525.Az

Musa Yaqubun 80 yaşı qeyd olundu


 

Musa Yaqubun 80 yaşı qeyd olundu<b style="color:red"></b>

Mayın 3-də “Aktyorlar evi”ndə Yazıçılar Birliyi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə şair Musa Yaqubun 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Şair Əjdər Olun idarə etdiyi tədbirə AYB rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, yazarlar, sənət adamları, media nümayəndələri və şairin oxucuları qatılıblar.

Birliyin sədri, Xalq yazıçısı Anar Musa Yaqubla tanışlığından söz açıb, onun yaradıcılığını yüksək qiymətləndirib.

Yubilyarı hər kəsin sevimlisi, xalqın şairi adlandıran Anar onun poetik sənətkarlıq sirrini təbiətə bağlılığı, təbiət qoynunda yaşaması ilə də əlaqələndirib. Xalq şairi Nəriman Həsənzadə Musa Yaqubu səmimi hisslərin mahir ifadəçisi adlandırıb.

Aqil Abbas, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Seyran Səxavət, Maarif Soltan və başqa tanınmış ədiblər Musa Yaqub sənətkarlığını yüksək qiymətləndirib, şairi yubileyi münasibəti ilə təbrik ediblər.

Aktyor Ağalar Bayramovun ifasında şairin şeirləri dinlənilib.

Yubiley tədbiri Azərbaycanın tanınmış müğənnilərinin, aşıqlarının ifasında musiqi proqramı ilə davam edib.

Tədbirdə yubilyar şairin yeni kitabı -  AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə çap olunmuş “İndi bildim nağıldı...” toplusu da təqdim olunub.

Sonda Musa Yaqub söz alaraq mərasimin təşkilatçılarına təşəkkürünü bildirib, qalan ömrünü də Azərbaycan ədəbiyyatına, poeziyamıza xidmətə sərf edəcəyinə söz verib.

Şahanə MÜŞFİQ

 





06.05.2017    çap et  çap et