525.Az

Mən bir müəlliməm!


 

Mən bir müəlliməm! <b style="color:red"></b>

Mən bir xeyirxahlıq yolunun müsafiriyəm.

İstərəm ki, zülmətləri nura qərq edib, öz əllərimlə gecəylə gündüzü, yazla qışı barışdırıb bir-birinə qovuşdurum. İstərəm ki, susuz torpaqların bağrından gur çaylar axıdım, səhraları gülüstana çevirib, tikanlar arasından dərdiyim gül-çiçəkləri insanlara bağışlayım. Heç bir maneə, heç bir sədd qarşımda dayana bilməz! Arzularım sədləri, daşları, kəsəkləri alıb aparan coşqun dağ seli kimidir...Bu gücü, iradəni mənə dövlətim, xalqım bəxş edib. Vətənə sədaqətlə xidmət etməkdə ulu öndərimiz Heydər Əliyevin vətənpərvərlik  məktəbindən keçmişəm...

Mən bir müəlliməm!

Öz bilik və bacarığımla sabahın qurucuları olan yeni nəslin  problemlərini çözməyə, müstəqil dövlətimizin çiçəklənməsi, doğma Azərbaycanımızın tərəqqisi naminə yorulmadan çalışmağa hazıram. Bunun üçün elmdən, fəzilətdən, əxlaqdan qalalar ucaltmalı, doğruluğa, həqiqətlərə yollar salmalıyam. Əcdadlarımızdan bizə miras qalan milli dəyərlərimizi yeni nəslə təhvil vermək üçün cəsarətli, uğurlu addımlar atmalıyam.

Mən bir müəlliməm!

Şagirdlərimə mənə verilən ən qiymətli əmanət kimi yanaşmalıyam. Atdığım hər bir addımda onların həyatına nur saçmalı, fikirlərini aydınlığa çıxarmalıyam. Mənim amalım, məramım,silahım işıq və sözdür. İstəyirəm ki, bu işıq yetirmələrimin gözlərində ulduz kimi parlasın. Gərək bulaq suyu qədər təmiz, kəpənək qanadları qədər yumşaq, günəş şəfəqləri qədər hərarətli sözlərlə ruhları oxşayım, ürəklərdə əks-səda tapım. Əgər qəlbimin ocağı zamanın soyuqlarından sönüb külə dönərsə,sözlərim bu küllərin altında qalan köz kimi daim alov doğurmağa, ürəklərdə ocaq qalamağı kifayət etməlidir. Çünki mən bir müəlliməm! Hər gün şagirdlərimə qucaq-qucaq ümid, inam aparmalıyam. Onları inandırmalıyam ki, günəş ,sadəcə ,qaranlığı işıqlandırmır, qütb ulduzu yalnız istiqaməti müəyyənləşdirmir. Hər birinə başa salmalıyam ki, cəsarətlə atılan heç bir addım nəticəsiz qalmır...

Mən təbiətə bənzəməliyəm, onun qədər coşqun, tələbkar, qətiyyətli, daim ruhən gənc olmağı bacarmalıyam. Təbiət kimi hər an öz sözümü deməliyəm. Etinasız gecələrdən, tor görən axşamlardan qorxub,çəkinməməliyəm. Mən elmim, düşüncəm və qabiliyyətimlə həmişə qalib gəlməyə çalışmalıyam. Necə  deyərlər, xalqıma, vətənimə ləyaqətlə xidmət etmək üçün qələm qılıncım, söz qalxanım olmalıdır.

Mən bir müəlliməm!

Oxuduğum kitablar, əlimdə tutduğum təbaşir, qarşımda dayanan Yazı Lövhəsi mənim üçün bir aləmdir. Aqillərimiz, müdriklərimiz, müəllimlərimiz mənə belə öyrədiblər, mən də belə öyrətməliyəm. Elə işləməliyəm ki, hər sahədə şagirdlərimə nümunə ola bilim.Ölkəmiz üçün  əsl vətəndaş yetişdirməyə nail olmalıyıq. Bu səbəbdən, oğul və qızlarımız təhsil almalı,vətənimizə, xalqımıza layiq tərbiyə olunmalıdırlar.

Mən bir müəlliməm!

Bu adı daşımağımla fəxr edirəm. Xoşbəxtəm ki, başım üzərində üçrəngli bayrağımız, ürəyimdə vətən eşqi, qarşımda gələcək anlarımızın ümidləri sayılan şagirdlər dayanıb. İnanıram ki, dərin biliklər öyrətdiyim, insanlığı, vətən sevgisini tərbiyə etdiyim şagirdlər hər yerdə millətimizi, doğma Azərbaycanımızı layiqincə təmsil edəcək, adını daim uca tutacaqlar.

Şöyüb SƏFƏROV
gənc pedaqoq

 





16.05.2017    çap et  çap et