525.Az

"Mənə üz tutanları mümkün qədər sevindirməyi borcum sayıram"


 

Diaspor həyatı

"Mənə üz tutanları mümkün qədər sevindirməyi borcum sayıram"<b style="color:red"></b>

Hürufi fəlsəfəsinə görə, insanın sifətinə Ulu Yaradanın adı yazılıb. Və göstərilir ki hər kəsin üz cizgiləri bu əlamətin bariz ifadəsidir. Bu, bəlkə də belədir, bəlkə də yox. Ancaq insan var ki, sifəti elə bil anadangəlmə Ayın nurunda çimib. 

İşıq saçan geniş alın, qaş-göz, üz quruluşu, qəribə surətdə nəsə deyir, qeyri-adi varlığı haqda pıçıldayır. Belə nurlu şəxslər azdır, var və onlar həqiqətən ilahinin işığında doğulanlardır. Və üstəlik, həmin kəslərə müqəddəs ad qoyulanda  və bu ad onun varlığıyla tən gələndə, tarazlıq yaradanda, bir an təəccüblənir, heyrətlənirsən.

1966-cı il yanvarın 14-də  qarlı qış günündə - Qubadlı rayonunun Zilanlı kəndində doğulanda ata-ananın ağzından bir söz çıxdı: Rəsul. O zaman bütün müsəlman ailələri kimi Mütəllim kişinin, Salatın ananın da ailəsində hamı bilirdi ki, Allahın yerdəki elçilərinə, yəni peyğəmbərlərə Tanrının Rəsulu deyilir. Hər kəs cəsarət edib övladına bu cür ağır ad qoymazdı, Allahından çəkinərdi. Sövq-təbii bütün Dadaşovlar sonra elə oğlan uşağını Rəsul da çağırdılar. Beləliklə, Tanrının kölgəsində bir Rəsul Zilanlı kəndində boy atmağa başladı. Qəribəydi, elə balacalıqdan üzündə  nur vardı, sifəti işıq saçırdı. Həddi-buluğa çatanda Rəsulun adında və üzündəki işıqla bərabər ağlındakı, fərasətindəki işıq üzə çıxdı, şölə saçdı, böyüdü.

Deyirlər, hər insan öz adına oxşayır və uyğun sürətdə böyüyür, keşməkeşlərdən  adlayır, daha doğrusu, Allah-təala onu çətinlikdən qoruyur, keçirir ki, bəşəriyyətə nümunə qoysun. Qazaxıstanın Petropavlovsk şəhərində tanışlıq tapdığım Rəsul Dadaşov kimi.

Rəsul Dadaşov Bakı Neft Akademiyasını bitirib: neftçi-iqtisadçı peşəsinə yiyələnib. Lakin Sumqayıtda işə ixtisası üzrə başlar-başlamaz, əli zəhmətiylə çörəyə çatar-çatmaz SSRİ dağıldı, nəhəng zavodlar bir-bir dayandı, sıradan çıxdı. Daha onların istehsal elədikləri  sənaye məhsulu heç kəsə və yaxud başqa respublikanın eyniadlı müəssisəsinə lazım deyildi. Digər tərəfdən də Qarabağ savaşı alovlanır, ümidləri puça döndərirdi.  Hər gün cəbhədən ölüm-itim xəbərləri gəlirdi. Rəsulun anadan olduğu doğma Qubadlının ətrafında sərhədyanı kəndlərdə əməlli-başlı qızğın döyüşlər səngimirdi. Necə olur-olsun, pul-para qazanmaq, iş tapmaq lazım idi. Sumqayıtda şüşə biznesi ilə məşğul oldu, perspektiv görməyəndə, indiki məkanda xoşbəxtliyini axtardı.

Soydaşımın söylədiklərindən: Ali təhsilli inşaatçı qardaşım Mehdi Rusiyada əsgərlik həyatı keçirdiyi üçün elə təsadüfən o tərəflərdə sığınıb qalmışdı. Tez-tez zəngləşir, hal-əhval tuturdum. Azərbaycanda iqtisadiyyatın tamam iflic vəziyyətə düşdüyü 90-cı illərdə müvəqqəti iş axtarmaq adıyla Şimali Qazaxıstana - Rusiyanın Kurqan və Omsk vilayətləri ilə sərhəddə yerləşən Petropavlovsk şəhərinə yolumu saldım. Çoxmillətli xudmani şəhər, burda fəaliyyət göstərən azərbaycanlıların xoş qılığı, ünsiyyətcilliyi könlümü açdı, kefimi düzəltdi. 1992-ci ildə elə Mehdiylə biznesə girişdik, ticarət şirkətinin əsasını qoyduq, "Dadaşov" adlı fərdi müəssisənin binəsini yaratdıq. İlk vaxtlar taxıl yığımı ilə məşğul olmağa başladıq. Doğma Azərbaycanımızın bu vacib məhsula ehtiyacını başa düşürdük, dərhal Bakı ilə əlaqə qurduq və həmin qıtlıq illərində şirkətimiz ən münasib qiymətlə respublikamıza buğda satdı. Əməliyyat uğurla keçdi, uzaq xariclə - Türkiyəylə, Hollandiyayla əlaqə qurduq. Bu ölkələrə də taxıl verdik, yavaş-yavaş Tanrının köməyi sayəsində özümüzə gəldik.

Aradan uzun illər ötüb. Dadaşov qardaşları təkcə yaşadıqları regionun deyil, bütün Qazaxıstanın sayılıb-seçilən sakinlərindən sayılırlar. Alnına yalnız başqalarına yaxşılıq eləmək, insana əl tutmaq misiyası yazılan Rəsul müəllim isə sanki uca Allahın rəsulluq qismətini yaşayır. Haçan şirkətinə baş çəksən, qapıda mütləq soydaşlarımızın növbə ilə qəbula yazıldığını görərsən. Əlbəttə, Dadaşovun qapısı bütün həmvətənlərimiz üçün açıqdır. Axı o, heç kəsi peşman qaytarmır, bacardığı qədər kömək edir. O ki də ola həmyerli. Onsuz da yanında onlarla qohum-əqrəba, dost-tanış, yurddaş çalışır və hamının problemlərini səbrlə, təmkinlə yoluna qoyur, inciyən, küsən olmasın. Hələ yerli orqanlardan, veteranlardan, uşaq evlərindən göndərilən xahişlər, müraciətlər, məktublar bir yana...

Neçə il öncə Rəsul Mütəllim oğlu ilə iş yerində görüşərkən, "necə çatdırırsan?" sualıma "Vallah, heç özüm bilmirəm, gün olur, adamları təkcə dinləməyimə beş-altı saat vaxt gedir. Hələ şəhər və mobil telefonlardan gələn zəngləri demirəm, saat onda-on birdə evə çatarkən şam yeməyinə taqətim çatmır" - dedi, dərhal əlavə elədi: "Vallah, yuxarıda Allah var, hər əməlimizi görür. Bir də peyğəmbər əfəndimiz Həzrəti Muhəmmədin "Nəcül-hidayət" kitabında belə bir qızıl kəlam var: "Yaxşılıq elə bir şeydir ki, sənin ürəyin ondan dözüm və sakitlik tapır. Pislik elə bir şeydir ki, başqalarının sənə bəraət qazandırmasına baxmayaraq, səni şübhəyə salır və ürəyini sıxır". Mən Allah adamıyam, başa düşürəm, hamını Tanrı xəlq eləyib. Əgər kimisə ehtiyac göndərməyibsə, qapımı nahaq döyməz, mənə üz tutmaz. Mənim insanlıq borcum onu mümkün qədər sevindirmək, əzabdan, sıxıntıdan qurtarmaqdır.

Olduqca savadlı, ağıllı-kamallı, sivil düşüncəli Rəsul müəllim "nə qədər problemlərin girdabında çabalasam da, həmişə bir gözüm  ya gündəlik mətbuatda, ya da teleekranda olur ki, görüm Azərbaycandan təzə nə xəbər var. Bakının indiki görünüşü, xüsusən Dağüstü parkdan tutmuş Xəzər sahili bulvaracan mənzərə qürur doğurur. Mən necə övladam, Vətənimin yaxşı gününə sevinməyim, inkişafına, tərəqqisinə baxıb fərəh hissi keçirməyim" - söylədi.

Bu günlərdə Rəsul Dadaşova zəng etdim: "Bakıda keçirilən  İslam oyunlarını ailəmlə birgə  izləyirəm, paytaxtımız möhtəşəmdi, saraylarımız, meydançalarımız dünya standartlarına cavab verir" - dedi və əlavə elədi: "Qəlbimiz hər an Vətənlə həmahəng döyünür. Təkcə islam ölkələrinin yox, bütün dünyanın diqqət mərkəzi Azərbaycandır. Prezident İlham Əliyevin medalçılara şəxsən mükafat təqdim eləməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakçı ölkələrin nümayəndələrini Azərbaycan və ingilis dillərində salamlaması təntənəli səhnəydi. İdmançılarımızın nəticələri  ürəkaçandı, sanki qanad taxıb Vətənə doğru uçmaq istəyirəm".

Texniki təhsil almasına rəğmən, Rəsul Dadaşov hərtərəfli ziyalıdır. O, dünya mədəniyyətinə, xüsusən ədəbiyyata bələddi və vaxt tapan kimi  kitaba könül açır. Poeziyanı çox sevir, ən çox da klassik şairlərimizin bədii irsini. Amma müasir şeirimizdən də xəbərsiz deyil. Bir də görürsən ki, Vətənlə bağlı əzbərlədiyi hansısa şeirdən parçanı öz-özünə pıçıldadı:

Bu necə mənadır, bu necə hikmət,
Deyirlər ağlayır bulağın gözü.
Danışır təbiət, şair təbiət,
Qobağın dili var, çinarın sözü.
Mənim də boş yerə sözüm olmayıb.
Qəlbinə dəymədim əsla bir kəsin.
Özgə torpağında gözüm olmayıb,
Ana torpağıma göz dikilməsin!
Əmr et, keşiyində mətin dayanım,
Sənə qurban canım, Azərbaycanım!

Petropavlovskda Azərbaycan icmasının ən fəal üzvlərindən sayılan Rəsul müəllim işgüzar əlaqələrlə bağlı tez-tez Azərbaycana baş çəkir. Azərbaycanla Qazaxıstan arasında olan münasibətləri yüksək dəyərləndirir, bunu dil və din birliyi ölkələrinin qardaşlıq, dostluq körpüləri adlandırır. O,   yaşadıqları  şəhərin Rusiyanın müxtəlif regionları ilə  yaxılığından və iqtisadi bağlılığından istifadə edərək, qarşılıqlı əlaqələrə Azərbaycanı da qoşub. Ötən illərin birində Rusiyanın Kurqan vilayətinin qubernatoru Oleq Alekseyeviç Boqomolovu da  götürüb Bakıya səfər edən soydaşımız bu təəssüratdan bərk təsirlənib. Axı, onları Azərbaycan Respublikasının prezidenti İlham Əliyev qəbul etmiş, qonaqpərvərliklə yola salmışdır. Nəticədə Kurqan vilayəti o zaman  ölkəmizə xeyli taxıl ehtiyatı göndərmişdi...

Rəsul Dadaşovun hər yerdə böyük hörməti var. Ümumiyyətlə götürdükdə, Petropavlovskda formalaşan Azərbaycan cəmiyyətinin  əsas ağırlığı dörd ağıllı insanın,  tanınmış simanın üzərinə düşüb. Mirəhməd Həsənovun, Mehdi Dadaşovun və Rəsul Mütəllim oğlunun. Deyir, "Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma". Burda yaşayan yurddaşlarımız hər dörd şəxsiyyətin vilayətdəki nüfuzuna bələddirlər və həqiqətən onların bir sözünü iki eləmirlər. Milli bayramlarımız, yığıncaqlar, toplantılar isə heç vaxt bu dörd nəfərsiz ötüşmür.

Məlum olduğu kimi, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sərəncamı ilə Astanada Xalqlar Assambleyası yaradılıb. Çoxmillətli ölkə üçün  bu,  birləşdirici addım idi. İndi region mərkəzlərində, o cümlədən Petravlovskda da Assambleyanın filialı fəaliyyət göstərir. Sülh küçəsində yerləşən təşkilatda "Azərbaycan ocağı" var. Xalqlar dostluğu Assambleyasına  Nazarbayev rəhbərlik edir və fəal  insanlar  orden və medallarla  təltif olunur,  diplomlara  fəxri fərmanlara  layiq görülür.  Bəxtinə rəsulluq qisməti yazılmış eloğlumuz  tez-tez mükafatçılar  siyahısına düşür. O, həmçinin iki  xalq  arasında  əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə ötən il Beynəlxalq Mahmud  Kaşkari  Fondunun  "Mahmud Kaşkari - 1000" medalı ilə təltif olunub.

Hər cür yüksək ad isə onun yaraşığıdır.

Ağacəfər HƏSƏNLİ
Bakı-Petropavlovsk (Qazaxıstan)

 





16.05.2017    çap et  çap et