525.Az

Kiyevdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş simfonik konsert


 

Kiyevdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş simfonik konsert <b style="color:red"></b>

Kiyevdə Ukrayna Milli Flarmoniyasının böyük konsert salonunda ümummili lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş simfonik konsert keçirilib.

Azərbaycanın Ukraynadakı Səfirliyindən verilən məlumata görə, Ukraynanın dövlət və hökumət rəsmilərinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin, xarici diplomatik korpus rəhbərlərinin və diaspora fəallarının iştirak etdiyi gecədə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək, müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.
 
Onun müdrik dövlətçilik strategiyasının prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayan səfir Azərbaycanla Ukrayna arasında tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib.

Rəsmi hissədən sonra Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu və Ukrayna Milli Akademik Simfonik Orkestrinin ifasında Fikrət Əmirovun əsərlərindən ibarət maraqlı konsert proqramı təqdim olunub. Daha sonra simfonik orkestrin müşaiyyətilə xalq artisti Fərhad Bədəlbəylinin pianino ifasında səslənən "Azərbaycan kapriççiosu", "Ərəb mövzusunda fortepiano üçün konsert" və digər Azərbaycan klassiklərinin əsərləri ukraynalı musiqisevərlər tərəfindən böyük alqışlarla qarşılanıb.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə may ayının 12-də Kiyev şəhərindəki Heydər Əliyev adına parkda ulu öndərin xatirəsinə həsr olunmuş 1-ci etno-caz festivalı, may ayının 18-də isə Borispol hava limanında Azərbaycanın qədim və zəngin mədəniyyətini özündə əks etdirən gecə keçiriləcək.

Ceyhun ABASOV

 





12.05.2017    çap et  çap et