525.Az

Azərbaycan atçılığının zəngin tarixi Vindzora qayıdır


 

Azərbaycan atçılığının zəngin tarixi Vindzora qayıdır<b style="color:red"></b> Mayın  10-14-də Britaniya monarxlarının şəhər kənarındakı iqamətgahı sayılan Vindzor qəsrində ənənəvi Kral Vindzor At Şousu keçirilir. Avropa Azərbaycan Cəmiyyəti (TEAS) artıq altıncı ildir ki, tədbirə dəstək verir.
 
TEAS-dan APA-ya bildirilib ki, 2016-cı ildə TEAS-ın təşkilatçılığı ilə Azərbaycan xalqının dünya atçılığına bəxş etdiyi, xüsusi cins olan Qarabağ atları Britaniya Kraliçası II Elizabetin 90 illik yubiley tədbirlərində möhtəşəm şou proqramla təmsil olunub. Cəmiyyətin direktoru Lionel Zetter bildirir ki, Kral tədbiri ilə əlaqəli olmaq hər zaman qürurverici bir haldır.
 
"Vindzor At Şousu Kral Ailəsi və Britaniya ictimaiyyətinin ən çox sevdiyi tədbirlərdəndir. Böyük Britaniyada atçılıq ənənələri Azərbaycandakı qədər qədimdir və hər il keçirilən bu tədbir həmin ortaq məhəbbəti nümayiş etdirməyə imkan yaradır” - deə, o, əlavə edib.
 
Qeyd edək ki, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet dünyanın ən məşhur mahir atçılarından biridir. İlk atı ona dörd yaşında hədiyyə ediblər. Altı yaşında isə miniciliyə başlayıb. Kraliçanın 87 il minicilik təcrübəsi var. O, Cins At Yetişdirənlər Assosiasiyasına himayə edir.
 
Dünyada atçılığın, atların əhilləşdirildiyi ilk regionlardan biri də Azərbaycandır. Azərbaycan xalqının dünya atçılığına bəxş etdiyi, xüsusi cins olan Qarabağ atları yaxşı xasiyyəti, sədaqəti, gücü və sürəti ilə tanınırlar. Bu növ atlardan qədim Azərbaycan oyunu olan, polodan əvvəl yaranmış, çovqan oyununda da istifadə olunur. Bu oyun UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. Kraliça II Elizabetə 1956-cı ildə hədiyyə edilən “Zaman” ləqəbli Qarabağ atı London qəsrinə gətirilmiş ilk Azərbaycan cinsi kimi tarixə düşüb. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində onun vətəni işğal edilib. Hazırda atlar Ağdam At Zavodunda yetişdirilir. Qarabağ atları təhlükə altında olan at cinsi sayılır.
 





12.05.2017    çap et  çap et