525.Az

"FameLab" layihəsinin qalibi müəyyənləşdi


 

BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİNİN TƏLƏBƏSİ BƏXTİYAR MƏMMƏDLİ ÖLKƏMİZİ BÖYÜK BRİTANİYANIN ÇELTENHAM ELM FESTİVALINDA TƏMSİL EDƏCƏK

"FameLab" layihəsinin qalibi müəyyənləşdi<b style="color:red"></b>

Bakı Mühəndislik Universiteti gənc nəslin elmi-texniki sahədə inkişafına dəstək vermək məqsədilə dünyadakı texnoloji yeniliklərin elmdə tətbiqini əsas götürərək bir sıra layihələr həyata keçirir. Bunlardan biri də "FameLab" (Şöhrət Laboratoriyası) layihəsidir.
 
Layihə elmi sinif otağı çərçivəsindən çıxarıb əyləncəyə çevirmək, eləcə də elm və texnologiyaya böyük həvəsi olan gəncləri öz maraqlarını ictimaiyyətlə bölüşməyə ruhlandırmaq məqsədi ilə təşkil olunan yarışma tipli fəaliyyətdir.

Böyük Britaniyanın Çeltenham Elm Festivalı tərəfindən yaradılan yarışmanın məqsədi gənclərdə elmə olan marağı artırmaq, gənc alimlərə dəstək verməkdir.

Elm ilə məşğul olan şəxslərdə danışıq qabiliyyətini inkişaf etdirmək imkanları yaradan bu müsabiqədə əsas iştirakçı kütlə 21 yaşdan yuxarı, elm və ictimai istiqamətlərdə işləyən, eləcə də, texniki mütəxəssislər, elm, texnika, mühəndis, tibb və yaxud riyaziyyat sahələrində çalışan şəxslərdir.

Azərbaycanda bu yarışma ilk dəfə 2007-2009-cu illərdə  keçirilib. Builki yarışma isə Bakı Mühəndislik Universitetində  "British Council"  ilə birgə keçirilir. Yarışda elm sahəsində, ictimai sahədə işləyən, eləcə də texniki mütəxəssislər, elm, texnika, mühəndis, tibb və yaxud riyaziyyat sahələrində çalışan şəxslər iştirak edir.  Yarışmanın yarımfinal mərhələsinə start verilib. Yarımfinal mərhələsinə 30-dək layihə seçilib.  Yarışın qaydasına əsasən, bu mərhələdə hər bir iştirakçı 3 dəqiqə ərzində öz layihəsini təqdim edib.  Sonda təqdimatlar münsiflər tərəfindən qiymətləndirilib və 10 nəfər finalda iştirak hüququ qazanıb.

Universitetin rektoru,  professor Havar Məmmədov  çıxış edərək  rəhbərlik etdiyi universitetin yeni yaradılmasına baxmayaraq, yüksək səviyyəli kadrlar hazırlanması üçün  innovativ texnologiyalara əsaslanan bütün layihələrin keçirilməsini dəstəklədiklərini bildirib. Rektor məqsədi elmi sevdirmək  və gənclərin dəqiq elmlərə marağını artırmaq olan "FameLab" layihəsinin keçirilməsinin əhəmiyyətli olduğunu bildirib.  H. Məmmədov daha sonra  prezident İlham Əliyevin Azərbaycan gəncliyinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.

"British Council"in Azərbaycan üzrə direktoru Elizabet Vayt  tədbirdə iştirakdan məmnun olduğunu və təşkilatı dəstək üçün Bakı Mühəndislik Universitetinin  rəhbərliyinə minnətdarlığını bildirib, Azərbaycanın seçdiyi qalibin İngiltərədə uğur qazanacağına ümid etdiyini vurğulayıb.

Münsiflər "British Council"in nümayəndəsi Nigar Nəsrullayeva, Nicat Nəsirli, Emil Civişov və Sevinc Orucova iştirakçıların potensialından, burada qazanacaqları təcrübənin onların həyatında mühüm rolu olacağından danışıblar.

Əməkdar artist Yaqub Zurufçunun iştirakı yarışmaya xüsusi rəng qatıb. Ürək sözlərini bildirən sənətçi Azərbaycanı sevməyi və ölkəmizin uğurları üçün elmli olmağı tövsiyyə edib.

"Famelab" layihəsinin Azərbaycan üzrə kordinatoru Sevil İmanova isə layihənin ölkəmizdə 6-cı ildir keçirildiyini qeyd edib. Layihə kordinatoru qalibin müəyyən olunmasında münsiflərlə yanaşı, auditoriyanın da iştirak etdiyini deyib. Milli istedad yarışması olan "Şöhrət Laboratoriyası"nın builki qalibi  Bakı Mühəndislik Universitetinin tələbəsi Bəxtiyar Məmmədli olub. O,  ölkəmizi Böyük Britaniyanın Çeltenham Elm Festivalında təmsil etmək hüququ qazanıb.

2-ci  yerə Bakı Dövlət Universitetinin tələbəsi Cəmil Ağasiyev, 3-cü yerə isə AMEA-nın elmi  işçisi Günay Qasımova layiq görülüb.

Digər finalçılar da təşkilatçılar tərəfindən mükafatlandırılıblar. Bu il yenilik olaraq auditoriyanın seçdiyi qalib müəyyən olunub və mükafatlandırılıb. "Auditoruyanın rəğbəti"  mükafatını da Bakı Mühəndislik Universitetinin tələbəsi Bəxtiyar Məmmədli qazanıb.

Ceyhun ABASOV

 





16.05.2017    çap et  çap et