525.Az

Liberal dünya nizamının qürubu


 

Liberal dünya nizamının qürubu<b style="color:red"></b>

Müasir dövrdə Qərb elmi dairələrində formalaşmaqda olan yeni tendensiya "liberal dünya nizamı” kimi adlandırılan mövcud beynəlxalq münasibətlər sistemi qarşısındakı çətinliklər və onun gələcəyi ilə bağlı narahatlıqların getdikcə daha çox müzakirə olunmasıdır.

Xüsusən nəzərə almaq lazımdır ki, bu tendensiya bir sıra regionlarda böhranlı vəziyyətlərin kəskin şəkildə artması, dövlətlərarası münasibətlərin kəskinləşməsi, beynəlxalq terrorizmin güclənməsi, həmçinin Qərbin öz daxilində baş verən bir sıra məqamlar (Donald Trampın ABŞ prezidenti seçilməsi, Birləşmiş Krallığın Avropa İttifaqından ayrılması, Qərbdə radikal millətçiliyin güclənməsi) səbəbindən daha geniş miqyas almaqdadır.

Qərbdə siyasi və akademik dairələr arasında II dünya müharibəsindən sonra formalaşmış dünya nizamının artıq yeni dövrün tələblərinə cavab verməməsi fikri üstünlük təşkil edir. Buna görədir ki, yeni minillikdə "tarixin sonu”, "dünyanın sonu”, "Qərbin süqutu” və digər bu kimi ideyaları ortaya atır və müxtəlif cür əsaslandırmağa çalışırlar. II dünya müharibəsindən sonra son 70 ildə formalaşmış liberal dünya nizamı iqtisadi böhranlar, milliyyətçilik, tayfaçılıq, şovinizm, zəif və qətiyyətsiz siyasi liderlik və ümumilikdə beynəlxalq institutlara etimad və inamın itməsi nəticəsində böyük tərəddüdlər keçirir.

Aparılan müzakirələrdə diqqəti cəlb edən əsas məqamlardan biri liberal dünya nizamının yaradılma dövrü ilə əlaqədardır. Bu nizamın II Dünya Müharibəsindən dərhal sonra yaradılması və müasir dövrə qədər davam etməsi fikri ümumiliklə qəbul olunur. Burada proseslərə birtərəfli baxış hakim rol oynayır. 1945-1990-cı illər ərzində beynəlxalq münasibətlər sisteminin bir qütbündə formalaşmış bir nizamın bütün dünyaya aid edilməsi və xüsusən bunun "liberal” adlandırılması nə dərəcədə doğrudur? Beynəlxalq iqtisadi münasibətlər açıq bazarlar nümunəsində bu fikir özünü hardasa doğrulda bilər, lakin geosiyasi və hərbi müstəvidə bu heç bir halda mümkün deyil. Reallıq bundan ibarətdir ki, Qərbdə liberal dünya nizamı kimi adlandırılan nizamın əsas mahiyyəti Qərbin özünün yaratdığı beynəlxalq siyasi, iqtisadi, hərbi və maliyyə mexanizmləri vasitəsilə kommunizmə və onun əsas təzahürü olan SSRİ-yə və onun müttəfiqlərinə qarşı mübarizəsindən ibarət idi. Bu "liberal” mübarizədə ayrı-ayrı ölkələrdəki diktatorların dəstəklənməsi və ya demokratik yolla seçilmiş hökumətlərin devrilməsi adi hal idi.

Keçən əsrin sonlarında Sovetlər İttifaqı və Varşava Müqaviləsi Təşkilatı dağıldıqdan dərhal sonra isə əvvəlki dövrdə formalaşmış dünya nizamı tam dəyişdi. 50 illik bir tarixi dövr başa çatdı və yeni perspektivlər açıldı. Əksər analitiklərin qənaətinə görə ikiqütblü dünya birqütblü dünya nizamına keçid etməli idi. Bu dövrün "tarixin sonu” adlandırılması da çoxlarında gələcəyə böyük inam yaradırdı. Beynəlxalq hüququn beynəlxalq münasibətlər sistemində əsas davranış kodeksinə çevriləcəyi, ədalət prinsipinə əməl ediləcəyi, problemlərin azalacağı, münaqişələrin danışıqlar yolu ilə ədalətli şəkildə həll ediləcəyi gözlənilirdi.

Lakin ABŞ və onun müttəfiqlərinin rəhbərliyi altında Qərbin yeni dünya nizamı qurmaq cəhdi uğursuzluğa düçar oldu. Çünki birqütblü dünya qurmağa çalışanlar yaranmış əlverişli fürsətdən lazımınca istifadə edə bilmədi. Yeni dünya nizamı qurmaq üçün köhnə dünya nizamının dərslərindən nəticə çıxarmaq və dünya birliyinin bütün üzvlərini təmin etməli olan əsas prinsipləri müəyyənləşdirmək lazım idi. Lakin təəssüf ki, yeni düzən təkbaşına, beynəlxalq birliyin digər üzvlərinin rəyini, beynəlxalq münasibətlərin mövcud vəziyyətini nəzərə almadan formalaşdırılmağa başlandı.

Qərbin üstünlük verdiyi birqütblü dünya modelinin əsaslarını nəzərə cəhətdən sülh, sabitlik, təhlükəsizlik və davamlı inkişaf təşkil etməli idi. Lakin bu mövhumların nə olduğu, hansı məna kəsb etdiyinin mahiyyətinə tam olaraq varılmadı. Lakin sonrakı tarixi dövrdə bu ümumbəşəri dəyərlərə nə qədər əməl edildi? Birqütblü dünyada liberal dəyərlərin qoruyucusu kimi təqdim olunan ABŞ bütün dünyaya vahid şablon demokratiya tələbləri irəli sürməyə başladı. ABŞ öz bildiyi kimi hərəkət edirdi. İqtidara hansı partiya gəlirdisə, istədiyi kimi siyasət yeridirdi. Hətta bir partiyanın müxtəlif üzvləri də sistemsiz qərarlar qəbul edirdi. Yeni dünya nizamının qurulmasında BMT üzvü olan digər dövlətlərin mövqeyini öyrənmək istəyən belə olmadı. Heç kimi maraqlandırmadı ki, 200 -ə qədər dövlət bu yeni dünya nizamına necə baxır. Nəticə etibarı ilə beynəlxalq münasibətlərin mühüm aktorları bu yeni düzəndan xəbərdar edilmədi və təcrid olundu. Bu isə onları şırniktirdi. Sadə bir imperativ bütün dövlət bu qayda-qanunlara tabe olmalıdır.

Müəlliflər haqlı olaraq bugünkü liberal dünya nizamının ABŞ-dan asılı olduğunu hesab edirlər. Məsələn, bəziləri Donald Trampın prezident seçilməsini amerikalıların əksəriyyətinin artıq mövcud dünya nizamını dəstəkləmək və ABŞ-ın qlobal liderliyinin yükünü daşımaq istəməməsi ilə izah edirlər. Lakin onlar bir şeyi unudurlar ki, ABŞ-ın superdövlətə çevrilməsi, öz maraqlarını qlobal səviyyədə reallaşdırmağa müvəffəq olması məhz bunun sayəsində mümkün olmuşdur. Son illərdə baş verənlər isə ABŞ-ın "dünya polisi” roluna layiq olub-olmadığı sualını ortaya atdı. Məsələ sadəcə Çin, Rusiya, İran və ya digər ölkənin ABŞ-ın və müttəfiqlərinin rəhbərlik etdiyi bu nizama qarşı çıxmasından getmir. Əsas məsələ ABŞ və onun müttəfiqlərinin bu yeni nizamda necə davranmasından, dövlətlərarası münasibətlərdə hansı meyarları rəhbər tutmasından gedir.

Yeni dünya nizamı böyük bir təzad yaranmasına səbəb oldu: demokratiya və hüquq. Bütün dövlətlər heç bir tarixi, coğrafi, dini, milli xüsusiyyətləri nəzərə almadan Qərbin istədiyi demokratik tələblərə cavab verməlidir. Qarşılığında isə yeni dünya nizamında BMT üzvü olan digər dövlətlərin necə yaşamaq imkanını seçə bilməklə bağlı öz hüquqları tanınmadı.

Maraqlıdır ki, bu yeni dünya nizamında ABŞ dövlətlərarası münasibətlərə ümumbəşəri düzən əsasında deyil, yalnız öz maraqları çərçivəsində baxır. Hazırda ABŞ qlobal səhnədə ancaq Çin və Rusiyanı özünə rəqib görür, digər dövlətlərin beynəlxalq münasibətlər sistemində yerinə isə heç bir məhəl qoymur. Amerikanın Zbiqnev Bjezinski, Robert Kagan, Jozef Nay kimi əksər məşhur analitikləri yeni dünya nizamı haqqında danışarkən yalnız Çin və Rusiyaya diqqət yetirir, digər dünya dövlətləri ilə, eləcə də onların öz aralarında münasibətlərin necə olması barədə düşünmürlər. Müasir dövr amerikan siyasi və analitik dairələrinin aparıcı nümayəndələrindən hesab olunan Robert Kagan ABŞ-ın yaratdığı yeni dünya nizamına Çin və Rusiyanı iki böyük maneə kimi görür. Onun fikrincə, əgər bu dövlətlər öz nüfuz dairələrində hegemonluğa nail ola bilsələr, dünya XIX əsrin sonundakı vəziyyətə qayıdacaqdır. Bu isə ABŞ-ın yaratdığı liberal dünya nizamı üçün təhlükədir”. Robert Kagan. The twilight of the liberal world order. January 24, 2017 https://www.brookings.edu/research/the-twilight-of-the-liberal-world-order.

Digər bir məşhur analitik liberal dünya nizamının gələcəyinin indiki şərtlərin dəyişməsindən çox asılı olduğu qənaətindədir. (Joseph S. Nye Jr. Will the Liberal Order Survive? / "Foreign Affairs", January/February 2017, Volume 96, Number 1, p.10-16)

Britaniyalı mütəxəssis Robin Niblett də belə düşünür ki, Amerika dünya liderliyindən çəkildikcə, qlobal səviyyədə Çin və Rusiya Qərb dəyərlərinə uyğun gəlməyən yeni inteqrativ struktur, geosiyasi nizam sistemi yaradacaqlar. Yəni əsas problem liberal dünya nizamı deyil. Qərb dövlətlərinin maraqlarının zədələnməsi onlar üçün narahatlıq yaradır. Onlar dünyada aparıcı rollarını itirmək istəmirlər. Vərdiş etdikləri formada dünya işlərini idarə etməkdən çəkilməyi düşünmürlər (Robin Niblett. Liberalism in Retreat. The Demise of a Dream / "Foreign Affairs", January/February 2017, Volume 96, Number 1, p.115-125).

Qərbin siyasi və ideoloji dairələri liberal dünya nizamının laxladığını qəti olaraq qəbul ediblər. Onlar alternativi istisna etmirlər. Bu cür vəziyyətdə manevr etmək daha uyğun görünür. Alternativ siyasi-ideoloji sistemləri inkar etməməkdə liberalizmin də mövcudluğunu legitimləşdirmək istəyi durur.

Robin Niblettin fikrinə görə, qlobal miqyas üçün nəzərdə tutulan liberal nizam daha "təvazökar" bir layihəyə transformasiya edə bilər. Bu, "fərqli siyasi sistemləri əhatə edən liberal dünya iqtisadi nizamı ola bilər". Yəni Qərb siyasi-ideoloji və mədəni inteqrasiya iddialarından əl çəkməlidir. Əvvəlki miqyasda və intensivlikdə öz dəyərlərini (əsasən siyasi mahiyyətli) dünyaya yaymaqdan imtina etməlidir. Başlıca olaraq diqqəti iqtisadi faktora yönəltməlidir.

Günümüzdə Qərbin siyasi və akademik dairələrində "dünyanın sonu” fikrinə tez-tez rast gəlirik. Bu düşüncə tərzi nə deməkdir? Soyuq müharibə bitdikdən, nəzəri cəhətdən dünyanın qütblərə parçalanma dövrü başa çatdıqdan sonra yeni dünya nizamı necə olmalı idi. Yaranmış yeni şəraitdə Qərb nə təklif etdi? Yalnız Qərbə məxsus dəyərlərin bütün dünyaya tətbiq olunması nə ilə nəticələnə bilərdi? Qərbdə belə fikirləşdirdilər ki, demokratiya və sivil dövlət quruculuğu yalnız onlara məxsusdur və bütün dünya ölkələri normal inkişaf üçün yalnız Qərbi təlqin etməlidir.

Fikirimizcə, beynəlxalq münasibətlərin hazırkı vəziyyətin, bütün suveren dövlətlərin öz tarixi keçmişinin, inkişaf yolunun, adət və ənənələrinin, milli və sosial mentalitetinin nəzərə alınmaması günümüzdə Qərbin diktəsi altında yaranmış liberal dünya nizamının gələcəyini təhlükə altına qoyur, bəşəriyyət qarşısında həyəcan təbili çalır.

Birqütblü dünya modeli yaratmağa çalışarkən Qərb bütün dünya ölkələrini maraqlandıra biləcək alternativ təklif etmədi. Dünya nizamının yalnız Qərb dəyərlərinə əsaslanması başlıca maneə oldu və nəticədə liberal dünyanın süqutu haqqında danışılmağa başlandı. Əksinə soyuq müharibədən qələbə ilə çıxmış bu eyforiyanın təsiri altına düşdü və davamlı inkişaf üçün ekstensiv üsul seçdi. Yeni bazarların əldə edilməsi əsas məqsəd oldu. Yeni bazarların imkanlarının məhdudlaşması isə əvvəlcədən elan olunan bütün liberal dəyərlərin, o cümlədən demokratiya və insan haqlarının nəzərə alınmamasına gətirib çıxardı. Əgər keçən əsrin sonlarında keçmiş Sovetlər İttifaqı və Şərqi Avropanın sosialist ölkələri Qərb şirkətləri üçün yeni istehlak bazarı idisə, yeni minillikdə bu bazar artıq kifayət etmirdi. İnkişafın ən sadə yolu tapılmışdı – mövcud olanların təkmilləşdirilməsi hesabına deyil, hər şeyə sıfırdan başlamaqla bazarların istehlak qabiliyyətinin genişləndirilməsi.

Post-sovet və post sosialist bazarının imkanları azaldıqdan sonra yeni bazar Şimali Afrika və Yaxın Şərq ölkələri oldu. Yeni bazarlar əldə edilərkən isə ümumbəşəri dəyərlər və prinsiplərə əməl etmək vacib hesab edilmirdi. Buna görə də liberal dünya alətlərinin doğru seçilməməsi, geosiyasi maraqların ümumbəşəri ideyaları üstələməsi mövcud dünya nizamının ədalət, bərabərlik, qarşılıqlı hörmət prinsiplərindən kənara çıxmasına səbəb oldu. Bütün bunlar isə dünyanın gələcəyi üçün təhlükədir. Axı səhvi səhvlə düzəltmək olmaz!

Newtimes.az

 





17.05.2017    çap et  çap et