525.Az

Məsihağa Məhəmmədi üçün triptix (şeirlər)


 

Məsihağa Məhəmmədi üçün triptix  <b style="color:red">(şeirlər)</b>

1. Bir görüş sonrası 

 

“Külək yatıb”- dedin. Məni diksindirdin.

Vərdiş etdiyimiz cümlənin son hissəsiylə-

indi görünməyən, olmayan təbiət hadisəsiylə

mənim qohum olduğumu asanca bildirdin.

 

Bunu indi xatırladım. Mən indi daha çox xatirəyəm.

Hara baxsam, hara dönsəm arxada yalnız keçmişdir,

hətta arxadakı göydələn belə az əvvəl keçilmişdir,

yəni, ən yaxın tarixdir də söyləyə bilərəm.

 

Yenə bu feli qafiyələr. Yalnız onlar yüzə-yüz düzdür.

Yenə dar səkilərdə kimsəsiz adamı ötürən addım səsləri-

üstəgəl onların əksləri, göydələnin sancıldığı səma yastığında

qızılı xallardan parıltılarını çıxsan belə azdır. Təklik heç vaxt çoxalmır.

 

Külək yatıb. Yazdır. Yenə günəş doğacaqmı bir sabah?

Batacaqmı? Gələcəkmi arxasından yeni günlər, kim bilir?

Yatıb külək. Oyaq uşaq pəncərədə bir çiçəyi dindirir,

qığıltıya qoxusuyla gülümsəyir ətirşah.

5 iyun, 2009

 

 

2. Səttarın Məsihağaya dediklərindən

 

Öləndən sonra adamdan şəkillər və xatirələr qalır,

onların hasilindən və cəmindən dirilik heç cürə alınmır.

“Vətən! Vətən!” deyib dili qabar olan babamın

rəsmi önündə durmaqdan başqa mənə indi bir şey qalmır.

 

İtirdiklərimiz bizi həmişə yandırır,

çünki heç nə itmir, çünki bu dünyada hər şey həmişə yanımızdadır;

sağımızda,solumuzda, başımızın üstdədir;

tikanlı məftillər elə tikanlı bəhanədir-

bunu anlayanda isə gec olur.

Yəni, demək istəyirəm ki, biz bir-birimizi sevmirik,dostum,

və biz heç nəyin fərqində deyilik.

 

Məsələn, günəş,o mənim həyatımda

12131 dəfə doğub, hesablamışam.

Qəribədir, üst-üstdə yığsam,

mən ona heç 1000 dəfə düz-əməlli baxmamışam.

 

Hə, qəribədir dünyanın işləri, bilirsən,

qızım on beş aylığında gördü Bakını, mən- otuz üç yaşımda,

Vətəni tanımaqda qızımla həmyaşıd olduq dünən.

 

 

Dünən oteldə, qızım qucağımda güzgüyə baxırdıq,

qürrələnirdik.

Amma fərqliydi bu sevinclər: qızım mənimləydi deyə sevinirdi,

mən birgəlikdən çox diriliyə.

Sonra lap az, azca da Vətəndə olmağın sevinci vardı içimdə.

Bunu anladım və pis oldum, Məsih. Görəsən, niyə

güzgülər bizi belə asanlıqla göstərdilər,

çoxatdılar, topdan etdilər?

Mənanı ustalıqla həm gizlətdilər, həm də faş etdilər!?

 

Küçələrdən, binalardan, evlərdən asılan

dini rəhbərin şəkli

hələ də məni diksindirir, təqib edir.

Hamı şəkillə şəkil çəkdirir, ona sakitcə təzim edir.

Hər şey satılır bu ölkədə, satılırsa-demək alınır,

şəkil bizə bizi satmağı təklif edir:

be sobut nist lozum.

İndi, tacir dükanlarında insan qəlbi həmişə endirimdədir,

satılan şeyin üstündə o adi bir peşkəşdir,

hədiyyədir, dostum.

 

O şəklin biri də bizim evdədir.

Bilirsən, şəkil, hər dəfə ona baxmaqçün

sayğı duruşu tələb edir.

Mən o şəklin şüşəsində diriliyə,

mütiliyə nifrət etdim, Məsih.

 

Onun riyakar, hökmlü və iti baxışı, saqqalı

xirtdəyimə dirənmiş ülgücü xatırladır,

“rədd ol!” əvəzinə məni xırıldadır.

 

İllərdir ki, hər gecə əqrəblər cütləşir, Ay doğur,

amma o məni qadınımla olmağa sanki qoymur.

Mən qadınıma hər dəfə demək istəyirəm: gözəlim!..

Şəkilsə sanki pıçıldayır: to mesle aftab zibayi...

 

Sənin dilin dildir, mənimki zəban,

sənin dünyada Vətənin vardır – Azərbaycan,

mənim bu cahanda didərgin Təbrizim, Ərdəbilim.

Sənin sözün sözdür, ağzın ağız, məndə yalnız dəhan,

onu da vəsf ediblər orta əsrlərdə.

 

Sözlər bitmir, dostum, onlar bizi atıb gedirlər,

qızımla məni qoyub gedən qadınım kimi,

Pirərvan yolunda, qumluqda, üfüqdə qaralıb itən köçlər,

yazsan əgər, elə o sətirlər kimi.

Mən də sözəm, Məsih və yəqin sabah çıxıb gedəcəm.

7-8 iyun,  2009

 

3. Gəzinti

 

Məsihağa müəllimin 50 yaşına

 

Biz o gün üzü axşama doğru düz iki saat sərasər

sahilboyu dayanmadan bərabər addımladıq,gəzdik.

Yollar daha yorğundu, çoxlu yolçular görmüşdü çünki.

Sənə “abi” dedim- zarafatla, “ustad” dedim-ciddi-ciddi,

sən də zarafatla mənə “bəradər” deyib gülümsədin.

 

Bilmirəm, dənizin üzərində ayın gümüşü çevrəsi

hansı pərgarla cızılmışdı; və  o axşamüstü

qağayıların harayında səsin sürəti uçuşun sürətinə

                                              qədər necə düşmüşdü?

Bunları soruşdum.  – Bax,- dedin,- onların işığa

                                                boyanmış qanadına...

İşığın quş sürətilə uçduğunu göstərdin, yəni,

asta-asta – yavaşcadan...

 

–Görmək bəs etməzmi bu ecazları,

bu təşbehləri və  məcazları neynirsən, axı?

Bizim gördüklərimizdə daha çox görə bildiklərimiz var...

Həyat bir nəfərlə azalmazsa da, bir nəfərdə mütləq az olar.

 

Acmışdım. Evə tələsirdim. Dedin ki,

seirdə, sözdə də vacibdir oruc və pəhriz.

O axşam iftar süfrəsi açdın, Məsih.

Şəfqət dolu sükutla gülümsəyirdilər,

başda əyləşmişdilər: Xaqani, Hafiz,

Sədi, Şəhriyar və Sepehri.

Hamı da sənin səsinlə danışdı o axşam...

7 aprel, 2013

 





06.05.2013    çap et  çap et