525.Az

Müharibə veteranlarına qayğı dövlət siyasətinin əsas istiqamətlərindəndir


 

AYDIN MİRZƏZADƏ: "AZƏRBAYCAN ÖVLADLARININ HEÇ VAXT YADDAŞLARDAN SİLİNMƏYƏN QƏHRƏMANLIQ VƏ ŞÜCAƏTİ GƏNC NƏSİL ÜÇÜN ƏSL VƏTƏNPƏRVƏRLİK NÜMUNƏSİDİR"

Müharibə veteranlarına qayğı dövlət siyasətinin əsas istiqamətlərindəndir<b style="color:red"></b>

Məlum olduğu kimi, mayın 9-da Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə Bakıda təntənəli mərasim keçirilib.

AZƏRTAC-ın məlumatına görə, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İkinci Dünya müharibəsinin veteranları ilə görüşüb, onları böyük qələbə münasibətilə təbrik ediblər.

Müharibə veteranları isə prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya göstərdikləri yüksək diqqətə və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Bundan başqa, ölkə rəhbəri İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə görüşüb, qələbə günü münasibətilə onları təbrik ediblər.

Mərasimdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Ölkəmizdə qələbə günü ilə bağlı dövlət səviyyəsində keçirilən tədbir barədə fikirlərini bildirən Yeni Azərbaycan Partiyasının İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki,  Azərbaycan faşizm üzərində tarixi qələbəyə mühüm töhfələr verib: "Bu şanlı qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb.

Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir".

Deputat bildirib ki, xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib: "İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçan 7 min hərbi təyyarənin yanacaq təchizatında mühüm rol oynayıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib".

Dövlət tərəfindən müharibə veteranlarına göstərilən dövlət qayğısından danışan A.Mirzəzadənin sözlərinə görə, ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb: "Məhz ulu öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 may qələbə günü kimi qeyd olunur".

Deputat vurğulayıb ki, Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır: "Qələbə bayramı ərəfəsində prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb. Bütün bunlar bir daha göstərir ki, müharibə veteranlarına qayğı və diqqət Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir".

Ceyhun ABASOV

 





11.05.2017    çap et  çap et