ili, bu il İslam Həmrəyliyi ili elan edilib. Bu, həm də regionda anlaşmaya xidmət edir”.

“Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən 4-cü Bakı Forumu dünya miqyasında nüfuzlu beynəlxalq tədbirlər sırasında özünə layiqli yer tutur. Dövlət başçısı İlham Əliyevin məqsədyönlü və əsaslı siyasəti nəticəsində ölkəmiz dünyanın mühüm mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Təsadüfi deyil ki, forumun və prosesin tərəfdaşları nüfuzlu beynəlxalq təşkilatlardır.

Azərbaycan xalqının çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz fəaliyyəti ilə bütün dünyada mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıraraq, fərqli fikir və konsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsı üçün mühüm beynəlxalq platformaya çevrilib. Daha əvvəl keçirilən forumların uğurlu nəticələri və hər il genişlənən mütərəqqi təcrübəyə əsaslanan IV Bakı Forumu öz növbəsində mədəniyyətlər və sivilizasiyalararası gərginliklərin aradan qaldırılması, davamlı inkişaf və inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə inkişafını təmin etmək və başqa bu kimi ali məqsədlərin həll olunması üçün səy göstərəcək, beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə, istər etnik-mədəni, istərsə də dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və yayılması prosesinə öz töhfəsini verəcək. Azərbaycan hökuməti IV Ümumdünya Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs qlobal miqyasda narahatlıq doğuran məsələlərin həlli istiqamətində beynəlxalq təşkilatların müştərək fəaliyyət mexanizminin daha effektiv fəaliyyəti üçün yeni imkanlar yaradacaq.

Forumda Qərb və Yaxın Şərq regionlarındakı mövcud vəziyyətin təhlili ilə yanaşı, Asiya-Sakit okean regionunda müxtəlif sahələr üzrə yaranmış problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılması, əldə edilmiş mütərəqqi təcrübənin tətbiqi və paylaşılması kimi məsələlər də müzakirəyə çıxarılır.

Beynəlxalq səviyyəli tədbir olan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz ətrafında hökumət başçılarını, nazirləri, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərini, yüksək vəzifəli siyasətçiləri, mədəniyyət işçilərini, xoşməramlı səfirləri, jurnalistləri, ziyalıları bir platformada birləşdirir, müxtəlif milli, mədəni, dini, etnik mənsubiyyətlərə məxsus insanları bir araya gətirir, bu insanlar arasında qarşılıqlı fəaliyyət, səmərəli və intensiv dialoqun yeni, zəruri forma və səviyyələrini yaradır. Forum çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-dək sessiya və tədbir keçiriləcək. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi mövzularını əhatə edir.

IV Bakı Forumunun əhəmiyyətindən danışan Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Musa Qasımlı “525”ə bildirib ki, dünya nizamının az qala yox olduğu indiki dövrdə prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinin dərin mənası, aydın məqsədi və ondan bəzilərinin alacağı böyük ibrət dərsi var: “Bu forumu keçirməklə Azərbaycan göstərir ki, dünyanın gələcəyi mədəniyyətlərin, sivilizasiyaların toqquşmasında deyil, müxtəlif mədəniyyətlərin qarşılıqlı əməkdaşlığı və zənginləşməsi ilə bağlıdır”.

M.Qasımlı hesab edir ki, Azərbaycan dövləti mədəniyyət diplomatiyası vasitəsilə dünyanın bir-birinə zidd olan güclərini birləşdirən, əməkdaşlığa cəlb edən güc olduğunu təsdiq edir, digərlərinə nümunə olaraq yol göstərir: “Hesab edirəm ki, dünya üçün Azərbaycan təcrübəsinin öyrənilməsinin böyük faydası var”.

Strateji Araşdırmalar İnstitutunun sədri, politoloq Ramiz Alıyev isə qeyd edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan dövlətinin uğuru kimi qəbul edilməlidir: “4-cü Bakı Forumu bütün dünya ölkələrinin diqqətini Azərbaycana yönəldir və bununla dövlətimizin beynəlxalq birlik üçün nə qədər əhəmiyyətli olduğu bir daha üzə çıxır”.

R.Alıyevin sözlərinə görə, xüsusilə qeyd etmək lazımdır ki, bu forumun tərəfdaşları dünyanın nüfuzlu beynəlxalq təşkilatlarıdır: “Bu mənada, forumun həm ölkəmiz, həm də bütün dünya üçün böyük əhəmiyyət kəsb etdiyinə kimsənin şübhəsi olmamalıdır. Həmçinin, onu da qeyd etməliyik ki, bu cür forumlar vasitəsilə Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumatlar verilir və məsələ bir daha dünya ictimaiyyətinin gündəminə düşür”.

Politoloq hesab edir ki, habelə bu forum Azərbaycanın multikultural və tolerant ölkə olduğunu, sivilizasiyalar arasında mədəni və humanitar əlaqələrin qurulmasında xüsusi rola malik olduğunu sübut edir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva isə qeyd edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmizdə keçirilməsi artıq ənənə halını alıb. O, SİA-ya bildirib ki, 4-cü Bakı Forumu digərləri kimi Azərbaycanın tolerant ölkə və multikulturalizm dəyərlərinə sahib olduğunu dünyaya nümayiş etdirmək imkanı yaradır: “Dünyada gedən mənfi proseslərə baxmayaraq, Azərbaycan yenə də öz sözünü bu forumla deyəcək. Azərbaycan forum vasitəsilə dünyaya bir daha nümunə kimi görünəcək”.

Forumun Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirildiyini xatırladan S.Fətəliyeva bildirib ki, forum zamanın nəbzinə, tələbata uyğun olaraq həyata keçirilir: “Azərbaycan prezidenti bu istiqamətdə zamanın nəbzini tutaraq  dünyanın gündəmində olan böhranlı məsələlərdən çıxış yolu kimi bu cür forumların keçirilməsi təşəbbüsü ilə çıxış edir. Bu forumun keçirilməsi də dünyada gedən proseslər əsasında yaranan zərurətdir. Azərbaycana dost ölkələr də bu təşəbbüsü dəstəkləyərək forumda geniş tərkibdə iştirak edirlər”.

Forumun Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması istiqamətində böyük əhəmiyyətə malik olduğunu deyən Milli Məclisin deputatı söyləyib ki, tədbir iştirakçıları ölkəmizlə bağlı əsl həqiqətləri öz gözləri ilə görəcəklər: “Ölkəmizdə hər hansı beynəlxalq tədbirin keçirilməsi o deməkdir ki, Azərbaycana yeni insanlar gələcək, ölkəmizi tanımayanlar tanıyacaq, tanıyanlar isə daha dərin məlumatlar əldə edəcəklər. Bu, bizim üçün ən əsas məqsəddir. Düzdür, biz bu gün Azərbaycanda gedən prosesləri, həqiqətlərimizi dünyaya çatdırırıq. Lakin  ölkəmizdə müxtəlif forumların keçirilməsi daha effektiv nəticələr əldə etməyimizə imkan verir”.

Ceyhun ABASOV

 





06.05.2017    çap et  çap et