525.Az

ADPU-da Heydər Əliyev anıldı


 

ADPU-da Heydər Əliyev anıldı<b style="color:red"></b>

Mayın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının və Heydər Əliyev Muzeyinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Muzeyinin direktoru Sahilə Nəcəfova bildirib ki, bugünkü tədbirin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, geniş təbliğ olunması, tələbələri Heydər Əliyevin həyat və fəaliyyəti ilə daha yaxından tanış etməkdir.

ADPU-nun rektoru Cəfər Cəfərov bildirib ki, bu gün H.Əliyevin anadan olmasının 94-cü ildönümü tamam olur. Yubiley həm də hesabat deməkdir.

Ölkəmizdə Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən çoxsaylı tədbirlər keçirilir.

ADPU-da da həm ümumuniversitet miqyasında, həm də fakültələrdə bu münasibətlə müxtəlif tədbirlər keçirilir. Bizim üzərimizə böyük məsuliyyət və vəzifələr düşür. ADPU-nun ölkəmizin ali təhsil sistemində xüsusi yeri və mövqeyi var. ADPU ölkədə pedaqoji kadr hazırlığının mərkəzi hesab edilir. Universitetimizin tələbə-gəncləri daim öz bilik və bacarıqlarını artırmalı, aparıcı xarici dilləri öyrənməli, Heydər Əliyevin yüksək ideallarına sadiq qalmalı, Onun həyat və fəaliyyətini, zəngin idarəçilik, dövlətçilik təcrübəsini dərindən öyrənməlidirlər.

Rektorun müşaviri Vilayət Əliyev çıxış edərək H.Əliyevin milli xilaskar, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, qüdrətli dövlət rəhbəri olduğunu bildirib.

Tədbirdə Azərbaycan tarixi kafedrasının müdiri Naibə Əhmədova “Heydər Əliyev və müəllimlik peşəsi” mövzusunda məruzə ilə çıxış edib.

Bildirib ki, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə H.Əliyev təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, vətənin, xalqın tərəqqisində onların roluna yüksək qiymət verib. Cəmiyyətimiz sürətlə inkişaf edir, təhsilin keyfiyyəti, inkişafı istiqamətində mühüm addımlar atılır. ADPU-da istər təhsil, istərsə də elmi-tədqiqat sahəsində aparılan böyük işlər bizə bunu deməyə əsas verir. Universitetimizdə təhsilin keyfiyyətini artırmaq məqsədilə pedaqoji kadr hazırlığına xüsusi diqqət yetirilir.

Tədbirdə “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda çıxış edən Azərbaycan tarixi kafedrasının professoru Xəqani Məmmədov qeyd edib ki, xalqımızın dövlət müstəqilliyinin maddi-mənəvi amilləri, milli şüur və milli özünüdərkin inkişaf etdirilməsi düşünülmüş şəkildə formalaşdırılıb.

S.QARAYEVA

 





10.05.2017    çap et  çap et