Mayın 7-də Almaniyada yaşayan həmyerlilərimiz Sarvan Rizvanov Maynz şəhərində keçirilən 18-cı Qutenberq marafonunda iştirak edib.
Maynzda fəaliyyət göstərən Azərbaycan-Türk Cəmiyyətindən verilən məlumata görə, 21 kilometrlik marafona S.Rizvanov üzərində “Odlar Yurdu Azərbaycan” şüarı yazılmış köynəkdə qatlıb.
Soydaşımız finiş xəttinə Azərbaycan bayraqları ilə daxil olub. Marafon üçüncü dövlət kanalı olan SWR-də canlı yayımlanıb.
S.Rizvanov vətəndən uzaqlarda Azərbaycanı təbliğ və təmsil etməkdən qürur duyduğunu bildirib, digər həmyerlilərimizi də belə tədbirlərdə fəal olmağa çağırıb.
Qeyd edək ki, Qutenberq marafonu 2000-ci ildən keçirilir. Builki marafonda 10 min idmançı iştirak edib. Yarışda birinci yerləri kişilər arasında ukraynalı İvan Babarzka, qadınlar arasında isə mərakeşli Aicha Bani tutublar.
Xatırladaq ki, Sarvan Rizvanov ötən ilin noyabrından Maynzda fəaliyyət göstərən Azərbaycan-Türk Cəmiyyətinin sədri və Maynz şəhər Bələdiyyəsi yanınındakı Yabançılar Məclisinin üzvüdür.
çap et