525.Az

Firuz Mustafadan daha bir kitab


 

Firuz Mustafadan daha bir kitab<b style="color:red"></b>

Mayın 11-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı, dramaturq, filosof Firuz Mustafanın “Seçilmiş əsərləri”nin ikinci cildinin təqdimat mərasimi keçirilib.
 
Tədbirdə AYB əməkdaşları, tanınmış yazıçılar, mədəniyyət xadimləri, oxucular və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan F.Mustafa qonaqları salamlayıb, yaradıcılığına, şəxsiyyətinə göstərilən diqqətə görə təşəkkürünü bildirib. Daha sonra yeni çapdan çıxan kitabı haqqında məlumat verən yazıçı, qeyd edib ki, II cildə daha əvvəl dövrə mətbuatda çap olunan üç povesti daxil edilib.

Yazıçı-publisist Məzahir Süleymanzadə yazıçı ilə tanışlığından söhbət açıb, onun yaradıcılığı ilə yaxından tanış olan biri kimi yeni kitaba daxil olan povestlər haqqında öz fikirlərini bölüşüb.

“Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs yazıçını yeni kitabı münasibəti ilə təbrik edərək, onun yaradıcılıq əzminin, zəhmətkeşliyinin gənclərə örnək olduğunu deyib: “Firuz müəllim məhsuldar yazıçıdır. Hərdən onun bu məhsuldarlığı məni heyrətə salır. O həm də “Ulduz” jurnalının ekspertlərindəndir. Bizim jurnalda cəmi bir dəfə pyes dərc olunub. O da Firuz Mustafanın pyesi idi. Biz onu dram janrında qələmini sınayan gənc yazarlara örnək kimi çap etmişdik. Onun əsərlərində bütün adamlar təkdir. Bu təkliyin içərisində heç gözləmədiyin anda hardansa yumor peyda olur. Bu da göstərir ki, onun qəhrəmanları təkliyin içində bir ümid işığı tapmağı bacaran insanlardır”.

Əməkdar artist Əli Nur F.Mustafanı alim və dramaturq kimi yüksək dəyərləndirib: “Yaradıcı insanlar hökmən elmli olmalıdır. Alim cəmiyyətin göstəricisidir. Firuz müəllim mənim ilk növbədə filosof dostumdur. Ədəbiyyat və səhnə bir xalqın ən böyük silahıdır. Firuz Mustafanın Azərbaycan, Rusiya, Türkiyə və başqa ölkələrdə 40-a yaxın pyesi səhnələşdirilib. Ədəbiyyatın ən çətin janrı dramdır. Firuz müəllim bu çətin janrın öhdəsindən uğurla gəlir”.

Daha sonra Vaqif Əliyev, İlqar Türkoğlu, Dayandur Sevgin, Təvəkkül Goruslu, İlham Qazaxlı, Hafiz Rüstəm, Akif Azalp, Məsaim Abdullayev və başqa söz adamları F.Mustafanın elmi və ədəbi faəliyyəti haqqında söz açaraq, ədibin yeni kitabı barədə fikirlərini bölüşüblər.

Şahanə MÜŞFİQ

 





13.05.2017    çap et  çap et