525.Az

II Dünya müharibəsi iştirakçıları etibarlı sosial müdafiə sistemi ilə əhatə olunub


 

II Dünya müharibəsi iştirakçıları etibarlı sosial müdafiə sistemi ilə əhatə olunub<b style="color:red"></b>

İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin əldə olunmasında yaxından iştirak edərək, müstəsna xidmətləri ilə seçilən Azərbaycan bu gün, eyni zamanda bu müharibənin iştirakçılarının etibarlı sosial müdafiəsinin təmin olunması istiqamətində fəal dövlət siyasəti həyata keçirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu təbəqədən olan şəxslərə dövlət qayğısının ildən-ilə artırılması istiqamətində müvafiq işlər aparılır. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə 2008-ci il sentyabrın 1-də müharibə əlillərinə, o cümlədən, İkinci Dünya Müharibəsi əlillərinə Azərbaycan Respublikası prezidentinin aylıq təqaüdünün təyin olunaraq ödənilməsinə başlanılıb. Ötən dövrdə bu təqaüdlərin məbləği orta hesabla 2 dəfədən çox artırılaraq, I qrup əlillər üçün 165 manata, II qrup əlillər üçün 143 manata, III qrup əlillər üçün 110 manata çatdırılıb.

Bu sosial təminat növü ilə bərabər, İkinci Dünya müharibəsi əlilləri və iştirakçıları əmək pensiyaları ilə təmin olunurlar. Ötən dövrdə 102 nəfər İkinci Dünya müharibəsi əlilinin mənzillə, bu təbəqədən olan 1117 nəfərin minik avtomobili ilə təminatı həyata keçirilib. Hər il qələbə günü ərəfəsində prezident İlham Əliyev tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımların verilməsi barədə sərəncamların imzalanması da həmin insanlara yüksək diqqət və qayğıdan xəbər verir. Bu il də qeyd olunan şəxslərə birdəfəlik yardım verilməsi barədə dövlət başçısı tərəfindən 24 aprel 2017-ci il tarixli sərəncam imzalanıb və bu məqsədlə prezidentin ehtiyat fondundan 7,2 milyon manat vəsait ayrılıb.

Sərəncamın icrası olaraq, ümumilikdə 13 312 nəfər şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlarla təmin olunub. Onlardan İkinci Dünya müharibəsi iştirakçıları olan 763 nəfərin hər birinə 1000 manat məbləğində birdəfəlik maddi yardım verilib. Qalan 12 549 nəfər isə bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, həmin müharibə illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarıdır ki, onların da hər birinə 500  manat məbləğində birdəfəlik maddi yardım ödənilib.

Ceyhun ABASOV

 





09.05.2017    çap et  çap et