525.Az

"İslam həmrəyliyi ili"nin elanı Azərbaycan multikulturalizminin məntiqi davamıdır"


 

ALMANİYADA "HEYDƏR ƏLİYEV- GƏNCLİK - MULTİKULTURALİZM" MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS BAŞLAYIB

"İslam həmrəyliyi ili"nin elanı Azərbaycan multikulturalizminin məntiqi davamıdır"<b style="color:red"></b>

Mayın 10-da Almaniyanın Auqsburq şəhərində Azərbaycanın Gənc Dostları Klubunun təşəbbüsü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Auqsburq Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş "Heydər Əliyev- gənclik - multikulturalizm" mövzusunda ikigünlük beynəlxalq nəzəri-praktik konfrans öz işinə başlayıb.  

Azərbaycanın Gənc Dostları Klubunun ideyası əsasında gerçəkləşən konfransa "Logen Haus" sərgi zalında "Heydər Əliyev və gənclik" foto-sərgisi ilə start verilib. Azərbaycanın Gənc Dostları Klubunun həmsədrləri-Litva Pedaqoji Universitetinin elmi işçisi Salomeya Lukayte və Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təqdimatı ilə Ulu Öndərin ömür yolunu əks etdirən xatirə fotoşəkilləri sərgilənib.

Auqsburq Universitetinin Germanistika kafedrasının müdiri professor Alfred Vildfoyer tədbiri açaraq konfransın keçirilməsinin məqsədini açıqlayıb: "Bu konfransın keçirilməsində  əsas məqsəd Azərbaycan multikulturalizminə ən yüksək siyasi qiymət verən və onu hüquqi müstəviyə qaldıran, eyni zamanda, gəncliyin dostu və etibarlı dayağı olan Heydər Əliyevə bəslənilən ehtiramı beynəlxalq səviyyədə ifadə etməkdir. Həmçinin Avropa, Asiya və Amerikada yaşayan Azərbaycanın Gənc Dostları Klubunun üzvlərinin vasitəsilə multikulturalizmi, tolerantlıq ideyalarını daha geniş təbliğ və təşviq etmək, dünyada sülhün bərqərar olmasına töhfə verməkdir".

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev konfrans iştirakçılarını salamlayaraq Azərbaycanın Gənc Dostları Klubuna və Auqburq Universitetinəbu beynəlxalq konfransın təşkilində göstərdikləri səylərə görə minnətdarlığını bildirib və ölkəmizi sevən gəncləri yenidən bir arada görməyindən məmnunluğunu ifadə edib: "Biz sizin bəzilərinizlə Azərbaycanda bir neçə dəfə görüşmüşük. Sizin Azərbaycandakı dövlət siyasəti, multikultural ənənələr  və tolerantlıq mühiti haqqında əyani təsəvvürləriniz var. Bu gün Azərbaycan multikulturalizmi fənni dünyanın 20-yə yaxın universitetində tədris edilir ki, onlardan biri də Auqsburq universitetidir. Dünyanın multikultural mərkəzlərindən sayılan, konfessiyalar arasında sülh, harmoniya axtaran qədim bir şəhərdə bir araya gəlmənizin Azərbaycan üçün böyük önəmi var. Çünki Azərbaycan multikulturalizmi sadəcə özü -özünü təbliğ etməklə kifayətlənə bilməz. Biz sizinlə birlikdə dünyanın multikulturalizm mərkəzlərini öyrənməli, insanların multikultural əhvala verdikləri qiyməti və bu yolda cəkdikləri zəhməti bilməliyik. Əgər bu gün Azərbaycan dünyada multikultural  mərkəzlərindən biri kimi tanınırsa, bu həm də bizim Auqsburqu yaxşı tanıdığımızdan irəli gəlir. Azərbaycan Prezidenti 2016-cı ili ölkəmizdə "Multikulturalizm ili" elan etmişdi və bu gün də bu xətt dövlət siyasəti olaraq həyata keçirilir. Prezidentin növbəti sərəncamı ilə 2017-cil ilin Azərbaycanda "İslam həmrəyliyi ili" elan edilməsi Azərbaycan multikulturalizminin məntiqi davamıdır. İslam həmrəyliyi anlayışı özündə həm islamdaxili həmrəyliyi, həm də islamla digər konfessiyalar arasında olan harmoniyanı ehtiva edir. Bu harmoniyanı məhz gənclər axtarıb tapmalı və həyata keçirməlidir. Bu mənada dünyanın dörd bir tərəfindən gələn və ölkəmizdən də onlara qatılan bu gənclər Azərbaycan multikulturalizminin varisləridir. Biz dünyamıza yeni nəfəs gətirməliyik. Bu- mərhəmətdir, şəfqətdir, sevgidir, başqasına hörmətdir.

Azərbaycanda multikultural  harmoniyanın əsasını Ulu öndər Heydər Əliyev qoyub. Onun gəncliklə və multikulturalizmlə baglı ideyaları bu gün inkişaf edir və gələcəyi olan ideyalardan sayılır. Bizim 10 may tarixində buraya yığışmağımızın simvolik mənası həm də ondan ibarətdir ki, bu gün Ulu öndərin doğum günüdür. Onun xatirəsini belə gözəl bir təşəbbüslə, dərin ehtiramla yad etdiyiniz üçün konfransın təşkilində əməyi olan bütün dostlarımıza təşəkkür edirik.Əgər Azərbaycanı bütövlükdə öyrənmək istəyirsinizsə, bu böyük şəxsiyyətə, onun şərəfli və zəngin ömür yoluna müraciət etmədən bu mümkün deyil və düşünürəm ki, bu konfrasın təşkili ilə biz Azərbaycanı anlamaqda doğru bir yoldayıq. Biz Auqsburqda Azərbaycan multikulturalizmini təbliğ etməklə, həm də Azərbaycanda Auqsburqu təbliğ edirik. Bu işdə hamınıza uğurlar arzulayıram. Bu konfrans boyu sizi maraqlı görüşlər, təqdimatlar, tarixi, ədəbi və elmi mövzularda məruzələr gözləyir.İnanıram ki, bu konfransdan, Auqsburqdan unudulmaz təəssüratlarla ayrılacaqsınız".

Tədbirdə Auqsburq Universitetinin professoru Klaus Volf  konfransın Bavariya kimi müxtəlif mədəniyyətlərin, dinlərin və etnosların birgə dinc yanaşı yaşaması sahəsində zəngin təcrübəyə malik federal əyalətdə keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib.

Salomeya Lukayte bildirib ki, layihəyə Azərbaycanın ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı İslam Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetindən 6 tələbə, 17 xarici ölkə universitetindən Yunanıstan, Litva, Rusiya, İndoneziya, Estoniya, İsrail, ABŞ, Portuqaliya, Türkiyə, Bolqarıstan, İtaliya, Polşa, Almaniya, Gürcüstan, İsveçrə, Makedoniya, Çexiya, Rumıniya və Efiopiyanı təmsil edən, Azərbaycanın Gənc Dostları Klubunun üzvü olan 25 tələbə bu tədbirə qatılaraq Azərbaycanın multikulturalizm modeli, ölkədəki tolerant mühit və bu istiqamətdəki uğurlu dövlət siyasəti haqqında fikirlərini, eyni zamanda, təəssüratlarını bölüşmək üçün bir araya toplanıb. Bu konfransın keçirilməsi dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanın Gənc Dostlarının növbəti mənəvi birliyinin parlaq təcəssümüdür".

Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, BBMM-in Drezden filialının rəhbəri Birgit Vaysgerber, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və s. çıxış ediblər.

Müzakirələrdən sonra Auqsburq şəhərindəki sinaqoq, müqəddəs Anna kilsəsi və Bobinqen müsəlman məscidinin dini icmalarının nümayəndələri ilə görüş keçirilib.

Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının tərkib hissəsi - multikulturalizm

Multikulturalizm, multikultural cəmiyyət son vaxtlar tez-tez müraciət olunan müasir dövrün ən aktual problemlərindən biridir. Multikulturalizm (ingilis dilindən tərcümədə "çoxlu mədəniyyətlər" deməkdir) sosial mədəni davranışın və müvafiq siyasi strategiyanın modeli kimi də nəzərdən keçirilir. Multikulturalizm-çox mədəniyyətlilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür. Çox mədəniyyətlilik - müxtəlif həyat tərzləri, inam və dəyərlər, habelə onların bədii təcəssümü deməkdir. Bunlar, bir qayda olaraq bir nəsildən digər nəslə ötürülür, lakin toxunulmazlıq, dəyişməzlik xüsusiyyəti daşımır, zaman keçdikcə mədəniyyətlər dəyişir, yeni dövrə uyğunlaşır, yeni forma kəsb edir. Müasir dövrün qloballaşma prosesləri müxtəlif mədəniyyətlərin nümayəndələri arasında ünsiyyət və əlaqə səviyyəsini yüksəltdiyindən mövcud cəmiyyətlər daha multimədəni olub.

Azərbaycanda multikulturalizm modeli formalaşıb. Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq hüququna malik olması nəzərdə tutulur.

 Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında ulu öndər Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilib.

Ümummilli lider Heydər Əliyevin siyasəti nəticəsində ötən əsrin 90-cı illərindən Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri bərpa edilib. Müstəqilliyimizin ilk illərində xalqın istəyi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev respublikamızda dini etiqad azadlığının təminatçısı, milli-mənəvi dəyərlərin qoruyucusu olub. Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıdışından sonra millətlərarası münasibətlər siyasətini demokratik prinsiplər əsasında inkişaf etdirmək istiqamətini əsas götürərək, azsaylı xalqların hüquq və azadlıqlarını qorumağı dövlətçilik quruculuğunun ümdə vəzifəsi kimi qarşıya məqsəd qoyub.  

 Azərbaycan Respublikası polietnik dövlətdir. Xalq- dövləti təşkil edən etnosdan bir sıra milli azlıqlardan: udilər, ingiloylar, qrızlar, xınalıqlılar, buduqlular, tatlar, talışlar, ləzgilər, xələclər və digərlərindən təşkil olunub. Respublikamızda digər dövlətlərin nümayəndələrindən olan ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar, tatarlar və başqaları da yaşayırlar. Lakin çoxsaylı etnosların Azərbaycan ərazisində yaşamasına və etnik tərkibin müxtəlif olmasına baxmayaraq, heç bir etnik qrup minilliklər ərzində Azərbaycan ərazisindən digər ərazilərə köçürülməyib. Bu, tolerantlıq keyfiyyətinin Azərbaycan xalqının etnik tərkibindən irəli gəldiyini, həmçinin bu ərazilərdə mövcud olmuş sivilizasiyaların dözümlülük mədəniyyətinə malik olduğunu sübut edir.

Heydər Əliyev Azərbaycanda yaşayan milli azlıqlara, dini icmalara həmişə hörmət və ehtiramla yanaşmış, onların dini bayramlarını təbrik etmiş, adət-ənənələrinə qayğı göstərmişdir. İştirak etdiyi bütün beynəlxalq tədbirlərdə tolerantlıqla bağlı fikirlərini bildirmiş, indiki qloballaşma şəraitində dinlərarası, mədəniyyətlərarası dialoqa həmişə üstünlük vermişdir.

Qeyd etmək lazımdır ki, müstəqil Azərbaycanda multikultural dəyərlərin formalaşmasında Heydər Əliyevin azərbaycançılıq ideologiyası əvəzsiz rol oynayıb. 1993-cü ildə Azərbaycan dövlətini parçalanmadan qurtarmış ümummilli liderin uğurlarının kökündə məhz azərbaycançılıq ideyası dayanırdı. Həmin dövrdə respublikada milli-etnik ixtilaf, bölücülük tendensiyası ayrı-ayrı bölgələrdə özünü daha qabarıq göstərirdi. Belə bir zamanda xalq dinindən, etiqadından və etnik bölgüsündən asılı olmayaraq Heydər Əliyevin azərbaycançılıq ideyası ətrafında birləşdi.

Akademik Ramiz Mehdiyev azərbaycançılığı milli ideologiyanın kamil nümunəsi hesab edərək yazırdı ki, azərbaycançılığın məzmunca mahiyyətini müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi şəkildə vəhdəti təşkil edir. Azərbaycançılıq keçmiş tarixi dövrlərin mifologiyasını, mədəni kodlarını və rəmzlərini mənimsəyərək onlardan yeni ideyaları əsaslandırmaq və milli dövlətin inkişafının yeni vektorunu müəyyənləşdirmək üçün istifadə edir. İndi o, cəmiyyətimizdə ən qurucu və dinamik qüvvədir. Azərbaycançılığın gücü həm də bundadır ki, o, fərdi maraqları və meyilləri dövlətin siyasəti ilə birləşdirməyə və xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamağa qadirdir.

Ümummilli lider Heydər Əliyev multikulturalizm siyasətinə hər zaman ölkəmizin demokratik inkişafının ayrılmaz tərkib hissəsi kimi baxıb. Azərbaycanda multikultural dəyərlər ulu öndərin siyasi iradəsinin nəticəsində Azərbaycanın tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrinin yenidən bərpası zəminində mümkün olub.

Multikulturalizm, qeyd olunduğu kimi, müxtəlif mədəniyyətlərin mövcudluğu zəminində onların qorunması, inkişafı qayğısına qalınmasını özündə ehtiva edir. Müxtəlif mədəniyyətli xalqların, etnosların vahid cəmiyyətdə və dövlətdə dinc-yanaşı yaşamaşı və birgə fəaliyyət göstərməsi multikultur dəyərlərin göstəricisidir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlülük) prinsipi hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunub. Azərbaycan Respublikasının Konstitusiyanın ikinci bölməsinin III fəslinin 25-ci maddəsinin 3-cü bəndində deyilir:"...İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini,dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır" ("Bərabərlik hüququ", maddə 25, bənd 3). Azərbaycan Respublikasının Konstitusiyası ölkə əhalisinin tərkib hissəsi olan azsaylı xalqların milli mənsubiyyət hüququnun qorunmasını əsas götürərək, ikinci bölmənin III fəslinin 44-cü maddəsində göstərir: "Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz" ("Milli mənsubiyyət hüququ", maddə 44, bəndlər 1, 2). Etnosun əsas atributlarından olan dil hüququnu da Azərbaycan Respublikasının Konstitusiyası qoruyur və dövlətin ali qanununun ikinci bölməsinin III fəslinin 45-ci maddəsində deyilir: "Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır.Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz"("Ana dilindən istifadə hüququ", maddə 45, bəndlər1, 2).

Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu bir məkan kimi, ayrı-ayrı millətlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşadığı bir ölkə kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqı həmişə burada yaşayan millət, din və mədəniyyətlərin müxtəlifliyi ilə fəxr etmiş, müdrikcəsinə düşünmüşdür ki, hər bir insan ölkənin vətəndaşı olmaqla, onun səciyyəvi xüsusiyyətlərini daşıyan, inkişaf etdirən və həmçinin mədəni özgürlüyünü və milli özəlliyini qoruyan vahid bir ailənin üzvüdür.

Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olaraq Prezident İlham Əliyevin uğurlu daxili siyasəti nəticəsində azərbaycançılıq ideyası ölkədə yaşayan bütün etnik qrupların vahid ideyasına çevrilmişdir. Onsuz insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyildir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan olunmuşdur. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. Prezident İlham ƏliyevAzərbaycanda multikulturalizmə münasibət bildirərək deyib: "Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Qeyd etməliyəm ki, artıq tarixi keçmişimiz də bunu diqtə edir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir". Respublikamızda yaşayan etnik etnonimlər - xınalıq, tat, kürd, talış, udin, avar, ləzgi, qırız, buduq və b. multikulturalizmin daşıyıcılarıdır. Məhz onların birliyi ölkəmizdə dövlət siyasətinin aparıcı istiqamətlərindən biridir, xalqımızın alternativsiz həyat tərzidir, bütövlükdə Azərbaycanın zəngin mənəvi sərvəti və toxunulmaz xəzinəsidir. Bir sözlə, Azərbaycan multikultural durumunun dünyaya açılan aynasıdır".

Azərbaycan xalqının humanistliyi ondan ibarətdir ki, əsrlər boyu və bu günə qədər də azsaylı etnik azlıqları qoruyub saxlaya bilmişdir. Bu isə, bugünkü rəngarəngliyi sübut edir. Tarix dünyaya vahid dövlət çərçivəsində müxtəlif etnik və dini qrupların dinc yanaşı yaşamasının mövcudluğunun nadir nümunəsini vermişdir. Azərbaycan xalqı qədim dövrlərdən bəri zorakı assimilyasiya üsulları tətbiq etmədən öz vətəndaşlarına vətənpərvərlik, qarşılıqlı hörmət və millətçiliyin hər hansı formasını tanımamaq hissləri aşılamışdır. Ölkəmizdəki multimədəniyyət çoxdan başa çatmış faktdır və assimilyasiya prosesi burada tamamilə könüllü əsasda baş verir.

Bu gün Azərbaycan multikulturalizmi modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur. Əsl həqiqət budur ki, ölkəmizdə yaşayan tarixi köklərə malik multikulturalizm daha da inkişaf edir, yeni pozitiv çalarlarla zənginləşir. Bu gün ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu tolerantlıq prinsipləri və mədəni müxtəlifliyə hörmətə əsaslanan yeni sivilizasiyalar və mədəniyyətlərə başqa bir alternativ qəbul etməyən bir cəmiyyətdə yaşayırıq. Multikulturalizm məhz azərbaycançılıq ideologiyasının təntənəsinin bariz nümunəsi və bütün dünyada sülhün qorunması üçün ən yaxşı zəmanətlərdən biridir.

Aygün EYVAZLI
Kulturologiya üzrə fəlsəfə doktoru ADMİU-nun "Kulturologiya" kafedrasının baş müəllimi

 





11.05.2017    çap et  çap et