525.Az

"Zamanda yaşayan adam"ın izi ilə - Beş şəhərdən reportaj


 

"Zamanda yaşayan adam"ın izi ilə - <b style="color:red">Beş şəhərdən reportaj</b>

... Bilmirəm, bəlkə, nə zamansa "Zamanda özünü axtaran adam"a məktub yazacam, bəlkə  xatirəsinə "Zaman ağacı" adlı bapbalaca bir esse ünvanlayacam... Bilmirəm...

Bildiyim budur ki, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin keçirdiyi "Tanpınarı kəşf edirəm" esse yarışmasının beş qalibi  türk ədəbiyyatının nəhəng fikir, düşüncə, ruh adamı Əhməd Hamdi Tanpınarın izi ilə Türkiyənin beş şəhərinə - İstanbul, Yalova, Əskişəhər, Konya və Bursaya səfər edib bu tarixi yerləri ziyarət edəcəkdi.

Payız ötdü, qış keçdi və o gün gəlib çatdı. Qardaş ölkəyə səfərimiz Heydər Əliyev adına Beynəlxalq Hava Limanından başladı. Heyətimiz 7 nəfərdən ibarətdi. Esse yarışmasının beş qalibi - yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı, Bakı Dövlət Universitetinin  professoru Yeganə İsmayılova, AzərTac-ın müxbiri Zərəngiz Mansurova,  BDU-nun kimya fakültəsinin tələbəsi Lamiyə Qurbanlı,  bəndəniz  - Təranə Vahid və   bu layihəni gerçəkləşdirən  Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim İldırım,  Manera.az saytının baş redaktoru, esse yarışmasının koordinatoru Şəhla Aslan.

Təyyarəmiz uçuş zolağından ayrılır. Dünyanın ən böyük hava limanlarından olan İstanbul hava limanı bizi sevgiylə  qarşılayır. Zaman İstanbul vaxtıyla döyündükcə dünyanın mərkəzi sayılan qoca şəhərin ilıq, doğma  nəfəsini duyuruq. İstanbul gözəlliklərinə tamaşa edə-edə "Yeniqapı" adlanan yerdən bərəylə tarixin bir parçası sayılan Yalovaya keçirik. 

"YALOVA MƏNİM ŞƏHƏRİMDİ" 

XVI əsrdə Osmanlı idarə üsuluna görə Yalova Xudavəndigar Əyalətinə bağlı bir qəza mərkəzi olub. Övliya Çələbi "Səyahətnamə" əsərində Yalovanı 700 evi, yeddi camisi, üç xanı, bir hamamı, qırx-əlli dükanı olan bir yer kimi xatırladır. XVIII əsrdə isə Yalova İzmit Bayrağının Qaramürsəl qəzasına bağlı bir bölgə kimi göstərilir. 1920-ci ildən başlanan Yunan hakimiyyəti 1921-ci ilə kimi bu yerdə davam edir. 1927-ci ildən bələdiyyə olan Yalova 1929-cu ildə çıxarılan qərarla İstanbul bölgəsinə bağlı qəza mərkəzi sayılır. 

Bir milyona yaxın əhalisi olan bu unikal şəhərdə gecələyirik. Yalovanın səhəri başqa bir səhərdi. Yolumuzu "Yeriyən köşk"dən salırıq.  Çiçək açan ağacların, torpaqdan baş qaldıran  çiçəklərin gözəlliyinə Əhməd Hamdi Tanpınarın "Bütün yaz" şeiri qarışır.

Nə gözəl keçdi bütün yaz,
Gecələr xırda  baxçada.
Sən zanbaqlar qədər bəyaz
Və ürkək bir düşüncədə...

... Kimi bu gözəlliyi yaddaşına, kimi fotoaparatın yaddaşına köçürür...

Yalovanın xəzinəsi sayılan Termal da burda yerləşir. XX əsr Türk dünyasının atası sayılan Mustafa Kamal Atatürk  ömrünün son illərində ara-sıra Yalovaya gələr, bu yerdə dincələr, "Yalova mənim şəhərimdi" deyərdi.

Bir zamanlar onun yaşadığı ev illərdi ki, muzeyə çevrilib və tarixin bir parçası kimi hər gün ziyarət olunur.

Bu gözəlliklərə tamaşa edə-edə "yolçu yolunda gərək," - deyib Əskişəhərə, ordan da sürət qatarı ilə Konyaya yollanırıq. 

KONYA... 

... Anadolu, Asiya və Avropanın körpüsü sayılan Konya həm də mədəniyyətlərin kəsişdiyi bir şəhərdi. Səlcuqlu dövlətinin ilk paytaxtı - Bəylik və Osmanlıların ilk mərkəzlərindən olan bu şəhər  bətnində böyük bir tarix yaşadır.

Sürət qatarı ruhu Konyaya uçanları Konyaya daşıyır. Anadolunun elm və irfan şəhərinə axşam çatırıq. Sirli Konya qara çarşabda daha da sirli görünür...

Bizi Konyada Nəcməddin Ərbakan Universitetinin müəllimləri- professor Ali Berat Alptəkin və həmin universitetin dosent yardımçısı Səlcuq Peker sevgiylə, səmimiyyətlə qarşılayırlar.  Konya azərbaycanlı qonaqlara könül açır...  

NECƏSƏN, ELƏ GƏL... 

"Geri dön, bir daha gəl. Hər kimsən, bundan öncə  və hər nəsən, yenə gəl. İstər yüz kərə tövbə etmiş ol, istər yüz kərə pozmuş ol tövbəni. Ümidsizlik qapısı deyil bizim qapımız, necəsən, elə gəl!"

Yüz illərdi  Mövlana Cəlaləddin Ruminin ümid qapısı, söz qapısı hər kəsin üzünə açıqdı. Yüz illərdi bu qapıya üz tutan  bir daha dönmək istər, bir kərə gələn yenə gəlmək istər. 

 "Tanpınarın izi ilə..."  Mövlanənin şəhərindəyik. Bu şəhəri görmək çoxdankı arzumdu. Tək mənimmi? Yox, beş qalib arasında bircə Nəriman müəllim görüb bu müqəddəs şəhəri. Yerdə qalanlar Konyanı ilk dəfə ziyarət edəcək, könlünü bu şəhərə verəcək.

Cəlaləddin Rumi    Mövlana olana qədər uzun, çox uzun bir yol keçəcək, mütəfəkkir, şair, müəllim  kimi insanı insana sevdirəcəkdi. 25618 beytdən ibarət "Məsnəvi"si hələ sağlığında ona böyük şöhrət qazandıracaq, müasirləri onun barəsində   "peyğəmbər deyil, amma kitabı var" deyəcəkdilər.

Mövlana həyatı, yaşam tərzi, düşüncəsi, təfəkkürüylə elə möhtəşəm qaladı ki,  əsrlər adladıqca söz səltənəti nə tükənər, nə azalar. Mövlana elə bir nurdu ki, işığı  hər kəsə yetər.

Yüzlərlə ziyarətçiyə qoşulub Mövlana Cəlaləddin Ruminin və Şəms Təbrizinin uyuduğu türbələri ziyarət edirik. Hər kəs dua edir, Mövlanənin eşqi isə zərrə- zərrə insanların ruhuna qonur.

İnsanlığın yolu Mövlanaya doğrudu. Çünki Mövlananın yolu  bilik, təfəkkür, sənət və eşq yolu ilə Allaha qovuşmaq istəyənlərin yoludu. Bu yol dünyanın əbədi yoludu... 

ƏSKİ, ƏSLİNDƏ, MODERN ŞƏHƏR  - ƏSKİŞƏHƏR 

Əskişəhər Türkiyənin ən sıx əhalisi olan 25-ci şəhəridi. Əhalisi bir milyon nəfərə yaxın olan bu şəhər mət halvası, Nuğa halvası, xaşxaşlı çörəyi, çiyböyrəyi, Kalaban suyu və lülə daşıyla məşhurdur. Anadolu Universiteti və Böyükşəhər bələdiyyəsi nəzdində iki simfonik orkestr fəaliyyət göstərir. Hər il bu məkanda Beynəlxalq Əskişəhər Festivalı keçirilir ki, bu da şəhərin  musiqi, teatr və kino budaqlarının inkişafına xidmət edir. Əskişəhər 2013-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunub və bu ad ona çox yaraşır.

Qrupumuz Əskişəhərin "Odun bazarı" küçəsiylə tarixə səfər edir. Qədim binalar, qənbər döşənmiş yollar, keçmişin xatirələrini qoruyan ruhu təmiz insanlar... Əskişəhərin bu qədim küçəsi ilə İçərişəhər arasında qəribə bir doğmalıq var: bir ağacın budaqları kimi...

Səfər çərçivəsində Əskişəhər Valisi Azmi Çelik heyətimizi qəbul edir. Yunus Əmrə İnstitutunun Bakı filialının müdiri İbrahim İldırım səfərimizin məqsədi barədə valiyə ətraflı məlumat verir. Azmi Çelik Azərbaycan-Türkiyə qardaşlığından söz açır, belə layihələrin həyata keçirilməsinin vacibliyindən danışır. Bir-birimizə xatirə hədiyyəsi bağışlayandan sonra xatirə şəkli çəkdirməyi də unutmuruq.

Əskişəhərdə  Türk Dünyası Vəqfinin baş katibi Dr. Adnan Tekşenle görüşümüz də yaddaqalan olur. Tanpınarın ilk tədqiqatçılarından olan Adnan Tekşen Tanpınarın yaradıcılığının təbliğində bundan sonra da böyük layihələr həyata keçirəcəklərini qeyd edir, hər birimizə nəfis çap olunmuş "Türk Kültür Atlası" və Mehmet Akif Ərsoyun "Qurani-Kərimin şərhi" nəşrlərini bağışlayır.

Əskişəhərdə Anadolu Universiteti Türk Dünyası Təlim, Kültür və Sənət Mərkəzi sözün yaxşı mənasında bizi heyrətləndirir. Tarixdə izi olan böyük şəxsiyyətləri günümüzə daşıyan belə bir mərkəzin tezliklə ölkəmizdə də olacağına inanırıq.  

BURSADA ZAMAN 

Əskişəhərdən ayrılıb Bursaya yollanırıq.
Bursada bir köhnə məscid həyəti
Kiçik fontanda axan su.
Orxan zamanından qalma bir divar
Onunla bir yaşda qoca çinar.

Çox güman ki, Bursaya Əhməd Hamdi Tanpınara qədər və ondan sonra yüzlərlə şeirlər yazılıb, amma "Bursada zaman" səsiylə, səssizliyiylə, bütün halıyla  başqa bir zamanın Bursasıdır.

Osmanlı imperiyasının ilk paytaxtı olan Bursa əhalisinin sayına görə Türkiyənin dördüncü şəhəridi. Bu şəhərin üç milyona yaxın əhalisi var.

130 il Osmanlıya paytaxtlıq edən şəhər altı sultanın məzarını qoruyur. Şəhərin düz mərkəzində imperiyanın qurucusu Osman Qazinin at üstündə əzəmətli heykəli ucalır. Şəhərdə, həmçinin onun adını daşıyan mavzoley var.

Türkiyə iqtisadiyyatında sənaye mərkəzi kimi tanınan Bursa, eyni zamanda önəmli turizm mərkəzidir. Türklər bu şəhəri  "Yaşıl Bursa" adlandırırlar.

Əzəmətli İldırım minarəsi, "Ulu Cami",  Yaşıl Məscid, Muradiyyə qülləsi şanlı tarixin canlı şahidləridir.

Vaxt itirmədən Bursanın simvollarından biri olan Uludağa səfər edib 612 yaşlı ulu çinarı ziyarət edirik. Ulu çinarın kölgəsində İbrahim bəy bizi pendir kətəsiylə ayrana  qonaq edir. İlin ilk nübar qara tutunu, şirəli çiyələyini də burda dadırıq.

Bursanı çox sevirəm. Bəlkə ona görə ki, Bursa gözəlliyi, təbiəti və istiqanlı insanlarıyla Qarabağa oxşayır. Ruhum Bursadan Qarabağa uçur...

Bursadan bir xatirəni də sizinlə bölüşmək istəyirəm. II Murda Külliyəsinin qarşısında  yaşlı, nürani xanımla söhbət edirik. Azərbaycanlı olduğumu biləndə sevgisini gizlətmir. Dar macalda görüşüb ayrılırıq. Biz sultanların türbəsini ziyarət edib küllüyənin qarşısında yenidən görüşəndə çiynimə kiminsə əlinin toxunduğunu hiss edirəm. Həmən qadındı. Bazarlıq edib evinə dönən qadın ovcundakı iki çiyələyi mənə uzadır. Qadının hərəkətindən təsirlənirəm. Ovcumdakı çiyələklərə baxıram, bu hədiyyəni dünyanın ən qimətli hədiyyəsinə belə dəyişmərəm. Biz doğmalar kimi ayrılırıq. Axı əslində biz elə doğmayıq...

Heyətimizi Bursa Osmanqazi Bələdiyyəsinin başçısı Mustafa Dündar qəbul edir, Tanpınar yaradıcılığı ilə bağlı kitab bağlamalarını bizə hədiyyə edir. Axşam  Osmanqazi Bələdiyyəsinin əməkdaşları Kənan Kıl və Mehmet Uzun heyətimizin şərəfinə ziyafət verirlər.

Səfərimiz zamanı Əskişəhərdə Anadolu Universitetini, Konyada Səlcuq, Nəcməddin Ərbakan Universitetlərini də ziyarət etməyi unutmuruq.

Bütün yollar kimi bütün səfərlərin də sonu olur. Nağılvari səyahətimiz başa çatır.

Sonda heyətin hər bir üzvü bu layihənin və səfərin gerçəkləşməsində xüsusi əməyi olan, səfər boyu diqqət və qayğısını heç kimdən əsirgəməyən İbrahim İldırıma - bu fədakar türk oğluna  təşəkkür etdi. 

Əsərləri, ruhu ilə  Tanpınarı kəşf etsək də, Tanpınarın izi ilə gəzərkən bir həqiqəti anladıq: böyük şəxsiyyətlər sonacan kəşf olunmur...

Bakı-İstanbul-Yalova-İnegöl-Eskişehir-Konya-Eskişehir-Bursa-Yalova- İstanbul-Bakı

21-26 aprel 2017

 





09.05.2017    çap et  çap et