525.Az

Qocalıq gəlsə, nə qəm...


 

Ömür-gün sirdaşıma

Qocalıq gəlsə, nə qəm...<b style="color:red"></b>

Harda olsan gələrəm,
Təki sən səslə məni

Əliağa Kürçaylı

O, qapını açanda telefonla danışan arvadının səsini eşitdi:

- Sağ olun, xoş sözlərinizçin. Əlbəttə, inanıram, bilirəm ürəkdən deyirsiniz. Evə gələn kimi mütləq çatdıraram özünə.

Dəstəyi yerinə qoyub yaşına uyğun asta, xırda addımlarla astanada maraq dolu nəzərlərlə ona baxan ərinə yanaşdı. Qollarını boynuna dolayıb üzündən öpdü, ərkyana dedi:

- Göz dəyməsin, nə çox istəyən varmış səni işində, idarədə... - Sözünə ara verib, məhrəm nəzərlərlə ömür-gün sirdaşını süzdü:

- Heç bilirsən nə qədər zəng eləyiblər, şəninə nələr deyiblər?! Vallah yadımda qalmayıb çoxu. Hələ umu-küsü də elədilər.

Kişi  təəccübləndi:

- Nəyə görə?

- Ona görə ki, deyirlər gərək yığıncağa  qalaydı, sözümüzü  deyib təntənəli  “provod” eləyəydik.

O, əllərini yellədi:

- Sən ki, xasiyyətimi bilirsən. Zəhləm gedir biçili-ütülü, boğazdan yuxarı sözlərdən...

- İnsafən, zəng eləyənlər elə-belə yox, ürəkdən danışırdılar.

Kişi fikirli halda:

- Ola bilər, - dedi, - telefonda, ikilikdə, otaqda üzbəüz danışsınlar, ürəklərini boşaltsınlar, ancaq... - O, zənlə arvadına baxdı, - ancaq yığıncaqda, rəsmi yerdə hər adam bunu bacarmaz, öz sözünü kişi kimi deyə bilməz. Xüsusən, indiki halda, bizim idarədə.

Arvadının təəccüblə ona baxdığını görüb izah elədi:

- Həmişə yuxarıda  dəyişiklik olanda aşağıda öz təsirini göstərir. Bizim də nazirimiz dəyişib. Tanımıram onu. Deyirlər ki, cavandır, komandası var, köhnə işçiləri çıxarıb əvəzinə özününküləri qoyacaq. Bilmək olmur, bu söz-söhbət doğrudur, ya yalan. Ancaq hiss edirəm ki, çoxları təşvişə düşüb, elə bil idarəyə şübhə toxumu səpilib, göyərib sarmaşıq kimi işçilərin əl-qoluna dolaşıb. Başda oturan rəisin kürsüsü laxlayır, özü də çaş-baş qalıb.

- Axı nəyə görə, vəzifəsi canından şirindir bəyəm? Madam belədir, ərizəsini versin, çıxsın pensiyaya, sənin kimi.

Arvadının sadəlöhvlüyünə içində gülsə də, üstünü vurmadı, dodağı qaçdı. Həlim səslə:

- Məsələ başqa cürdür, - dedi, - onun hələ pensiya yaşı çatmayıb. Üstəlik, işində kəm-kəsiri, əyər-əskiyi var. Bunu nazirə çatdırıblar. Deyiblər ki, rəisin  nəfsi qılıncdan itidir, idarənin anbarını tarmar eləyib.

Araya sükut çökdü. Araz kişi yan otağa keçib paltarını dəyişdi. Arvadı təzədəm çayı armudu stəkana süzüb mətbəxin küncündəki kiçik masanın üstünə qoydu. Kişi çayı ləzzətlə içib xanımını təriflədi:

- Sənin çayının ətri-tamı bambaşqadı, işdə belə dəmləyə bilmirlər.

Gülər xanımın dodağı qaçdı:

 - Niyə, bu neçə ildə o qədər xanımdan biri sən bəyəndiyin kimi dəmləməyi öyrənmədi?

Arvadının xasiyyətinə yaxşı bələd olan, incə yumorundan xoşhallanan kişi özünü o yerə qoymadı:

- Mənə ləzzət eləyən çayı həmişə sən dəmləmisən, heç vaxt ətrindən doymamışam.

Xanımı “hücumunu” davam etdirdi, üstüörtülü zarafatından qalmadı:

- Çox qəribədir, bayaq qızlar telefonda dil-dil ötüb səni elə tərifləyirdilər ki, qulaqlarıma inana bilmədim. Məəttəl qaldım ki, səslərini eşidib üzlərini görmədiyim cavan xanımlar mənim  qoca ərimi niyə belə odlu-alovlu mədh eləyirlər? Xeyir ola?!..

- Kimdir qoca, sənin kimi gözəl-göyçək adı Gülər, üzü gülər xanımın əri heç qocalar?!

Kişisinin özünəməxsus yumorla hazırcavablığından qadın içində  zorla boğduğu gülüşünü  saxlaya bilməyib gözləri yaşarınca uğundu. Ona qoşulan ərinin ürəkdən gələn şaqraq qəhqəhəsindən elə bil mətbəxdəki  qab-qacaq da titrəyib cingildədi...

lll

Araz kişi həftəsonu - şənbə, bazar günləri bağda olurdu. Yazqabağı vaxtilə əkib-becərdiyi ağacları, tənəkləri budayır, kəsdiyi quru budaqları, çör-çöpü  yığışdırıb darvazanın yanında üst-üstə qalaqlayır, fürsət düşən kimi yük maşını tutub daşıtdırırdı. Sonra birmərtəbəli, hündür kürsülü, geniş, işıqlı eyvanlı bağ evini  sahmana salıb yay mövsümünə  hazırlığını başa çatdırırdı.

Həmyaşıd bağ qonşuları ilə söhbəti tuturdu. Onlar bilirdilər ki, Araz kişi bağda, ağaclar arasında özünün təbirincə “qurdalanmaqdan” ləzzət alır. Həftə ərzində idarədə gördüyü işin ağrı-acısı canından çıxır, əsəbləri sakitləşir, özü rahat olur.

O, həvəskar bağban kimi ağaclara, tənəklərə qulluq etməkdən, əkib-becərməkdən zövq alırdı. Uzaq dağlıq rayonun ucqar kəndində, meşə ətəyində  rəhmətlik babasının yadigarı olan bağ-bağatı tez-tez xatırlayırdı. Uşaq yaşlarında ətəyindən tutub həndəvərində boy atdığı bağban babasından yeniyetmə, sütül çağlarında dünyanın ən qədim peşəsinin sirlərini öyrənməyə çalışır, görüb götürürdü. Sonra...

... Yayın cırhacırında Xəzərdən əsən meh bağ evinin eyvanına kölgə salan iri tut ağacının yarpaqlarını xəfif-xəfif titrətdi. Yetişib şirələnən  gilələr ağacın altına təkəm-seyrək  töküldü. O, başını qaldırıb budaqların yaxasında muncuq kimi asılıb sıralanan bəyaz gilələrə baxdı. Yadına babasının bağından gətirib üstü qumlu torpağa basdırdığı, sonra günaşırı sulayıb nazını çəkdiyi sütül şivərək ting düşdü. Dərindən köksünü ötürdü... Ömürdən uçan illər... Ali təhsil, iş, ailə, övladlar, nəvələr... İndi də  ahıl yaşlı baba. Birdən səksəndi, cingiltili səs  eşitdi. Əlini ehmalca cibinə salıb telefonunun düyməsini basdı, üzü işıqlandı. Gülərin səsini eşitcək xoşhal oldu, əhvalını, uşaqları soruşdu.

- Hamımız yaxşıyıq, bəs sən necəsən? Yuxumu qarışıq görmüşəm, birdən təzyiqin qalxar, dərmanını iç...

- Dərmana-zada ehtiyacım yoxdur bura gələndən. Sən də yığış gəl, nə var axı, yayın bürküsündə şəhərdə. Bir azdan uşaqlar da gələrlər yəqin, məzuniyyətə çıxarlar.

- Hə, elədir, əvvəl mən gələcəyəm, sonra da onlar, darıxma.

O, bütün günü həyət-bacada, bağda başını qatsa da, dənizdə çimib, narın qumlu sahildə uzanıb sərinləsə də, qürub çağı  pensiyaçı  tay-tuşları ilə nərd, şahmat oynayıb, zarafatlaşıb gülsə də, evə dönəndə axşamın qaranlıq sükutunda Gülərsiz ürəyi sıxılırdı...

Ailə quran gündən buna alışmışdı: harada olur olsun, işi başından aşsa belə, axşamlar özünü evinə çatdırmış, Gülərini yalqız qoymamışdı. Yayda məzuniyyətlərini götürüb səfalı dağ kəndinə - Arazın ata-baba yurduna gedər, istirahət edərdilər.

Sonra uşaqlar dünyaya gəldi, ailə böyüdü, ləpədöyənin yaxınlığında bağları oldu. İllər ötdü, uşaqlar kamala yetdilər, təhsillərini başa vurub ailə qurdular. “Qız köçəri quş kimidir” , - deyiblər. Belə də oldu. Ancaq uzağa yox, lap yaxına qonşu evə köçdü ailənin ilki, yeganə qızı. Mehriban qonşular qohum oldular. Çox çəkmədi ki, oğul da evləndi, birlikdə yaşadılar. Nəvələr dünyaya ayaq açanda baba-nənə evində tünlük oldu. Odur ki, Araz baba pensiyaya çıxan kimi Gülər nənə ilə bağ evinə  köçməyi məsləhət bildi. Burada hər cür şərait olsa da, nənə nəvələrsiz darıxdı. Şəhərə gedib nəvələrini duz kimi yaladı, bağrına basıb əzizlədi, hey deyib güldü. Ancaq burada da çox qala bilmədi. Yenə darıxdı, bu dəfə “böyük uşaq” üçün. (Ərklə ərinə belə deyirdi, kişi ahıl yaşına çatandan sonra.)

“Görən mənsiz neynir, nə yeyib içir?” Tələm-tələsik özünü bağa yetirdi. Qaş qaralanda tut ağacının çətir tutduğu yerdə fikirli halda gəzişən ərinin qabağında dayandı. Qollarını qoşalayıb boynuna sarıldı, sinəsinə qısıldı, kövrək səsi titrədi:

- Yaman darıxdım...

- Bəs balacalar?..

- Balacalar şipşirindir, ancaq böyüksüz qala bilmirəm heç, - qadın etiraf etdi, kişi onun yanağında gilələnən göz yaşını qaranlıqda seçə bilmədi.

Qadın kövrək, həlim səslə heyrətini dilə gətirdi:

- Bilə bilməzdim heç bunu... ömrün epiloqunda belə olurmuş.

- Epiloq, ömrün epiloqu?..

- Hə də, demişəm axı sənə, insan  həyatı kitab kimidir: proloqu, fəsilləri, epiloqu.

- Yadıma düşdü... deməli, ömrümüzün proloqu tələbə olanda başlayıb.

- Əslində uşaq yaşından başlayır. Amma bizimki  universitetdə oxuyanda, sən fizmatda, mən filfakda; tez-tez bizim auditoriyanın qabağında görürdüm səni, - qadın fikrə getdi, sonra üzü işıqlandı, - nə yaxşı ki, bəxtimiz gətirdi, axır ki, bir olduq.

- Hə, elədir... sonra “fəsillərimiz” başladı...

- İllər nə tez ötdü, bir  göz qırpımında sanki...

- Fikirləşəndə ki, o gündən  yarım əsrdən çox keçir, inana bilmirəm.

- Mən də sənin kimi... demək ömrümüzün epiloqunu yaşayırıq?!.

- Eh, bu hələ son deyil ki, məncə başqa bir aləmdir, nəvələr,... bir azdan nəticəmiz də olar, inşallah.

- Hə, yaman istəyirəm nəticəmizi...nəticələrimizi görək.

- Təbiblər deyirlər ki, nikbin insanın arzusuna çatmaq istəyi ömrünü uzadır.

- Hə, “sevənlərin arzuları tükənmir” deyirlər.

Onlar bağın ayağına qədər sıralanan ağacların altı ilə asta addımlarla , gəzə-gəzə ürək söhbətləri eləyirdilər.

Dünəndən kükrəyib coşan dəniz axşamüstü  sakitləşmiş, bir-birini qovub sahilə çırpılan dalğalar xırdalanıb ləpələrə çevrilmişdi.

Səngiyən xəzri xəfif mehə dönüb əsdikcə sahilyanı bağlara sığal çəkir, ürəklərə sərinlik gətirirdi.

- Görürsən, xəzri də cavanlığımız kimi dövranını sürüb getdi, - deyə Gülər köksünü ötürdü, - öz aramızdır elə meh də gözəldir. Ömrümüzün mehi həmişə beləcə xəfif-xəfif qəlbimizi sığallasın, inşallah.

Gülərin nisgilli sözləri, ləpədöyəndən süzülüb gələn lirik mahnının həzin təranələri Arazın ürəyini kövrəltdi:

Eşqə yurd isə sinəm,
Qocalıq gəlsə nə qəm?!
Dönərəm, gəncləşərəm,
Təki sən səslə məni.

 





22.05.2017    çap et  çap et