525.Az

İki qardaşın qeyri-adi görüşü: 41 ildən sonra...


 

İki qardaşın qeyri-adi görüşü: <b style="color:red">41 ildən sonra...</b>

Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlunun mayın 9-da 50 yaşı tamam olub. “525”in kollektivi bu münasibətlə həmkarımızı təbrik edir və əməkdaşımız Aydın Bağırovun hələ 2007-ci ildə, Rey Kərimoğlunun Ukraynada yaşayan qardaşı ilə 41 ildən sonrakı ilk və qeyri-adi görüşündən bəhs edən yazısını yenidən təqdim edirik.

***

Dekabr, 2007-ci il. Bakının Heydər Əliyev Hava Limanından Kiyevə uçan təyyarə havaya yenicə qalxmışdı ki, səfər yoldaşım - Qarabağ qazisi Rey Kərimoğlu soruşdu:

- Sən Kiyevə gedib-gəlmisən. Görən, bu təyyarə Qarabağın üstündən keçəcək?

Reyin niyə bu qədər maraqda olduğunu yaxşı anlayırdım. Axı nə vaxtsa Bakıdan İstanbula uçarkən mən də təxminən eyni sualı yanımdakı polis zabitinə vermişdim və müsbət cavab alanda, düzü, bir az sevinən kimi olmuşdum - hər halda onda özümü bir anlığa, hətta yerdən 5-6 min metr hündürlükdə olsam belə, Qarabağda hiss edirdim. Qarabağdakı kimi yox, məhz elə Qarabağda. Fərqi nədir, yerdə oldun, ya havada - Qarabağ elə Qarabağdır. 

Bəlkə də bu dəfə eyni cavabı Rey məndən gözləyirdi. Amma "yox" dedim. Çünki onun Kiyev kimi təkrarolunmaz bir şəhərə məyus halda ayaq basmasını istəmirdim. Mənə baxmayın, Qarabağ mənim üçün uşaqlıq xatirəsidirsə, Rey üçün, Rey kimi oğullar üçün təkcə xatirə yox, həm də bir neçə ildir xəyallarında yaşatdığı müqəddəs bir məbəd, məkandır - yeri də, göyü də. Nə zamansa Qarabağın təkcə torpağında yox, elə səmasında da qan tökülüb: Reyin neçə-neçə döyüşçü yoldaşı, eloğlusu ya o səmada öldürülüb, ya da o səmadan - təyyarədən, vertolyotdan atılan mərmiyə qurban gedib.

Mənim cavabımdan sonra Rey əlini qarşımızdakı kresloya qoydu. Diqqətimi barmağındakı qızıl üzük çəkdi. Çox cəlbedici idi, o dəqiqə hiss olunurdu ki, ən azı 15-20 il əvvəlin üzüklərindəndi. Hər dəfə üzüyə baxıb nədənsə çox narahatlıq keçirirdi. Elə bil salıb itirəcəyindən qorxurdu. Mənim də, bizimlə səfərə çıxan dostlarımızın da maraqlandığını görən Rey axırda özü dilləndi, hər şeyi danışdı və onda Reyin hələ neçə gündür çəkdiyi nigarançılığın, narahatlığın, Kiyevə getmək üçün uşaq kimi dəridən-qabıqdan çıxmasının əsl səbəbi də bizə tam aydın oldu. Amma indi bunu xüsusi qeyd etmək istəyirəm ki, Rey üçün çox dəyərli olan bu üzük... onun özünün deyildi...

***

Kiyevin Borispol Hava Limanından bizim üçün ayrılmış xüsusi mikroavtobusla otelə yollananda Reyin fikri yenə də barmağındakı üzüyə və Ukraynada axtardığı adamı necə tapacağına, onunla necə görüşəcəyinə qarışarkən məndə bir gün sonra Azərbaycan və Ermənistanın QHT nümayəndələrinin, jurnalistlərinin, eləcə də Dağlıq Qarabağ ermənilərinin iştirakı ilə Kiyevdə keçiriləcək beynəlxalq konfransın qalmaqalsız ötməyəcəyinə şübhələr yaranmışdı. Ən çox da Qarabağ müharibəsinin fəal iştirakçısı, davada yaxınlarını, dostlarını, yoldaşlarını itirən və bu səbəbdən Qarabağ məsələsinə hamımızdan daha həssas yanaşan Reyin Azərbaycan dövlətinin əleyhinə istənilən fikrə sərt təpki nümayiş etdirəcəyini gözləmək olardı. Gümanımızda yanılmadıq.

***

Əslində Reyin çox həyəcanlı olduğu tədbirdən bir gün əvvəl açıq-aşkar sezilirdi. Amma bu heç də ermənilərlə bir konfransda iştirak etməkdən irəli gəlmirdi. Dediyim kimi, barmağındakı o qiymətli üzük Reyi çox nigaran vəziyyətdə saxlayırdı. Otelə çatar-çatmaz Rey dərhal təcili teleqram göndərmək üçün poçta üz tutdu. Yalnız Sumks vilayətinə göndərdiyi teleqramda əlaqə telefonunu, qaldığı otelin adını yazdıqdan sonra rahatladı. Deməli, axır ki, bir tikə çörək yeyə bilərdik...

Masanı bəzəyən Ukrayna mətbəxindən və əlbəttə, Ukrayna "vodka"sından dadmamaq olmazdı. Amma Rey içmədi: "7-8 ildir dilimə araq dəymir, içki mənlik deyil". Deməyinə dedi, lakin kimin ağlına gələrdi ki, çox yox, cəmi iki gün sonra həmin Rey Kərimoğlu, arağa az qala nifrət edən Rey Kərimoğlu, artıq əlindəki o qiymətli üzüyü olmayan Rey Kərimoğlu bizdən dönə-dönə, təkrar-təkrar onun "rumka"sını ağzınadək doldurmağımızı istəyəcək, arağı birnəfəsə başına çəkəcək.

Nə baş vermişdi axı?

Dediyim kimi, üzük artıq onun əlində yoxuydu. Rey onu sahibinə vermişdi. Bəlkə də 25-30 ildir öz yolunu gözləyən sahibinə - Reyin Ukraynada hər telefon danışığında kövrələ-kövrələ, az qala göz yaşını axıda-axıda, həyəcandan gah Kamal, gah da Nikolay adlandırdığı sahibinə... Əsl adı Nikolay olan qarabağlı Kamala. Reyin 41 illik həyatında ilk dəfə gördüyü, Kərim kişinin dörd övladından birincisi, Reyin 56 yaşlı qardaşı Kamala!

Görəsən, bir insan üçün bundan fövqəladə hadisə ola bilərdimi? Biri 56, digəri 41 illik ömründə üzünü bir dəfə də görmədiyi qardaşıyla rastlaşır. Kamal - Nikolay Reylə görüşmək üçün Kiyevə təxminən 500 kilometr uzaqlıqda yerləşən Sumsk vilayətindən gəlmişdi - həyat yoldaşı, 26 yaşlı gənc oğlu və gəliniylə. Tanışlığımızı bizim 5 nəfərlik nümayəndə heyətilə bir yerdə qeyd elədik.

***

Belə bir qeyri-adi görüşün baş tutmasının maraqlı və kədərli bir tarixçəsi var. Reyin və Nikolayın atası Kərim kişi 1941-45 müharibəsində Ukraynada hərbi xidmətdə olub. Müharibə başa çatandan sonra daha üç il Ukraynada qalan Kərim Proniya adlı bir ukraynalı xanıma aşiq olur. Və bir gün hər iki sevgili evlənmək qərarına gəlir. Kərim kişi Proniyanı özü ilə Ağdamın Şıxbabalı kəndinə - Reyin və Nikolayın doğulduğu kəndə gətirir. Toy çalınır.

Amma hadisələrin acılı gedişatı göstərir ki, bu nikaha Kərimdən və Proniyadan başqa ürəkdən sevinən olmur. Şıxbabalı camaatı başqa dinin nümayəndəsi ilə evliliyi qətiyyən qəbul etmir. Proniyanın Şıxbabalı kəndinə, özü də islama yaxından bağlılığı olan bir ailəyə düşməsi narazılıq yaradır. Kənd əhalisi, Kərimin qohumları üzdə olmasa da, onu qınamağa başlayırlar. Mömin anası isə qəti tələb qoyur: bu izdivac dağılmalı və Proniya vətəni Ukraynaya qayıtmalıdır!

Amma Kərim inad göstərir, Proniyanı yanında saxlayır, bir il sonra ailədə oğlan uşağı dünyaya gəlir. Adını Tolik qoyurlar. Tolikin doğulması aranı bir az sakitləşdirir, amma cəmi bir il sonra Kərim və Proniyanın ailəsində faciə baş verir: 1 yaşlı Tolik xəstəlikdən dünyasını dəyişir.

Sükut yenə pozulur, Proniya ilə bağlı narazılıqlar başlayır, Kərim isə geri çəkilmir. Bir il də keçir, Proniya daha bir oğlan, artıq bizə tanış olan Kamalı dünyaya gətirir. Amma ailədə sevinc çox çəkmir, mənəvi təzyiqlər Proniyanı vətəninə qayıtmağa məcbur edir. Proniya Kamalı özüylə Ukraynaya aparır. Adını dəyişib Nikolay qoyurlar.

Üstündən illər keçəndən sonra Kərim kişi bir azərbaycanlı xanımla ailə həyatı qurur. Bu izdivacdan Kərim kişinin üç oğlan övladı dünyaya gəlir. Onların sonbeşiyi Rey olur.

Kərim Proniyanı və Kamalı unutmur, tez-tez Ukraynaya gedib onlara baş çəkir, bayramlarda sovqat göndərir. İllər keçir, qardaşlar bir-biriylə yalnız məktub vasitəsiylə ünsiyyət qururlar, hər iki ailənin maddi çətinliyi səbəbindən onlar bir-birilərinə baş çəkə bilmirlər.

Ermənistanla Azərbaycan arasındakı amansız müharibə Ukrayna və Azərbaycandakı qardaşların məktubla ünsiyyətində əngəl yaradır. Doğma kəndi Şıxbabalıda qanlı müharibənin getməsindən xəbər tutan Kamal odun-alovun içində qalan qardaşlarına teleqram vurur: "Vəziyyət ağırdısa, təcili Ukraynaya, mənim yanıma gəlin". Amma…

Artıq gec idi. Şıxbabalı kəndi işğal olunur, Azərbaycanın nəzarətindən çıxır, teleqram isə ünvanına çatmır. Azərbaycanın müxtəlif şəhərlərini “gəzən” teleqram yalnız Şıxbabalının işğalından bir il sonra, 1994-cü ildə Bakıda Reyə çatır. Doğma torpağını itirən, Bakıda mənəvi əzablarla üz-üzə qalan Rey bu teleqrama cavab yaza bilmir.

1996-cı ildə Reyin ailəsinə ağır itki üz verir - Reyin və Kamalın atası Kərim kişi vəfat edir. Təxminən bir ay sonra Ukraynadan Kamalın adından teleqram gəlir. Rey teleqrammın göndərilmə tarixinə baxan kimi anlayır ki, bu teleqram da əslində Şıxbabalıya göndərilib, Kamalın doğma kəndlərinin işğalından hələ də xəbəri yoxdur. Azərbaycanı qarış-qarış “gəzən” və 1995-ci ildə göndərilən bu teleqramda isə Kamal bu sözü yazır: “... Otets, mama umerla!”

***

Rey qardaşı haqda tanışlıq tostunda yarırus, yarıazərbaycanca həyəcanla danışmağa başladı: "Kamal, Nikolay... Za tvoye zdorovye. Kamal Şıxbabalıda doğulub, üç aylığına qədər Ağdamda yaşayıb. Naş mentalitet... Papam əsgərlikdə olanda burda ukraynalı bir xanımla evlənib, sonra kəndə gəliblər... Nə bilim, papamın nənəsi narazıymış. Sonra boşanıblar. Kamalnan da anası Ukraynaya qayıdıblar...”

Hərə bir tost dedi. Maraqlı sağlıqlarıydı. Bir sağlıqda isə Kamala xitabən deyildi: "Siz ukraynalıya qətiyyən oxşamırsınız. Sizi görərkən gözümdə Qarabağ kişisi canlanır..." Qarabağ adı gələndə Rey kövrələn kimi oldu, Kamala və onun ailəsinə ancaq Qarabağ barəsində - Şuşa haqda, Ağdam haqda danışmağa başladı. Axırda cibindən mobil telefonunu çıxarıb stolun üstünə qoydu, oradan bir musiqi seçdi və əsl azərbaycanlı aksentilə dedi: "Seyças mı budem posluşat pesnyu "Bayati-Şiraz". Eto ağdamets Tacir poyot. Pravda, vı ne smojete ponimat eto. Korotko skaju şto "Bayatı-Şiraz" neofisialnıy qimn karabaxtsev..."

Rey qardaşı Nikolayı Kiyevdən Qarabağa xəyalən bax belə aparırdı - "Bayatı-Şiraz"ın sədası altında... Onsuz da əvvəldən sakit olan Kamal bundan sonra daha da donub qaldı. Üzünü Reyin simasından ayırmırdı. İki qardaş gözlərini bir-birlərinə dikmişdi. Hər ikisi şokdaydı, hər ikisi ilk dəfə görüşürdü. Nikolayın ukraynalı xanımı Olya sağlıq deyəndə isə bu dəfə gözüm onun əlindəki üzüyə sataşdı. Təyyarədə Reyin barmağına tağdığı həmin üzük idi. Kərim kişinin ilk oğlu Kamal üçün aldığı üzük, əvvəl Kamala, sonra Kərim kişinin ukraynalı gəlini Olyaya çatacaq üzük...

***

Nikolay və ailəsilə görüş başa çatandan bir saat sonra biz artıq oteldən ayrılıb Kiyev aeroportuna gedirdik. Rey bu görüşdən təsirləndiyini deməklə bərabər, bir gün əvvəlki konfrans zamanı ermənilərlə bizim aramızda qanımızı qaraldan insidenti də yada salırdı. Artıq çox şən əhvalda və beyni bir az dumanlı olan Rey zarafatlarından da qalmırdı: "Heyf ki, Seymur Baycan biznən deyil. Konfransda olsaydı ,15 bıçağı erməniyə, 15-ni də Seymura vurardım. Gələndə də deyərdim ki, ermənini Seymur, Seymuru da erməni öldürüb. Seymur da olardı qəhrəman..."

***

Təyyarəylə Bakıya qayıdanda da Rey qardaşı Nikolay haqda düşünürdü. Yenə əlini qarşıdakı kresloya qoydu. Barmağında Kərim kişinin Kamala çatacaq üzüyün yeri qalmışdı. 

... Rey üzüyün izi qalan yeri öpüb gözünün üstünə qoydu...

Aydın BAĞIROV

Noyabr, 2007-ci il

 





10.05.2017    çap et  çap et