525.Az

Dostların əhatəsində


 

Dostların əhatəsində<b style="color:red"></b>

Uzun illər mətbuat sahəsində çalışmış Mayis Kazımovun 70 yaşı tamam olur

Mərhum şair Məmməd Aslan “yaş yetmiş - iş bitmiş!” deyirdi.

Azərbaycanın Qabrovası hesab olunan Şəkidə isə belə bir söz işlədirlər: “Gecə növbəsindəki işi, ağızda protez dişi, altmışdan sonrakı yaşı neynirəm?”

Ona qalsa çox söz deyirlər. Hətta deyirlər ki, 20 idim, dəyirmi idim, 30 idim, toppuz idim, 40 idim, qırıq idim, 50 idim, bəlli idim, 60 idim, yatmış idim, 70 idim, bitmiş idim, 80 idim, ehsan idim, 90 idim, nöqsan idim, 100 idim, düz idim...

Amma bunların Mayis Kazımova nə dəxli var? Cavanlığından o qədər də gur olmayan şabalıdı saçlarının gümüşü boyanmağını və sağ qulağının zəif eşitməyini nəzərə almasaq, ona 70 yaşı vermək olmur.

Qulağı isə orta yaşlarından zəif eşitməyə başlayıb.  Həmişə dostları zarafatla deyirlər ki, çalış Mayisin sağ qulağı tərəfə düşməyəsən. Səni dinləyəcək, qulaq asacaq, bir müddətdən sonra məlum olacaq ki, deyilənlərin birini də eşitməyib...

Ötən əsrin 60-cı illərində Azərbaycan Dövlət Universitetinin  jurnalistika fakültəsində 610-cu qrupun tələbələri arasında hamının “trio” adlandırdığı üç nəfər var idi - Akif Salamov, Vaqif Abbasov və Mayis Kazımov. Dərsdən qaçıblarsa, üçü bir yerdə qaçıb, kitabxanaya gediblərsə, deməli, üçü bir yerdə gedib, biri yataqxanadadırsa, o biri ikisi də ordadır...

Dost sarıdan həmişə bəxti gətirən Mayis həmin illərdə unudulmaz dostlar qazanıb: istedadlı yazıçı-jurnalist Tahir Abbasov, diktor Əsmər Yusifzadə, “Şəkinin səsi” qəzetinin redaktoru Akif Salamov, Şirvan Dövlət Arxivinin direktoru Vaqif Abbasov, uzun illər milli təhlükəsizlik orqanlarında işləyən Vaqif Əbülhəsənov, mərhum şair Nüsrət Kəsəmənli...

Yeri gəlmişkən, Nüsrət Kəsəmənli onun ən yaxın dostlarından olub. Düz bir il tələbə yataqxanasında bir otaqda qalıblar. Yoldaşlardan biri döşək, biri yorğan, biri də  yastıq alıb öz otaqlarındakı masanın üstündə gecələr yatmaq üçün ona yer düzəldiblər. Tez-tez şahmat oynayırmışlar  və hər dəfə də Mayis ona qalib gəlirmiş.  Cəmi bircə dəfə Nüsrət ona qalib gəlib və onda da bədahətən dörd misralıq şeir deyib:

 

Yaman boğur bu dərd,

bu qüssə məni,

Gecələr sübhədək yata bilmirəm.

Deyirəm bu boyda yataqxanada

Bir şahmat oynayan tapa bilmirəm.

 

O illərin xatirələrini danışdıqca qurtarmaz. Hansını xatırlayasan? Gün eynəyi gözündə ola-ola Akifin bütün yataqxananı bir-birinə vurmağını və elə bu axtarışa görə onları dərsə gecikdirdiyinimi, fakültə komsomol komitəsinin katibi kimi qrupun qızlarını təbrik etmək üçün onun aldığı hədiyyələri Nüsrətin ironiya obyektinə çevirib bəzəməyinimi, Yavərlə olan şux zarafatlarımı?

Onların qrup yoldaşı Əsmər Yusifzadə həmişə  gecə saat 12-dən sonra radionun efirinə çıxırdı. Nə qədər yuxusuz olsalar da, dərslər, imtahanlar onları nə qədər yorsa da, otaq yoldaşı Vaqif Abbasov bunu bir ənənəyə çevirmişdi:”Əsmərə qulaq  asmamış yatmaq olmaz!”

Hamısı, hamısı şirindir və heç birini də unutmaq olmur. Özü də yaşın gəlib 70-ə çatan vaxtında onları bir-bir xatırlamaq, təzədən uzaq illərin arxasında bir-birindən kövrək və unudulmaz xatirələri yada salmaq az qala o illərə qayıtmaq kimidir.

Tələbəlik illərindən sonra Mayis Füzulidə çıxan rayon qəzetində işləyəndə həftənin bazar günləri televiziyada “Arzu” musiqi poçtu verilişi efirə gedirdi  və sifariş əsasında musiqi nömrələri səsləndirilirdi. Tez-tez, az qala hər verilişdə onun adından özünün xəbəri olmadan musiqi nömrələri sifariş verilirdi.Bir gün raykomun birinci katibi rayon qəzetinin redaktorunu çağırıb deyir ki,”Mayisə de, televiziyadan aşağı düşsün. Bazar günü nə vaxt televizoru açırsan, Mayis mahnı sifariş verir”.

O vaxt Nüsrət Kəsəmənli televiziyada həmin verilişi hazırlayırdı. Mayis zəng edib tələbəlik dostuna  bu barədə deyəndə ona belə cavab verib: “Mən bu yolla sənə salam göndərirəm...”

Bunlar hamısı indi onun özünə də nağıl kimi gələn şirin xatirələrdir. Amma onun jurnalistikaya yolu heç də asan olmayıb. Bir il kinomexanik köməkçisi,  ali məktəbə qəbul ola bilməyəndə bir il də “Azərnəşr”də korrektor işləyib. Nəhayət, 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. 1973-cü ildə doğma Füzuliyə qayıdaraq rayon qəzetində 4 il müxbir işləyib. 1976-ci ildən 2014-cü ilə qədər redaksiyanın kənd təsərrüfatı şöbəsinin müdiri olub.

Kazımovlar Füzulidə ziyalılar nəsli kim tanınıb. Atası Nəsib müəllim rayonda  ən hörmətli  məktəb rəhbəri kimi tanınıb. Uzun illər şəhərdəki B. Sərdarov adına şəhər, sonralar isə Qarğabazar kənd, Fioletovka qəsəbə orta məktəblərində üst-üstə 48 ilin direktor işləyib. Mayis də bu ocağın özünəməxsus ənənələri ilə böyüyüb. Həyatda hamıya yaxşılıq etməyə, kömək əli uzatmağa çalışıb. Atasının xasiyyətindəki müsbət  keyfiyyətlər eynilə Mayisə də keçib.

Qəzetdə 40 ilə yaxın şöbə müdiri işləyən Mayis Kazımovun rayonun bütün təsərrüfat və kəndlərini qarış-qarış gəzib, maraqlı yazılarla mətbuat səhifələrində çıxış edib. Amma onun ən maraqlı və oxunaqlı yazıları mənəviyyat mövzularında olub. Mayisin həmin mövzuda qələmindən çıxan yazılar özünə çoxlu oxucu ünvanı tapıb. Onun yazılarından sonra dağılmaq ərəfəsində olan ailə fikrindən daşınıb,  küsülülər barışıb,  ata-oğul, gəlin-qaynana münasibətləri nizama düşüb.

Mayisin çox etibarlı dostları olduğunu və özünün də çox etibarlı və vəfalı dost olduğunu mütləq xüsusi qeyd etmək lazımdır. Füzulidə bəlkə də Mayis qədər dostu-tanışı olan az-az tapılardı. Elə indinin özündə  də belədi...  Az qala yarım əsrə yaxındır ki, energetik Mobil Həsənov, həkim Rəfael Məmmədov, usta Məmməd Əhmədov, ticarətçi Mətləb Rəhimov, inşaat mühəndisləri Amil Həsənov və Tahir Sadıqovla dostluq edir. Bu illər ərzində onların arasından necə deyərlər, bir damcı su da keçməyib.

Yeri gəlmişkən, Mayisi uzun illərdən bəri tanıyan həmkar və dostlarının onun haqqında dediklərini də xatırladaq.

Məcnun Namazəliyev (“Qayıdış” qəzetinin redaktoru): “Mayis bulaq suyu, zirvə qarı kimi təmizdir, elə bu təmizliyinə görə hətta  onu stəkana qoyub su kimi içmək olar”.

Mahmud Qacar (şair, “Qızıl Qələm” mükafatı laureatı): “Onu tanıyan hər kəsin sevimlisi olan Mayis məğrur, qürurlu xarakteri ilə məni ovsunlayıb”.

Cəmil Əhmədov (Azərbaycan Jurnalistlər Birliyinin üzvü): “Kamil insanda olan bütün müsbət keyfiyyətlər Mayisdə var. Mən onun səmimiliyinə, yurdsevərliyinə, prinsipiallığına, etibar və vəfasına həmişə heyran olmuşam”.

Elman Məmmədov (Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi): “Mayis Kazımov zəngin mənəviyyatı, təvazökarlığı ilə hər kəsə öz mədəniyyətini diktə edir”.

Oqtay Ərgünəş (yazıçı-publisist): “Həmkarım və dostum kimı həmişə onun varlığı ilə  qürur duyuram”.

Mayisdə ad günlərini yuvarlaq illərdə deyil, 33, 44 yaşı qeyd etmək  ənənəsi var. 1980-ci ildə bunu edib, 1991-də də edib, amma  taleyinə məcburi köçkünlük yazılandan sonra bunu etməyə nə ürəyi gəlib, nə də həvəsi olub. Amma indi yaş 70-dir, nə 66 deyil, nə də 77... Özünə qalsa, yenə də yox. Amma 610-cu qrupun məzunları bir-birlərinə zəng edirlər: “Mayın 8-i Mayisin ad gününü harda keçirək? Neynirsiz, hara yığışırsız?” Bir yandan da iki qızı, bir oğlu və nəvələri. Sənandan tutmuş iki yaşlı Nəsibədək nəvələri hamısı həmin gün babanı təbrik etmək istəyirlər.

Yəqin ki, “köhnə qvardiya” - 610-cu qrup yenə bir yerə yığışacaq, amma bu dəfə Arif olmayacaq, Xalid gələ bilməyəcək, məclis Nüsrətsiz ötüşəcək... Yenə də ötən illərin xatirələri yada düşəcək, şən zarafatlar, şirin söhbətlər, şux atmacalar bir-birini əvəz edəcək. Arada bir-birlərinə göz vurub xəbərdarlıq da edəklər: “Çalış ki, Mayisin sağ qulağı tərəfə düşməyəsən...”

Süleyman QARADAĞLI

 





08.05.2017    çap et  çap et