525.Az

Ali məktəb müəllimlərinin forumu keçirildi


 

Ali məktəb müəllimlərinin forumu keçirildi<b style="color:red"></b>

Dünən Bakıda Azərbaycan ali məktəb müəllimlərinin “SABAHın müəllimi” adlı I Forumu keçirilib.

Forum Təhsil Nazirliyinin SABAH qrupları, Azərbaycan Dövlət Pedaqoji Universiteti və “Microsoft” şirkəti tərəfindən birgə təşkil olunub.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, forumun keçirilməsinin əsas məqsədi ali təhsil müəssisələri müəllimlərinin bilik, bacarıq və metodika ilə bağlı fikir mübadiləsi aparması və ali təhsilin müasir trendlərinin müzakirəsidir. C.Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, müasir dünyanın yeni çağırışlarına və yüksək biliyə malik cəmiyyətin qurulması məqsədilə ali təhsil müəssisələrində yaradılmış SABAH qruplarının gənclər üçün yeni imkanlar açdığını bildirib. O, forumun “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ni rəhbər tutmaqla, müəllimləri qlobal meyllərə uyğun şəkildə yeni texnologiyaların inkişafına töhfə verməyə təşviq etmək, müəllimlərə dəstək olmaq məqsədilə keçirildiyini söyləyib. Nazir müavini vurğulayıb ki, bu tədris ilində Azərbaycanda 740-dan artıq SABAH qrupları tələbəsi məzun olacaq. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə, 45 ixtisas və 2300-dən artıq tələbəni və 600-dən artıq professor-müəllim heyətini əhatə edir. O deyib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində yaradılan SABAH layihəsinin əsas məqsədi ali təhsildə  keyfiyyətin yüksəldilməsi,  yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir: “Son üç il ərzində SABAH qruplarında tədris aparmaq üçün müraciət etmiş namizədlərin sayı 4 dəfə artıb. 2014-2015-ci tədris ilində tədris aparmaq üçün müraciət etmiş müəllimlərin sayı 450 olduğu halda, 2016-2017-ci tədris il üçün bu rəqəm 1790 olub. Bu layihədə ən böyük rol müəllimlərin üzərinə düşür. SABAH qruplarına müəllimlər seçim əsasında  seçilir. Bu qruplarda təhsil alan gənclərin də sonradan işlə təmin olunması vacib amil hesab edilir. Ötən il 38 xarici və dövlət şirkəti SABAH qruplarında təhsil alan 600 tələbəyə iş təklif edib”.

Nazir müavininin sözlərinə əsasən, növbəti tədris ilindən bu qruplarda oxuyan tələbələr ikinci xarici dil olaraq alman dili tədris olunacaq: “Hazırda bu istiqamətdə danışıqlar aparılır”.

C.Bayramov qeyd edib ki, son illər ölkədə müəllimlik ixtisasına maraq artıb. Onun sözlərinə görə, 2015 və 2016-cı illərdə 1000-dən çox məzun 500-dən yuxarı bal toplayaraq müəllimlik ixtisasını seçib: “Ölkədə test imtahanı tətbiq olunandan həmin dövrə qədər belə yüksək göstərici və seçim qeydə alınmayıb. Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının 100-dən artıq məzunu bu gün ali məktəblərdə müəllim kimi fəaliyyət göstərir. Ötən il ölkədə müəllimlərin işə qəbulu üzrə müsabiqədə rekord sayda göstərici qeydə alınıb.  Belə ki, 2016-cı ildə müəllimlərin işə qəbulunda 34 min namizəd yer tutmaq üçün müraciət edib. Təhsil Nazirliyi olaraq müəllimlərin fəaliyyəti üçün bütün şərait yaradılacaq ki, gənclər də onların potensialından faydalansın”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov SABAH qruplarında təhsilin inkişafı üçün görülən tədbirlərin əhəmiyyətindən, müəllimlərin davamlı elmi inkişafının aktuallığından danışıb.

C.Cəfərov bildirib ki, bu gün valideynlər övladlarını gələcəyin hədəflərinə uyğun yetişdirmək üçün yeni yollar və formullar axtarırlar. Kompüter, planşet və ağıllı telefonlarla bir arada uşaqları öyrətmək, tərbiyə etmək çox çətindir. Bu işin öhdəsindən gələ biləcək müəllim kadrların hazırlanması təhsil müəssisələrinin qarşısında yeni tələblər qoyur. Rektor deyib ki, ölkədə pedaqoji təhsilin inkişaf etdirilməsi, müasirləşdirilməsi dünyada baş verən dəyişikliklərə və yeniliklərə uyğun yenidən qurulması, müasir tələblərə cavab verməsi istiqamətində yeni addımların atılmasına və pedaqoji təhsilin keyfiyyətinin dünya göstəricilərinə uyğunlaşdırılmasına ehtiyac var.  Bu hədəflərə nail olmaq üçün ali məktəbin üzərinə böyük öhdəliklər düşdüyünü deyən rektor qeyd edib ki,  cəmiyyətin və dövlətin universitetdən haqlı gözləntiləri çoxdur.

C.Cəfərov vurğulayıb ki, yeni təhsil modelinin tətbiqi günün ən aktual probleminə çevrilib. Onun sözlərinə görə, müasir təhsilin hədəfi problemləri həll etmək bacarığına sahib,  biliyi əldə etmək yollarını bilən, analitik düşüncə qabiliyyətinə malik olan mütəxəssislər yetişdirməkdir: “Bir vaxtlar müəllim peşəsinə olan inamın yüksəldilməsi üçün müasir dövrün tələblərinə uyğun bilik və bacarığa malik müəllim yetişdirilməsi istiqamətində işlər həyata keçirilir”.

Tədbirin davamında “Müasir trend və çağırışlar” adlı panel sessiya üzrə müzakirələr aparılıb.

S.QARAYEVA

 





20.05.2017    çap et  çap et