525.Az

Dillər Universitetində Jurnalistika kafedrası


 

BU ALİ TƏHSİL OCAĞINDA AZƏRBAYCAN VƏ XARİCİ DİLLİ KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ ÜÇÜN MÜTƏXƏSSİSLƏR HAZIRLANACAQ

Dillər Universitetində Jurnalistika kafedrası<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının müvafiq qərarına əsasən universitetdə Jurnalistika kafedrası yaradılıb.

Kafedranın yaradılmasında əsas məqsəd istər Azərbaycandilli, istərsə də müxtəlif xarici dilli kütləvi informasiya vasitələri üçün mütəxəssislərin hazırlanmasını təmin etməkdir. Universitetdə Filologiya və Jurnalistika fakültəsi də fəaliyyət göstərir. Fakültə 2013-cü ildə yaradılıb. İxtisaslarının müxtəlifliyi və çoxşaxəliliyi ilə fərqlənən bir fakültədir. Belə ki, dünyanın bir çox aparıcı universitetləri ilə əlaqələri olan bu fakültə nəinki ingilis, alman, fransız, ispan, rus, Azərbaycan dilləri üzrə filoloq, müəllim, hətta ictimai həyatın bütün sferalarını əhatə edən informasiyaya, geniş kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malik jurnalistlər də yetişdirir. Fakültədə təqdim edilən ixtisaslar üzrə tədris olunan fənlər də aktual və maraqdoğurucudur.

BİR NEÇƏ DİL BİLƏN JURNALİSTLƏR 

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərə biləcək, yüksək ixtisaslı dil mütəxəssisləri olacaq tələbələrə üslubiyyat, nitq mədəniyyəti, ölkəşünaslıq, jurnalist etikası, radio jurnalistika, fotojurnalistika və sair  fənlər tədris olunmaqla yanaşı, onların öz profillərinə uyğun arzularını reallaşdıra biləcək seçmə fənlər də təqdim olunur. Ümumilikdə, fakültəmizdə, öz peşəsinin əsl mütəxəssisi olan, innovativ metodlarla işləyən müəllimlər tərəfindən təşkil olunmuş yaradıcı, effektiv və keyfiyyətli tədris mühiti İKT əsaslı otaqlarda, elmi-tədqiqat mərkəzlərində həyata keçirilir.Hazırda fakültədə 1174 tələbə təhsil alır. Universitetin bütün fakültələrində olduğu kimi, Filologiya və jurnalistika fakültəsində də tədrisdə Bolonya sistemi tətbiq olunur. Burada kredit sistemi, delokalizasiya proqramları, seçmə fənlərin tələbələr tərəfindən müəyyənləşdirilməsi və bir çox digər məsələlər öz əksini tapır.

BU, RƏQABƏTİ ARTIRACAQ

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli deyir ki, sevindirici haldır ki, artıq Azərbaycan Dillər Universitetində də jurnalistika təhsili verən kafedra yaradılıb: “Yeni əsr jurnalistlərdən maksimum peşəkarlıq tələb edir. Böyük peşəkar olmağın yolları isə öyrənməkdən, təcrübədən keçir. Dünyanın, demək olar ki, əksər universitetləri jurnalistika peşəsini öyrədən fakültələrə, şöbələrə malikdir. Bu fakültə və şöbələr bir sıra universitetlərdə müxtəlif cür adlana bilər, lakin onların hamısında peşəkarlığın həm nəzəri, həm də praktik istiqamətləri tədris edilir. Hər bir ölkənin universitetlərindəki jurnalistika təhsili iki əsas istiqamətə diqqət yetirir: milli ənənələrin və müasir beynəlxalq təcrübənin öyrədilməsi. Mən inanıram ki, Dillər Universitetinin Jurnalistika kafedrası da tədrisi bu istiqamətdə formalaşdıracaq”.

C.Məmmədlinin dediyinə görə,qloballaşan dünyada sərhədsiz informasiya məkanı formalaşıb. İnformasiyanın əldə edilməsi mənbələrinin coğrafiyası hədsiz dərəcədə genişlənib, xəbərin yayılması üçün hərtərəfli infrastruktur formalaşıb. Xəbərin məzmunu və forması ilə yanaşı, operativliyi və etibarlılığı əsas meyara çevrilib. Bütün bunlar informasiyanın istehsalçıları və istehlakçıları arasında yeni münasibətlərin yaranmasına gətirib çıxarır. İlk mənbə ilə işləmək bacarığı, informasiyanın alınması, işlənməsi, dəqiqləşdirilməsi, operativ şəkildə yayılması ön plana keçir: “Dünyada baş verən hadisələr barədə informasiyanın ilk mənbədən alınması üçün isə jurnalistin xarici dil bilməsi  zəruridir. Xarici dilləri bilmək, təkcə jurnalistlərə deyil, hər bir ixtisas sahibinə gərəkdir. Çox dil bilmək vacibdən də vacib keyfiyyətdir”.

C.Məmmədli əlavə edib ki, yeni kafedranın yaradılması universitetlər arasında rəqabəti artıracaq və bu da peşəkar mütəxəssislərin yetişməsinə şərait yaradacaq.

“JURNALİSTİKA KAFEDRASININ YARADILMASINI ALQIŞLAYIRAM”

Əməkdar elm xadimı, professor Şahlar Əsgərov Dillər Universitetində Jurnalistika kafedrasının yaradılmasını önəmli hadisə olduğunu bildirib. Onun sözlərinə görə, hazırda jurnalistlər ölkədə bütün sahələr üzrə baş verən yenilikləri ictimaiyyətə çatdırır. Yaxşı olar ki, jurnalistlər bu yenilikləri bütün bəşəriyyətə çatdıra bilsinlər: “Fikrimcə, jurnalistlərin müxtəlif xarici dilləri, xüsusilə də ingilis və fransız dillərini bilməsi vacibdir. Ölkədə fəaliyyət göstərən KİV-in demək olar ki, əksəriyyətinin müxbirləri müxtəlif xarici ölkələrə ezam olunurlar. Xarici ölkələrə ezam olunmuş jurnalistlər həmin dövlətdə baş verən mühüm hadisələri, ictimai prosesləri informasiya şəklində yerli media qurumlarına ötürürlər. Elə jurnalistlər də var ki, xüsusi reportajlar hazırlayaraq, Azərbaycan oxucularını əcnəbi ölkələrin tarixi, mədəniyyəti və həyat tərzi ilə yaxından tanış edirlər. Bu jurnalistlər xarici ölkələrdə iştirak etdikləri beynəlxalq səviyyəli tədbirlərdə insanlarla sərbəst təmas qurur, müəyyən çıxışlar edir, edilən çıxışlara reaksiya verməyi bacarırlar. Mən bunu alqışlayır və azərbaycanlı jurnalistlərin xarici dövlətlərdə Azərbaycanı təmsil etmələrini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, belə jurnalistlərin sayı çox olmalıdır. Xarici dil bilən jurnalistlərin sayının artırılmasına böyük ehtiyac var. Bu səbəbdən də Dillər Universitetində Azərbaycandilli, istərsə də müxtəlif xarici dilli kütləvi informasiya vasitələri üçün mütəxəssislərin hazırlanmasını təmin etmək məqsədilə Jurnalistika kafedrasının yaradılmasını alqışlayıram. Kafedra Dillər Universitetinin Elmi Şurasının müvafiq qərarı ilə yaradılıb. Mən bunu yerində, zamanında verilən qərar hesab edirəm. Bu, jurnalistikanın inkişafına, bu sahə üzrə yeni mütəxəssis kadrların yetişməsinə xidmət edən bir addımdır”. 

Ş.Əsgərov bildirib ki, bu gün televiziya, radio, sayt və qəzetlərdə kifayət qədər savadlı,  peşəkar, dəqiq, qərəzsiz, operativ, cəsarətli, vicdanlı və peşəsini sevən jurnalistlər çalışır. Onlar bütün sahələri əhatə edən yüksək səviyyəli məqalələr, reportajlar hazırlayırlar. Jurnalistlər içərisində rus, ingilis, fransız və sair dilləri bilənlər də az deyil: “Jurnalistlərin müəyyən hissəsi artıq müxtəlif kurslar vasitəsilə ingilis dilinin qrammatikası, danışıq və yazı bacarıqlarına yiyələniblər. Dil biliklərini inkişaf etdirdikləri üçün onların ingilis dilli mənbələrdən maneəsiz istifadə edə bilırlər. Çox istərdim ki, müxtəlif xarici dilləri bilən jurnalistlərin sayı çox olsun. Onlar xarici dilləri bilsələr xarici həmkarları ilə əlaqə, ünsiyyət qurarlar. Görüşlər, birgə ortaq fəaliyyətlər və layihələr həyata keçirə bilərlər”.

GƏLƏCƏK ÜÇÜN HESABLANMIŞ BİR ADDIM

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Azərbaycan Dillər Universitetində Jurnalistika kafedrasının yaradılmasını gələcək üçün hesablanmış bir addım hesab edir: “Azərbaycan Dillər Universitetində Jurnalistika kafedrasının yaradılmasını mütərəqqi addım hesab edirəm. Fikrimcə, kafedra istər Azərbaycandilli, istərsə də xarici dilli KİV üçün yüksək ixtisaslı, müxtəlif xarici dilləri bilən mütəxəssislərin hazırlanmasını təmin edəcək. Hazırda bütün dünyada ingilis, fransız və rus dili çox geniş yayılıb. Dünyanın ən mühüm mətbuat orqanları bu dildə yayımlanır. İstər xəbər almaq, istər xəbər yaymaq üçün rus, ingilis və fransız dilli təcrübəli, peşəkar media nümayəndələrinə çox ehtiyac duyulur.  Jurnalistin xarici dilləri bilməməsi informasiyanı ilkin mənbədən almaqda müəyyən problemlər yaradır. Düzdür, bu gün KİV-də kifayət qədər savadlı, peşəkar və bir neçə xarici dil bilən jurnalistlər var. Ancaq onların sayı nə qədər çox olsa, bir o qədər yaxşı olar”.

A.Aşırlının dediyinə görə, hazırda rəhbəri olduğu “Şərq” qəzetində müxtəlif xarici dilləri bilən peşəkarlar çalışır: “Dili yaxşı bildikləri üçün onlar mütəmadi olaraq xarici mətbuatı, saytları izləyir və xəbəri ilkin mənbədən götürürlər. Bu məlumatlar qəzetin saytında yer alır”.

JURNALİSTİN XARİCİ DİL BİLMƏSİ MÜTLƏQDİR, ZƏRURİDİR

“Səs” İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyevin sözlərinə görə, jurnalistin xarici dil bilməsi mütləqdir, zəruridir: “Məncə hər bir azərbaycanlı jurnalist öz dilinin qrammatikasını mükəmməl şəkildə bilməlidir. Azərbaycan dilində səlist, sərbəst danışmalıdır. Bunula yanaşı xarici dil, xüsusən də ingilis dilini bilməlidir. Beynəlxalq məsələlərdən yazan media təmsilçilərimiz əcnəbi dili öyrənməsi isə mütləqdir. Artıq dövr və zaman bunu tələb edir. Bu tələbi qarşılamaq öhdəliyimizdir. Düşünürəm ki, Azərbaycan Dillər Universitetində yaradılan Jurnalistika kafedrası müxtəlif xarici dilləri bilən jurnalistlərin yetişməsində mühüm rol oynayacaq”.

İcraçı direktor qeyd edib ki, hazırda “Səs” İnformasiya Agentliyində xarici dil bilən jurnalistlər çalışır. Ancaq onların sayı elə də çox deyil: “Ölkədə tez-tez beynəlxalq səviyyəli tədbirlər, konfranslar keçirilir. Belə tədbirlərdə iştirak edən əcnəbi mütəxəssis və ekspertlərlə dialoq qurmaq üçün xarici dil bilən jurnalistlərə çox ehtiyac var. Mediamızda fəaliyyət göstərən xarici dilli jurnalistlərin əksəriyyəti də qeyri-ixtisas sahibləridir. Müəyyən bir qismi başqa sahənin adamıdır, sadəcə olaraq xarici dil bilgisi olduğu üçün jurnalistikaya cəlb olunub. İnanıram ki, Azərbaycan Dillər Universitetində yaradılan Jurnalistika kafedrasında Azərbaycanda xarici dilli və ixtisaslı jurnalist kadrlar hazırlanacaq. Mediamızda xarici dilləri bilər jurnalistlərin sayı çoxalacaq. Hesab edirəm ki, jurnalistika fakültəsini bitirən jurnalist tələbələr ən azından ingilis və rus dillərini bilməlidir ki, onlar öz gələcək fəaliyyətlərində ölkəmizi xarici media orqanlarında da təmsil edə bilsinlər.Prezident İlham Əliyev də çıxışlarının birində qeyd etmişdir ki, Azərbaycanda xarici dil bilən peşəkar jurnalistlərin yetişdirilməsi üzərində xüsusi işləmək lazımdır. Buna çox böyük ehtiyac var”.

V.Vəliyev vurğulayıb ki, Azərbaycanda xarici dilli mükəmməl jurnalistika məktəbinin olmağı çox vacibdir: “Heç kimə sirr deyil ki, tək Azərbaycan dili ilə ölkə həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq mümkün deyil. Bunun üçün bizim jurnalistlər aparıcı dilləri mükəmməl şəkildə mənimsəməli və qərb mediası ilə əməkdaşlıq etməlidir”.

S.QARAYEVA

 





20.05.2017    çap et  çap et