525.Az

Polimatın biliyi və onun əməli nəticələri


 

SUALLARI PROFESSOR HAMLET İSAXANLI CAVABLANDIRIB

Polimatın biliyi və onun əməli nəticələri<b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda)

Bu müsahibə ilk dəfə ingiliscə dərc olunub (Knowledge of Polymath Walks, Talks, Makes Waves, Turns into Deeds. Interviewee: Professor Hamlet Isaxanli, Interviewer: Waqas Ahmed. Khazar Journal of Humanities and Social Sciences, Volume 20, Number 1, 2017, pp. 92-109) və hazırda nəşr prosesində olan “Polymathy” kitabında ondan geniş istifadə edilib.

Vaqas ( Waqas) Ahmedin suallarına professor Hamlet İsaxanlının cavablarını əks etdirən müsahibənin ana dilimizə tərcüməsini, tam həcmdə, oxuculara təqdim edirik.

- Tarixdə və bu gün kimi ən böyük polimat sayırsınız?

- Tarixdə hər hansı mənada bir adamın “ən böyük” olduğunu demək çətindir. Böyük polimatlar ən çox İslamın Qızıl Çağı adlanan dövrdə yetişmişlər, onların sırasında əl-Xarəzmi, Sabit ibn Qurra, əl-Fərabi, Biruni, İbn Sina, Ö. Xəyyam, İbn əl-Heysəm, Nəsir əl-Din Tusi, İbn Rushd və başqalarının adını çəkmək olar. Tusi üzərində dayanaq. Elm tarixi ilə məşğul olanlar arasında “11-ci əsrdən sonra İslamda ciddi tənəzzül başladı, qızıl dövr fasiləsiz çöküşlə əvəz olundu” deyənlər az deyil. Tusi və onun yaratdığı böyük Marağa Məktəbi (və ya elmi mənada “Marağa İnqilabı”) bu fikri təkzib edən faktlardan biridir (Marağa çağdaş İranın şimal-qərbində, Azərbaycanda, Təbriz yaxınlığında yerləşən şəhərdir). N. Tusi triqonometriya, həndəsə (o cümlədən, Evklidin 5-ci postulatı üzrə araşdırma), ədədlərin təbiəti və hesablanması kimi riyazi sahələrdə dərin elmi nəticələr müəllifidir. Məhz Tusi ilk dəfə müstəvi və sferik triqonometriyanı astronomiyadan asılı olmayan elm sahəsi kimi araşdırıb kitab yazmışdır (Regiomontanusdan 250 il əvvəl). 

Tusi Ptolomeyin “Almagest”də şərh etdiyi və praktika ilə uzlaşmayan planetlərin hərəkəti modeli əvəzinə öz modelini qurdu. Bu modelin qurulmasında mühüm rol oynayan və hal-hazırda “Tusi cütü” adlanan teoremi ilə Aristotelin kainatın iki fərqli fiziki sistemdən ibarət olması fikrini (“Ayın altı” və “Ayın üstü” - kainatın Yerə yaxın və Yerdən uzaq iki hissəsi müxtəlif qanunlara tabedir) də təkzib etdi, səma mexanikası ilə Yer üzərindəki mexanikanın eyni təbiətli olduğunu göstərdi. Onun bu teoremi Copernicus`un (Kopernik`in) məşhur “De Revolutionibus orbium coelestium” (Səma sferalarının dövr etməsi haqqında) əsərində (1543) tam, olduğu kimi istifadə edilmişdir (Tusi`yə göndərmə etmədən!?); Tusi və Copernicusun uyğun diaqramlarında kəsişmə nöqtələrini göstərən hərflər (ərəb və latın qarşılıqları) belə eynidir (!?)

Tusi öz tələbələri və həmkarları ilə birlikdə “Zic İlxani” adlı öz zamanında və sonralar çox istifadə olunmuş astronomik cədvəl hazırlamışdı. Tusi fəlsəfə, etika, dinşünaslıq və məntiq üzrə çox geniş yayılmış əsərlərin müəllifidir; “Əxlaqi Nasiri”-klassik şahzadələrə nəsihət (Mirrors for princes) kitabı olaraq çox məşhur olub, bu gün də geniş oxunur. Tusi mineralogiya üzrə əsər və bir sıra maraqlı elmi populyar yazılar müəllifidir. O, şeir də yazırdı.

Böyük alimlərin heç də hamısı məktəb yaratmır. C. Nehru Çingiz xanla Makedoniyalı İsgəndəri bir sərkərdə və dövlət başçısı kimi müqayisə edərkən üstünlüyü Çingiz xana vermişdi. O, əsas səbəb olaraq Çingiz xanın dövlət idarəetmə və sərkərdəlik məktəbi yaratdığını və bu səbəblə də, qurduğu imperiyanın böyüməsi və uzunömürlü olmasını göstərmişdi. M. İsgəndərin ölümündən sonra isə onun imperiyası sürətlə parçalanmış və çökmüşdü. N. Tusi böyük elm təşkilatçısı, siyasətçi və dövlət adamı idi. Marağa rəsədxanası əslində tarixdə ilk böyük, ciddi rəsədxana, elmi institut idi (çağdaş mənada). Tusi dövrünün qabiliyyətli alim və mühəndislərini işə cəlb etmiş, istedadlı gəncləri götürüb yetişdirmişdi. Nəhəng kitabxana yaratmış (400 min nüsxə deyənlər var), mümkün bütün astronomik cihazları toplamış, özü, xüsusilə də Marağaya dəvət etdiyi suriyalı məşhur astronom və mühəndis Muayyad al-Din al-Urdi (?1200 - 1266) yeni cihazlar yaratmışdılar. Yeri gəlmişkən, “N. Tusi cütü” ilə yanaşı, M. Urdi lemması da Copernicusun söykəndiyi əsas nəticələrdəndir. Tusi məktəbinin iki üzvü, M. Urdi və bir müddət Marağada çalışmış Qütb əl-Din əl-Şirazi (1236-1311) də Ptolomey`ə alternativ (Ptolomeyin ziddiyyətini aradan qaldıran) planetar hərəkət modeli qurmuşdular.14-cü əsrdə yaşamış suriyalı astronom və mühəndis İbn əl-Şatir (1304-1375) Ptolomey`in planetar hərəkət sistemini aradan qaldırdı, Tusi modelini bir qədər də inkişaf etdirərək Günəş, Ay və planetlərin riyazi, fiziki və təcrübi cəhətdən mükəmməl hərəkət modelini qurdu. Xüsusi qeyd etmək lazımdır ki, Yerin və ya Günəşin mərkəz olması modelləri riyazi olaraq eynigüclüdürlər, bu baxımdan Copernicus`un Ayın hərəkəti modeli İbn əl-Şatirin modeli ilə tam eynilik təşkil edir. Marağa məktəbi N. Tusi məktəbi deməkdir. Marağa İnqilabı və Copernicus İnqilabı ifadələrini yanaşı işlədənlər, hətta qarşı-qarşıya qoyanlar var. Astronomiya və riyaziyyat üzrə Səmərqənddə əzəmətli rəsədxana yaratmış Uluq bəy (1394-1449) uşaqlığında Marağa rəsədxanasının qalıqlarını görmüşdü. Bu, bəlkə də, onun fikrini yönəldə bilərdi. Səmərqənddə yetişmiş astronom Ali Quşçu (1403-1474) da öz Tusi tipli planetar modelini inkişaf etdirmişdi; buna tam bənzər modelə Copernicusun əsərində rast gəlinir.

Mən doğulanda John von Neumann (1903-1957) sağ idi. Fenomenal və hərtərəfli qabiliyyətə malik bu korifey 20-ci əsrin və ümumiyyətlə, bəşəriyyətin yetişdirdiyi nadir şəxslərdən biridir. Riyaziyyatın müxtəlif sahələrinə sanballı yeniliklər gətirib, kvant fizikası və nüvə fizikası, atom və hidrogen bombaları nəzəriyyə və praktikasında həlledici işlər görüb. Manhattan proyektində fəal çalışıb (Yapon şəhərlərinə atom bombası atılması və onun nəticələri haqqında hesablamalar aparıb). Iqtisadi nəzəriyyə, xüsusilə oyun nəzəriyyəsi üzrə cığıraçan iş görüb. Kompüter memarlığı və proqramlaşdırma sahəsinin pioneri sayılır.

Douglas Hofstadter (1945), bu çoxcəhətli və istedadlı insan ruhən mənə yaxındır. Riyaziyyatçıdır, fizikdir, psixoloqdur (koqnitiv elmlə məşğuldur, mental prosesləri öyrənir), kompüter elmləri üzrə mütəxəssisdir, elm tarixi ilə məşğul olur, görkəmli populyarizatordur. Həm də sənət adamıdır, poliqlotdur, ciddi poetik tərcümələr edir, musiqi yazır, rəsm çəkir.

- Təhsil sistemi polimatlığı necə həvəsləndirə bilər?

- Çağdaş təhsil sistemi, birinci növbədə orta məktəb, sonra ali məktəb polimatlığa həvəsləndirir. İnformasiya cəmiyyəti, internet böyük imkanlar açır...Yaxşı valideyn və yaxşı müəllim, bir də təbiətən çox şeyi (hər şeyi olmasa da) başa düşmək həvəsi, bilmək ehtirası mühümdür. Elmdə və sənətdə tam məlum olmayan, sirli sahələrə baş vurmaq, sirləri açmaq və macəra ehtirası yaşamaq əsasdır (macəra, adətən, yaxşı bilmədiyimiz yerdə baş verə bilir); yəqin ki, əsl elm adamı başqa cür yetişməz. Orta məktəblərin çox böyük qismi konveyer üsulu ilə işləyir, standart tədris proqramını yerinə yetirir, çox şey bilmək həvəsini himayə etmir, cansıxıcıdır (bu, müəllimlə də bağlıdır). Problem əsaslı, layihə əsaslı təhsil fənlərarası əlaqəni anlamaq və ondan istifadə etmək məsələsini asanlaşdıra bilər. Zənnimcə, riyaziyyat və fizika, kimya və biologiya üzrə yaxşı oxuya biləni humanitar və sosial elmlərlə, incəsənətlə xüsusi yolla tanış etmək olar. Məsələn, təbiət elmlərini yaxşı başa düşən şagird və ya tələbə ilə musiqiyə qulaq asmağı öyrətmək, səs və harmoniya haqqında riyazi və fiziki nəzəriyyələri yada salmaq, poeziya və musiqi əlaqəsi üzərində çalışmaq, musiqi tarixinə baş vurmaq, bəlkə də bu təəssürat altında bir yazı yazmaq istiqamətində işləmək olar. Əslində hər şagird və ya tələbə heç vaxt ancaq bir sahə ilə maraqlanmır, onun maraq dairəsində bir sıra sahələr olur, onun hobbiləri var. Ona bu sahələrdə qabiliyyətini göstərmək üçün imkan yaratmaq lazımdır. Bəlkə “Polimat klub”ları da yaratmaq olardı?!

- Artan dərin ixtisaslaşma dövründə çox fərqli sahələrdə necə uğur qazanmaq olar?

- 17-19-cu əsrlərdə başlanan və get-gedə güclənən dərin ixtisaslaşma 20-ci yüzillikdə nəhəng ölçülər aldı. Riyaziyyat və təbiət elmləri üzrə mütəxəssis olanların hərtərəfli olma üçün ən azı nəzəri imkanı var. İslamın qızıl dövründə riyaziyyatçı, astronom, həkim olan məşhurların əsərləri şairlərdən alıntılarla, fəlsəfi fikirlərlə doludur. Yəni Şərqdə poeziya, qismən də fəlsəfə və din sevgisi geniş yayılmışdı, bir çox alimlərdə bu sevgi mühüm məşğuliyyətə çevrilirdi. Riyaziyyat və təbiət elmləri - bu sahədə mütəxəssis olmadan çağdaş polimatların əmələ gəlməsinə inanmıram. Əlbəttə ki, bu sahə ilə məşğul olanların cüzi bir hissəsi, humanitar və sosial elmlərə, incəsənətə dərin maraq duyanların nəzəri olaraq polimat olma ehtimalı mövcuddur. İş burasındadır ki, ədəbiyyat, tarix, fəlsəfə, musiqi və digər sahələrdə öz-özünü yetişdirməklə, o sahələrdə xüsusi məktəb keçmədən fəaliyyət, hətta dərin fəaliyyət göstərmək mümkündür. Əksinə hərəkət, demək olar ki, mümkün deyil; musiqiçi və ya tarixçi təzədən, peşəkar məktəb keçmədən ciddi riyaziyyat və ya fizika öyrənə bilmir. Polimat hər şeydən bir az bilənə deyilmir. Polimat öncə güclü monomat olmalıdır, bir sahəni peşəkarcasına görmək, bir sahə üzrə ciddi mütəxəssis olub dərinə getməyi bacarmalıdır. Zaman-zaman məşğələni dəyişdirmək, ürəkdə olanı üzə çıxarmaq mümkündür. Polimat ruh, ehtiras, daxili estetik zənginliklə bağlıdır, bunlar, çox güman ki, genlərdə də ola bilər, həyatda da qazanıla bilər. Polimatlıq normallıqdan çıxmaq, qorxmamaq tələb edir. İstedadlı adam təkcə bir sahədə istedadlı deyil. Qədimdə və orta əsrlərdə polimatlığa sanki sosial sifariş vardı, indi deyəsən yoxdur. Lakin indi mütəxəssislərdən liderlik qabiliyyəti istəyirlər, zənnimcə hərtərəfli şəxsiyyətin lider olma ehtimalı və lider kimi uğur qazanma ehtimalı daha böyükdür. Çağdaş informasiya dövrü, daha tez məlumat alma imkanı da sanki polimatlığa səsləyir. Öz-özünə təhsil, ömürboyu öyrənmək ehtirası, iradə, səbr mühümdür. Bir sahədə dərinə gedənin bir müddət başqa sahələrə vaxtı qalmaya bilər. Lakin sonra vaxt tapılacaq, sonra maraq dəyişəcək. Bu zaman əvvəlki maraq, əvvəlki bilik və bacarıq da bu yeni istiqamətdə, az da olsa, kömək edəcək.

- Nə üçün dünya, o cümlədən, mədəniyyət belə Avromərkəzlidir, hərçənd ki, biz sanki “qloballaşmış” dünyada yaşayırıq?

(Ardı var)

 





13.05.2017    çap et  çap et