525.Az

Liderlik missiyası


 

Liderlik missiyası<b style="color:red"></b>

Bəşər tarixində öz xalqının və millətinin rifahı uğrunda böyük fədakarlıqlar göstərən, dövlətini bütün xarici və daxili təhdidlərdən qoruyaraq irəliyə daşıyan, vahid bayraq ətrafında mütərəqqi bir cəmiyyət formalaşdırmağa nail olan böyük liderlər, dahi şəxsiyyətlər olub.

Bu dühaların üzərinə cəmiyyəti inkişafa, rifaha, sabitliyə, əmin-amanlığa aparmaq kimi tarixi bir missiya, əlahiddə vəzifə düşüb. Həmin şəxsiyyətlər dövlətin, millətin gələcəyini tənəzzüldən qorumağın yolunu, davamlı inkişafın formulunu, düsturunu hərtərəfli tərəqqidə görüblər. Lakin bu, heç də asan başa gəlməyib, əsl fitri istedad, siyasi məharət və güclü iradə tələb edib. Bu mənada, Sovet İttifaqından ayrılaraq öz müstəqilliyini bərpa edən müasir Azərbaycanın daxili və xarici təhdidlərə, ayrı-ayrı bölgələrdə baş qaldıran separatçı hərəkatlara qarşı mücadiləsində tarixi dönüş mərhələsi birbaşa fenomenal şəxsiyyət, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 

Heydər Əliyev uzaqgörənliyi 

İlk dəfə 1969-cu il iyul ayının 14-də respublikanın rəhbərliyinə gələn Heydər Əliyev Azərbaycanın Sovet İttifaqı kimi nəhəng bir imperiyanın tərkibində olmasına baxmayaraq, böyük uzaqgörənliklə gələcəyə hesablanmış bir sıra mühüm və zəruri addımlar atmağa nail ola bildi. Ulu öndərin respublika rəhbərliyinə gəlməsi ilə Azərbaycan qısa zaman kəsiyində iqtisadi baxımdan özünü təmin etməyə başladı. Kənd təsərrüfatı, sənaye sahələri inkişaf etdirildi, yeni zavod və fabriklər yaradıldı, əhalinin mənzil problemləri və digər sosial qayğıları öz həllini tapdı. Bu, insan kapitalına fundamental dəstək idi. Nəticə etibarilə SSRİ tərkibində qapalı cəmiyyətdə yaşayan Azərbaycan insanı azad seçim imkanı əldə etdi. Təbii ki, burada ilk pillədə təhsil dayanırdı. Müstəqilliyə gedən yolda bu Xalq qarşısına qoyulan ən ümdə vəzifə idi. Tarixi təcrübə də sübut edir ki, elmə, təhsilə, mədəniyyətə yüksək qiymət verən dövlət rəhbərləri bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də dünya mədəniyyətinə böyük töhfə verir, xalqının gələcək müqəddəratına ümid işığı yandırmış olurlar. Məhz 48 il bundan əvvəl başlanan mərhələ bugünkü Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibah dövrü kimi xarakterizə edilir.

Heydər Əliyev Sovet Azərbaycanına rəhbərliyi dövründə 15 mindən artıq azərbaycanlı gəncin keçmiş SSRİ-nin müxtəlif şəhərlərində yerləşən 170-dən çox ali məktəbdə təhsil almasına, respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən 250-dən çox ixtisas üzrə peşəkar mütəxəssislər kimi hazırlanmasına nail olmaqla təhsil sahəsində böyük bir çevrilişə imza atdı. İllər keçdi, həmin mütəxəssislər hürriyyətinə qovuşan Azərbaycanın kadr potensialının əsas bazasını təşkil etdilər. Bu faktı təhlil edən xarici analitiklər belə nəticəyə gəliblər ki, Heydər Əliyev hələ o illərdə böyük uzaqgörənliklə Sovet imperiyasının dağılacağına və Azərbaycanın müstəqilliyini bərpa edəcəyinə qəlbən inanırdı.  

Heydər Əliyevlə başlayan müasir hərb tariximiz 

Ümummilli lider ilk dəfə respublika rəhbərliyinə gələndə öz xalqının mənafeyini yüksək tutaraq həmin dövrdə Sovetlər İttifaqı üçün qeyri-adi xarakter daşıyan daha bir addım atdı. Moskva rəhbərliyin ittifaq respublikalarına müstəmləkə kimi baxdığı bir dövrdə strateji sahələrə qeyri-millətlərin nümayəndələri yaxın buraxılmır, müxtəlif üsullarla onların qarşısı kəsilirdi. Xüsusilə hərbi sahədə başqa millətlərdən olanların, əsas da müsəlmanların rəhbər vəzifələrə gətirilməsini əngəlləmək Sovet imperiya siyasəti üçün prinsipial səciyyə daşıyırdı. Bütün bunların fərqində olan Heydər Əliyev heç də imperiya keşikçilərinin dəsti-xəttinə riayət etmək fikrində deyildi. Fenomenal şəxsiyyət 1972-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsasını qoymaqla bu hərb sahəsində azərbaycanlı gənclərin qarşısına sədd çəkən bu maneəni yerlə bir etdi. Bundan sonra ölkə gəncləri həm bu məktəbdə, həm də SSRİ-nin digər hərbi təhsil müəssisələrində oxumaq imkanına sahib oldular. Onların üzünə uzun və lakin şərəfli bir yolun qapısı taybatay açıldı. Bu illər ərzində yetişən azərbaycanlı hərbi kadrlar 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yenidən baş qaldırdığı bir vaxtda silaha sarılaraq Vətənin müdafiəsinə qalxdılar. Bu peşəkar hərbçilər müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasında və torpaqlarımızın müdafiəsində müstəsna rol oynadılar.  

Xilaskar 

Hazırkı dövr sürətli inkişaf dövrü kimi qiymətləndirilsə də, elmdə, təhsildə əldə olunan tərəqqidən silah kimi istifadə hallarına tez-tez rast gəlinir. Ayrı-ayrı dövlətlər siyasi maraqlar müstəvisində özlərindən zəif gördükləri ölkələrin ərazilərinə tamah salır, milli azlıqları ayağa qaldıraraq separatizm dalğası yaratmağa səy göstərirlər. 2003-cü ildən bəri Qərb dövlətləri və ABŞ-ın İraq, Liviya, Suriyaya hücum etməsi, eləcə də Rusiyanın Gürcüstan və daha sonra Ukrayna ilə müharibəsi nəticəsində ərazi bütövlüklərinin pozulması, separatçı və terrorçu hərəkatların baş qaldırması müşahidə olunmağa başladı. Belə bir böhranlı şəraitdə müxtəlif siyasi çevrələrdə xilaskar obrazı kimi ilk yada düşən liderlərdən biri məhz ulu öndər Heydər Əliyev oldu.

Çünki 1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə daxili və xarici təhdillərdən hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün o vaxtki hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti daha da gərginləşdirdi. Nəticədə Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi. Bakıya qayıdandan sonra ümummilli lider böyük siyasi iradə nümayiş etdirərək Azərbaycanı bütün bu təhdidlərdən sığortaladı. Bu gün beynəlxalq ekspertlər Azərbaycanda baş verən 1993-cü il hadisələri ilə paralellər aparır və bu qənaətə gəlirlər ki, doğrudan da hər bir dövlətin Heydər Əliyev kimi bir liderə ehtiyacı var. Bu mənada, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi bir lideri olub.

Ulu öndərin yaratdığı müstəqil Azərbaycan dövləti əslində, 1969-cu ildə başladığı siyasətin məntiqi davamıdır. Bu yol bütün dünya azərbaycanlılarının vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdiyi yoldur. Ümummilli liderin hakimiyyətə gəlişi ilə Azərbaycan xalqı işıqlı, nurlu gələcəyə qovuşdu. Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin ümummilli lider Heydər Əliyev haqqında xatirələrində qeyd etdiyi kimi: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauninq küçəsi 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu”.

Məhz ulu öndərin apardığı ardıcıl və uzaqgörən xarici və daxili siyasətin nəticəsidir ki, bu gün onun yaratdığı müasir və müstəqil Azərbaycan dövləti dünyanın ən qabaqcıl və inkişaf edən ölkələrindən birinə çevrilib. 

Gələcək uğurlarımızın memarı 

Azərbaycanın Heydər Əliyevlə başlanan 48 illik inkişaf tarixinə nəzər salsaq, gələcəyə istiqamətlənmiş, dayanıqlı inkişafı təmin edən, cəmiyyətin hər bir üzvünün rifahına xidmət göstərən müdrik və uzaqgörən siyasətin yüzlərlə nəticələrini görərik. Dövlətimizin bu gün əldə etdiyi bütün uğurlar, bütün nailiyyətlər ulu öndərin Vətən üçün sonsuz və təmənnasız xidmətləri hesabına başa gəlib. O, öncə vətənpərvər, Vətənini sevən bir insan, sonra isə böyük dövlət xadimi idi.

Azərbaycanın təməli dahi şəxsiyyət tərəfindən qoyulan iqtisadi, siyasi, sosial və mədəni inkişaf xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uğurlu inkişaf modelinə uyğun olaraq Azərbaycanın dünyanın qabaqcıl, aparıcı dövlətləri sırasında tutduğu mövqe hər il daha da möhkəmlənir. Bu gün beynəlxalq ictimaiyyət Azərbaycanı dinlərarası, mədəniyyətlərarası dialoq mərkəzi, iqtisadi forumların, siyasi konfransların, idman oyunlarının keçirildiyi qabaqcıl ölkə kimi tanımaqdadır. Son olaraq qitənin idman tarixində ilk dəfə keçirilən Birinci Avropa Oyunlarına uğurla evsahibliyi edən Azərbaycan mötəbər tədbirin standartlarını müəyyənləşdirdi. Bütün dünya münaqişə şəraitində olan Azərbaycanın böyük təşkilatçılıq qabiliyyəti qarşısında öz heyranlığını gizlədə bilmədi. Bunun nəticəsidir ki, artıq müxtəlif səviyyəli yarışların, tədbirlərin keçirilməsinə ev sahibi qismində ilk yada düşən ölkələrdən biri məhz Azərbaycandır. Təsadüfi deyil ki, bugünlərdə ölkəmiz IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçısı qismində çıxış edir.

Bəzi xarici dairələr sözdə qəbul etmək istəməsələr də, Azərbaycan ən yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi, qlobal əhəmiyyətli qərarların müzakirə olunması, idman yarışlarının keçirilməsi üçün ən əlverişli məkan, coğrafiyadır. Ölkəmiz müharibə şəraitində olmasına baxmayaraq, prezident İlham Əliyevin balanslaşdırılmış siyasəti nəticəsində şərqlə qərbin, xristian aləmi ilə müsəlman dünyasının, ümumilikdə sivilizasiyaların qovşağında yerləşən Azərbaycan - bu bir çoxları üçün problem kimi görünsə də, əksinə mövcud situasiyadan, şəraitdən bir üstünlük kimi faydalanaraq - barışdırıcı, uzlaşdırıcı mövqeyini ortaya qoydu, sabitlik adası yaratdı, irqindən və dinindən asılı olmayaraq, dünya insanını bir məkan ətrafında birləşdirdi. Ona görə də, dünyanın islamafob qüvvələri bir çox müsəlman dövlətlərini zəhərləsə də, Azərbaycanla bağlı məkrli maraqlarını həyata keçirə bilmədi, əksinə, silahı yerə qoymağa məcbur oldu. Məhz bütün bunların baş verəcəyini fenomenal şəxsiyyət Heydər Əliyev uzaqgörənliklə dərk edirdi və buna görə də müvafiq qabaqlayıcı addımlar atmağa müvəffəq oldu. Prezident İlham Əliyev ulu öndərin miras qoyduğu bu tarixi missiyanı, bütün münaelərə baxmayaraq, uğurla irəliyə daşıya bildi. Azərbaycan son illərdəki böyük iqtisadi inkişaf tempi ilə yüksək nailiyyətlərə imza atdı.

Bu gün Azərbaycan dövləti və xalqı üçün qarşıda duran ən vacib məsələ isə işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsidir. Kiçikdən böyüyə, bütün ölkə ictimaiyyəti səmimi qəlbdən inanır ki, dövlət başçısı İlham Əliyev bu haqq davasını məntiqli sonluqla başa vuracaq. Ötən ilin Aprel döyüşləri zamanı Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin düşmənə qan uddurması, işğal olunan torpaqların müəyyən hissəsinin azad edilməsi bu inamı, bu əminliyi daha da artırdı. Xalqımız inanır ki, bu gün Cocuq Mərcanlı ilə başlanan tarixi “Qarabağa qayıdış” strategiyası öz məntiqi ardıcıllığını qoruyacaq, bayrağımız işğal olunmuş ərazilərimizin ən yüksək zirvələrində əbədi dalğalanacaq.

 





06.05.2017    çap et  çap et