525.Az

Qazaxda Vaqif bayramı


 

Qazaxda Vaqif bayramı<b style="color:red"></b>

Qazaxda dahi Azərbaycan şairi, böyük mütəffəkkir Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi böyük təntənə ilə qeyd olunub.

Qazax rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Dövlət Universitetinin Qazax filialı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialı və Qazax Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "Molla Pənah Vaqif və Azərbaycan poeziyası" mövzusunda baş tutan yubiley tədbirinə şairin doğulduğu Yuxarı Salahlı kəndindən başlanılıb.

Tədbir iştirakçıları əvvəlcə S.Vurğunun poeziya evinə gələrək böyük şairin abidəsinin önünə gül dəstəsi qoyub, əziz xatirəsini yad ediblər.

Sonra tədbir Vaqifin kənddəki abidəsi önünədə davam etdirilib. Şairin abidəsi önünə gül-çiçək dəstələri qoyan tədbir iştirakçıları onun xatirəsini böyük ehtiramla anıblar.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yubiley tədbirini giriş sözü ilə açaraq qonaqları salamlayıb. Respublika prezidenti İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamına əsasən mütəfəkkir şair Molla Pənah Vaqifin respublikamızın hər bir güşəsində yubiley tədbirinin keçirildiyini qeyd edib. Bu tədbirin, xüsusən qazaxlılar üçün, bütün Vaqifsevərlər üçün böyük poeziya bayramı olduğunu vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal Vaqifin həyat və yaradıcılığından danışaraq qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə artıq neçə ildir ki, Qazaxda Vaqif poeziya günləri keçirilir, bu günki poeziya bayramı isə möhtəşəm bir günə, Vaqifin 300 illiyinə təsadüf edilir.

Sonra söz qonaqlara verilib.

Qazax Xeyriyyə Cəmiyyətinin sədri, professor İlham Pirməmmədov, akademik Teymur Bünyadov, AYB-nin katibi İlqar Fəhmi çıxış edərək Vaqifin Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən, onun yaradıcılığının ədəbiyyatımıza bəxş etdiyi zənginliklərdən söz açıblar.

Daha sonra şairlər çıxış ediblər.

Bakıdan, Gəncədən, Tovuzdan, Ağstafadan və Qazaxdan olan şairlərdən Ələddin İncəli, İsa Cavadoğlu, Mustafa Rasimoğlu, Xəzəngül, Sahib İbrahimli, Ramiz Təmkin, Nizaməddin Ziyadoğlu, Rafael İncəyurd, Saqif Qaratorpaq, Mübariz Qaragözlü, Məzahir Yaqub, Səhlədar Hidayətoğlu, Tamella Poladlı, Zərəngir Dəmirçioğlu, Gülamayıl şeirlərini oxuyublar.

Sonra Yuxarı Salahlı kənd orta məktəbinin şagirdləri və Bakı Dövlət Universitetinin Qazax filialının tələbələrinin ifasında şairin şeirlərindən parçalar oxunub, "Vaqif" pyesindən kiçik bir səhnə nümayiş olunub.

Molla Vəli Vidadi və Molla Pənah Vaqif nəslinin davamçısı Vidadi Müftizadə çıxış edərək tədbirin yüksək səviyyədə keçməsinə və Vaqif yaradıcılığına, poeziyasına verilən dəyərə görə Prezident İlham Əliyevə ailəsi adından, Vidadi və Vaqif nəslinin nümayəndələri adından öz dərin minnətdarlığını bildirib.

Aşıq Şahmurad Salahlının saz havasında M.P.Vaqifin "Durnalar" şeirini oxuması ilə Yuxarı Slahlı kəndində tədbirin poeziya saatı olan hissəsi başa çatdıb.

Daha sonra Vaqifin anadan olmasının 300 illiyinə həsr olunmuş yubiley tədbiri rayon Gənclər Mərkəzində elmi-praktik konfransla davam etdirilib. Vaqifin həyat və yaradıcılığından bəhs edən "Molla Pənah Vaqif" adlı film nümayiş olunub.

Plenar iclası giriş sözü ilə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq Vaqifin anadan olmasının 300 illik yubileyinin keçirilməsinin əsl bayram olduğunu bildirib, şairin həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib.

Sonra söz qonaqlara verilib. AMEA-nın Ədəbiyyat İnstitunun professoru İslam Qəribli, akademik Teymur Bünyadov, AYB-nin Qazax filialının sədri, şair Barat Vüsal, tənqidçi-alim Rüstəm Kamal, professor İsmayıl Kazımov, dosent Aslan Salmansoy, Qazax Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədov çıxış edərək Vaqif yaradıcılığından, şeirlərinin zənginliyindən, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən söz açıblar.

Daha sonra elmi-praktik konfrans Bakı Dövlət Universitetinin Qazax filialının bölmələri üzrə davam etdirilib. "Molla Pənah Vaqif müasir Azərbaycan poeziyasının banisidir" mövzusunda məruzələr dinlənilib. BDU-nun Qazax filialının müəllimlərindən İradə Arıxova, Mustafa Rasimoğlu, Hikmət Yusifov, Heyran Vəkilova, Nilufər Qurbanova, Səfayə Sadıqova, Zülfiyyə Adıgözəlova, Qazax Rayon Təhsil Şöbəsinin müəllimləri Səhlədar Hidayətoğlu, Elnarə Mustafayeva, Məmməd Qocayev, Mehriban Əliyeva müxtəlif məruzələrlə çıxış ediblər.

Yubiley tədbiri Olimpiya İdman Kompleksində təşkil olunan bayram konserti ilə davam etdirilib.

Mustafa RASİMOĞLU
AYB-nin Qazax zona filialının ədəbi məsləhətçisi

 





16.05.2017    çap et  çap et