525.Az

Mənzil sektorunda yeni layihə həyata keçirilir


 

"İQTİSADİ İNKİŞAFA VƏ AQRAR LAYİHƏLƏRƏ DƏSTƏK" İCTİMAİ BİRLİYİ MƏNZİL MÜLKİYYƏTÇİLƏRİ MÜŞTƏRƏK CƏMİYYƏTLƏRİNİN POTENSİALININ ARTIRILMASI İLƏ BAĞLI İŞ APARIR

Mənzil sektorunda yeni layihə həyata keçirilir<b style="color:red"></b>

Son illər Azərbaycanda çoxmənzilli binalardakı ümumi istifadə sahələrinin idarə edilməsi ilə bağlı islahatlar həyata keçirilir.

Sovet İttifaqı dövründə çoxmənzilli binaların idarə edilməsi Mənzil İstismar Sahələri adlanan təşkilatların əsas səlahiyyəti idi. Lakin müstəqilliyə qədəm qoyduqdan sonra həmin təşkilatların müasir tələblərə uyğun gələn şəkildə idarəetmə qabiliyyətinə malik olmadıqları üzə çıxdı. Bu sahədə islahatların həyata keçirilməsi üçün ilk zəmin isə 2009-cu ildə yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsi oldu. Mənzil Məcəlləsində çoxmənzilli binaların idarə edilməsi sahəsində mənzil istismar sahələrinin heç bir funksiyaları nəzərdə tutulmayıb. Yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsi ilə Azərbaycan dövləti və höküməti çoxmənzilli binaların idarə edilməsi sahəsində islahatlar keçirməyə başladılar.
 
Belə islahatlardan biri Avropa Birliyinin maliyyə dəstəyi ilə 2013-2015-ci illərdə davam edib, bu sahədəki islahatların həyata keçirilməsi ilə əlaqədar tövsiyyələr hazırlanıb və Azərbaycan hökümətinə təqdim edilib.

Bununla belə, respublika şəhərlərində yerləşən çoxmənzilli binaların mülkiyyətçiləri hələ də bu islahatların qanunvericilik çərçivəsində həyata keçirilməsi qaydaları ilə tanış deyillər. Bunun əsas səbəbi çoxmənzilli binaların yerləşdiyi və ətraf torpaq sahələrinin, ümumi istifadədə olan qeyri-yaşayış sahələrinin, zirzəmilərin onların mülkiyyətinə aid olması ilə bağlı məlumatsızlığı və bu sahədəki müasir qanunvericiliyin məzmunu ilə tanış olmamalarıdır. Bütün bunlar Azərbaycan əhalisinin çoxmənzilli binaların idarə edilməsi sahəsində maarifləndirilmə işini aktual edir.

"İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək" İctimai Birliyi Almaniyada fəaliyyət göstərən "IWO-Şərqi Avropada mənzil təsərrüfatının təşəbbüsü" adlı təşkilatın rəhbərliyi altında həyata keçirilən "HOME- mənzil sektorunda islahatlar istiqamətində: Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova və Ukraynada Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin potensialının artırılması" layihəsinin Azərbaycanda həyata keçirilməsi üçün partnyor seçilib. Bu layihə çərçivəsində "İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək" İctimai Birliyi Bakı şəhərinin bir sıra rayonlarında fəaliyyət göstərən Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri üçün treninq -seminarlar keçirir. Bununla yanaşı, birlik Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri yaratmamış çoxmənzilli binaların əhalisi üçün də eyni zamanda treninq -seminar keçirir və sakinlərə bu sahədə qüvvədə olan qanunvericilik barədə müvafiq məsləhətləri verirlər.

Ceyhun ABASOV

 





16.05.2017    çap et  çap et