525.Az

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirildi


 

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirildi<b style="color:red"></b>

Dünən Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.

Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Mətbuat Şurasından verilən məlumata görə, Bakı Biznes Universitetinin "Xalqxeber.az" saytı ilə bağlı şikayətinin müzakirəsi zamanı məlum olub ki, ali təhsil ocağının narazılığını doğuran motiv cavabdehin daha əvvəl onun barəsində çıxarılan qərarı yerinə yetirməməsidir. "Xalqxeber.az" universitet barədə materiala görə təkzib verməli olduğu halda məsələyə önəmsiz yanaşıb. Saytın rəhbərliyi şuranın Şikayətlər üzrə Komissiyasının iclası ilə bağlı məlumatlandırılsa da, toplantıda da iştirak etməyib, habelə şikayətçinin haqlı tələbinin yerinə yetiriləcəyinə dair hər hansı şifahi arayış verməyib. Komissiya bütün bunları nəzərə alaraq, "Xalqxeber.az" saytı ilə əlaqədar məsələnin şuranın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında araşdırılması barədə rəyə gəlib.

Milli Məclisin deputatı Nəriman Əliyevin "Nuh.az", "Bizimxeber.az", "Teref.info", "Arqument.az" və digər 6 sayta qarşı müraciətinin müzakirəsində adları qeyd edilən ilk iki saytın təmsilçiləri cavabdeh qismində iştirak ediblər. Məsələ ilə əlaqədar bildirilib ki, hər bir kütləvi informasiya vasitəsi haqqında bəhs etdiyi şəxsin mövqeyinin öyrənilməsinə maraq göstərməlidir. Materiallarda mövcud tələb gözlənilməyib. Bu isə "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın müvafiq prinsiplərinin pozulması deməkdir. Şikayətlər üzrə Komissiyasının tövsiyəsi budur ki, mövcud yanlışlıq aradan qaldırılsın. Komissiya üzvləri onu da bildiriblər ki, şikayətçi tərəf Milli Məclisin deputatı kimi mühüm status daşıyır. Buna görə də barəsində yayılmış material həqiqətdən uzaqdırsa, dərhal bəyanat verməli, məsələ barədə cəmiyyəti doğru məlumatlandırmalıdır ki, müxtəlif informasiya vasitələri yanlışlığı təkrarlamasınlar. İndiki halda məsələyə önəm verilməməsi eyni məzmunlu materialın müxtəlif informasiya resurslarında yer almasını şərtləndirib.

İclasda müzakirə edilən növbəti məsələ Azərbaycanın Ukraynadakı Səfirliyinin "Olke.az", "Bakıpost.az", "Moderator.az" saytlarına qarşı müraciəti olub. Sözügedən saytların təmsilçiləri ümumən məsələnin həssaslığı ilə bağlı fikirlərini səsləndiriblər. Onlar əlavə ediblər ki, narazılıq doğuran mövzuya müraciət heç bir qərəzdən qaynaqlanmır, yalnız əsl həqiqətlərin üzə çıxarılması məramına söykənir. Komissiya üzvləri müzakirələrdən sonra bunu məqbul qiymətləndiriblər. Eyni zamanda rəyə gəlinib ki, hər bir KİV hər hansı tənqidi material yayımlayarkən tənqid hədəfi kimi götürülən şəxsin mövqeyinin məhz həmin materialda öyrənilməsinə çalışmalıdır. Bu, peşəkarlığın ən mühüm şərtidir.

Cəbrayıl rayon təhsil şöbəsinin müdiri Validə Həsənovanın "Dəryaz" qəzetinə qarşı müraciətinin müzakirəsi zamanı vurğulanıb ki, materialda qeyd edilən məsələlər ciddi araşdırma tələb etdiyindən bununla əlaqədar Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında müzakirələr aparılmalıdır.

Eyni qərar Suraxanı rayon Hövsan qəsəbəsi 163 saylı uşaq bağçasının müdiri Pakizə Mahmudovanın "Ədalət tribunası" qəzetinə qarşı şikayəti ilə bağlı da verilib.

Neftçala rayon sakini Vurğun Şirəliyevin "Neytral" İnformasiya agentliyi (nia.az) ilə bağlı şikayətinin müzakirəsi gedişində aydınlaşdırılıb ki, sözügedən saytın narazılıq doğuran materialda tənqid hədəfi kimi seçdiyi şəxslərə münasibətdə ortaya qoyduğu mövqe yolverilməzdir. Konkret olaraq qarşı tərəfin fikrinə aydınlıq gətirilməməsi, rəsmi təsdiqini tapmayan, sırf mülahizələrə əsaslanan fikirlərin gündəmə gətirilməsi peşə prinsiplərinin pozulmasıdır. "Neytral" İA-ya şikayətə səbəb olan materialı saytdan çıxarmaq, təkzib, yaxud qarşı tərəfin mövqeyinə aydınlıq gətirən yazı yayımlamaq tövsiyə olunub.

Ceyhun ABASOV

 





09.05.2017    çap et  çap et