525.Az

Konqresin ləğvi Bakı-Moskva münasibətlərinə mənfi təsir edir


 

“CİDDİ SƏBƏB OLMADAN QURUMUN QEYDİYYATININ LƏĞV EDİLMƏSİ TƏBİİ PROSES KİMİ QƏBUL OLUNA BİLMƏZ”

Konqresin ləğvi Bakı-Moskva münasibətlərinə mənfi təsir edir<b style="color:red"></b>

Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etməsi iki ölkə arasında münasibətlərə mənfi təsir edən addımdır.

Qurumun ləğvinə gətirib-çıxaran səbəbləri analiz etdikdən sonra yalnız o nəticəyə gəlmək mümkündür ki, Rusiyanın siyasi dairələrində kimlərsə xaricdə yaşayan azərbaycanlıların ən böyük ictimai birliyinə qarşı qərəzli yol tutub, bu konqresin fəaliyyətinin dayandırılmasında maraqlıdır. Belə görünür ki, Rusiyadakı anti-Azərbaycan dairələr, erməni lobbisi iki ölkə arasında münasibətləri gərginləşdirməyə çalışır.

Azərbaycan-Rusiya münasibətlərinin tarixinə nəzər salsaq, ikitərəfli əlaqələrin daim yüksək səviyyədə olduğu, bütün sahələr üzrə səmərəli əməkdaşlıq münasibətlərinin hökm sürdüyü qənaətinə gəlmək olar. Şübhə yox ki, iki ölkə prezidentləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərib, bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri inkişaf etdirilib və qarşılıqlı dəstək ruhu hökm sürüb. Ölkəmizdə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımlar atılıb və bu siyasət hazırda da davam etdirilir.

Bütün bunlarla yanaşı, Rusiyanın bəzi anti-Azərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirir. Son zamanlar Rusiyanın ədliyyə sistemində yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir. Bu mənada, qərar qəbul olunarkən Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşaması, qonşu ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilməsinin nəzərə alınmaması şübhələrin əsassız olmadığını göstərir. Halbuki, Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərində körpü rolu oynayır və bu əlaqələrin sağlam məcrada saxlanması istiqamətində məqsədyönlü fəaliyyət aparır. Bu mənada, qurumun ləğv edilməsi yalnız ikitərəfli münasibətlərin inkişafını ləngitmək, əlaqələri sıradan çıxarmaq məqsədi daşıyır.

Həmçinin, unutmaq olmaz ki, Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində fəaliyyət göstərən, vasitəçilik missiyası həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biridir. Onu da nəzərə alsaq ki, Ümumrusiya Azərbaycanlıları Konsqresinin qeydiyyatının ləğvi prosesi rəsmi Moskvanın Ermənistana verdiyi hərbi-siyasi dəstək fonunda baş verir. Bu o deməkdir ki, Rusiya bununla bitərəfliyini pozur, açıq-aşkar münaqişə tərəfləri arasında fərq qoyur. Ona görə də, qərarın qəbulu Kremlin regiondakı fəaliyyətində problemə yol açacaq, vasitəçi kimi əhəmiyyətini azaldacaq.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Tahir Mirkişili qeyd edib ki, Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi narahatlıq doğurur. O, “Trend”ə bildirib ki,bu qərar Rusiya ilə Azərbaycanın münasibətlərinin yaxşılaşmasından narahat olan qüvvələrin sifarişidir: “Bu qurumun məqsədi Rusiya ilə Azərbaycan əlaqələrinin yaxşılaşmasına dəstək verməkdən ibarət olub. Bu qurum təkcə Rusiyada yaşayan azərbaycanlıların birliyi deyil. Konqres həm Rusiya, həm də Azərbaycan ziyalılarını birləşdirən bir platformadır. Düzdür, bu qərar Rusiyanın daxili işidir. Amma qurumun qeydiyyatının ciddi bir səbəb olmadan ləğv edilməsi təbii proses kimi qəbul edilə bilməz. Rusiya qanunlarına görə, ölkə ərazisində fəaliyyət göstərən hər hansısa bir qurumun sənədlərindəki çatışmazlıqlar Rusiyanın maraqlarına ziddirsə, bu halda həmin qurumun fəaliyyəti dayandırıla bilər. Əgər ölkə maraqlarına zidd deyilsə, təşkilatın sənədləri qanuna uyğun şəklə salınmalıdır. ÜAK-ın fəaliyyət göstərməsi üçün çatışmayan sənədlər də Rusiyanın maraqlarına heç bir xələl gətirmir”.

T.Mirkişili hesab edir ki, Rusiyada yaşayan azərbaycanpərəst qüvvələr və Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşmasına xidmət edən şəxslər iki ölkənin çoxtərəfli əlaqələrini rəhbər tutaraq bəlli olmayan səbəbdən bu qurumun ləğv edilməsinin qarşısını alacaq.

Deputat Bəxtiyar Sadıqov isə “Trend”ə bildirib ki, Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etməsi təəssüf doğuran bir haldır: “Bu qərar Azərbaycanla Rusiya münasibətlərinə kölgə salır. Bu təşkilat uzun müddət çox səmərəli fəaliyyət göstərən bir qurumdur. Bu qurumun bütövlükdə fəaliyyəti Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə yardım edib. Təəssüf ki, Rusiyadakı bir sıra məmurlar orada yaşayan erməni əsilli imkanlı şəxslərin təsiri altına düşərək belə bir addım atılmağa təhrik olunublar. Rusiyanın Ədliyyə Nazirliyi Azərbaycan-Rusiya əlaqələrinin tarixinə, çoxcəhətliliyinə, strateji əməkdaşlığına baxmayaraq, bürokratik məsələləri bəhanə gətirərək qərar qəbul edib. Bu qərar bütövlükdə Azərbaycan-Rusiya münasibətlərinə, bu münasibətlərin sağlam inkişafına kölgə salan bir qərardır”.

B.Sadıqovun sözlərinə görə, Azərbaycan həmişə Rusiyaya dost münasibəti bəsləyib, Azərbaycanda fəaliyyət göstərən rus icmasına, ruslara yardım edib: “Amma Rusiya Ümumrusiya Azərbaycanlıları Konqresi barədə qərarda bu adekvatlığı göstərmədi. Bu, kifayət qədər düşünülməmiş addımdır. Bu qərarın dəyişdirilməsinə hələ imkan var. Əgər Rusiya Azərbaycanı özünə strateji tərəfdaş hesab edirsə və istəyirsə ki, Cənubi Qafqazın söz sahibi olan Azərbaycanla münasibətləri inkişaf etsin, bu qərar tezliklə düzəldilməlidir”.

Deputat Rasim Musabəyov qeyd edib ki, Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi Rusiya-Azərbaycan münasibətlərinin ruhuna zidd qərardır və bu qərarın münasibətlərə mənfi təsiri olacaq. O, APA-ya ÜAK-ın qeydiyyatının ləğvinin səbəbini də açıqlayıb: “Rusiyanın öz oyuncaq təşkilatı - “AzərRos” var. Nüfuzlu ziyalıların, insanların isə hamısı ÜAK-a üz tutub, əsas maliyyə imkanları da məhz ÜAK-da cəmlənir. “AzərRos” havada qalıb. Rusiyada diaspor təşkilatlarını daha çox Azərbaycana təsir etmək üçün düşünürlər, diasporun maraqlarının təmsil olunması o dərəcədə də maraqlandırmır. ÜAK-dan istədikləri kimi manipulyasiya edə, Azərbaycanın daxili işlərinə qarışmaq üçün istifadə edə bilmirdilər. İndi istəyirlər ÜAK-ı aradan götürsünlər ki, nüfuzlu insanlar da, maliyyə də öz oyuncaq təşkilatlarına yönəlsin. Onlar da lazım gələndə həmin təşkilatın nümayəndələrini televiziyaya çıxarıb, Azərbaycanın daxili işlərinə qarışmağa, istəyəndə Türkiyəni hədəf seçməyə nail olsunlar. ÜAK-ın qeydiyyatının ləğvində məqsəd budur”.

R.Musabəyov qeyd edib ki, ÜAK-ın qeydiyyatının bərpası üçün bütün addımlar atılmalıdır: “İlk növbədə hüquqi müstəvidə addımlar atılmalıdır. Rusiya Ali Məhkəməsinin Kollegiyasına apellyasiya şikayəti verilməlidir, Rusiya Konstitusiya Məhkəməsinə də müraciət olunmalıdır. Çünki Rusiya Konstitusiya Məhkəməsinin vaxtilə buna bənzər bir məsələ ilə bağlı qərarı olub ki, formal, bürokratik əsaslara görə ictimai təşkilatları, partiyaları bağlamaq olmaz, onların qeydiyyatını ləğv etmək düzgün deyil. Hüquqi müstəvidə sona qədər mübarizə aparmaq lazımdır”.

Deputat ÜAK-ın bağlanmasının ilk növbədə Rusiyada yaşayan azərbaycanlıların maraqlarına toxunduğunu vurğulayıb: “Rusiyada 2 milyona qədər azərbaycanlı yaşayır. Ən azı 200 min azərbaycanlı Kremlə, Rusiya Ali Məhkəməsinə, Ədliyyə Nazirliyinə məktubla müraciət etməli, etirazlarını, şikayətlərini bildirməlidir. Rusiyada məmurlar hiss etməlidirlər ki, insanların hissləri ilə bu cür kobud formada oynamaq olmaz. Rusiyada yaşayan azərbaycanlılar sakit oturaraq Azərbaycan dövlətinin bütün məsələləri həll edəcəyini gözləyəcəklərsə, bu, düzgün deyil. Digər tərəfdən, Azərbaycanın müvafiq qurumları - parlament, Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası və Diasporla İş üzrə Dövlət Komitəsi öz xətti ilə bütün imkanları səfərbər etməli, Rusiyadakı tərəfdaşlara çatdırmalıdır ki, ÜAK-ın qeydiyyatının ləğvi barədə qərar Azərbaycanda çox mənfi qəbul edilib, məsələ belə qaldığı halda ikitərəfli münasibətlərə xələl gətirəcək”.

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, deputat Elman Nəsirov isə APA-ya bildirib ki, ÜAK tipli təşkilatlar Azərbaycan və Rusiya arasında qonşuluq münasibətlərinin inkişafına xidmət edir: “Təəssüf ki, Rusiyada müəyyən anti-Azərbaycan dairələri, xüsusilə də ermənipərəst qüvvələr hər zaman Azərbaycan və Rusiya arasında formalaşmış dostluq və strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə çalışıblar. ÜAK Rusiyada azərbaycanlıların ən böyük diaspora təşkilatıdır. ÜAK-ın rəhbərliyindəki şəxslərin Rusiya cəmiyyətinə çox ciddi təsir imkanları mövcuddur. Ona görə də ÜAK hədəf seçilib. Rusiyadakı anti-Azərbaycan qüvvələrinin məqsədi odur ki, iki dövlət arasında münasibətləri pozsunlar. Bütün diplomatik və hüquqi rıçaqlardan istifadə edərək ÜAK-ın qeydiyyatının bərpasına nail olmaq lazımdır”.

Ceyhun ABASOV

 





20.05.2017    çap et  çap et