525.Az

Ağcabədidə Heydər Əliyevin 90 illik yubileyilə bağlı konfrans olub


 

Ağcabədidə Heydər Əliyevin 90 illik yubileyilə bağlı konfrans olub<b style="color:red"></b>

Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi filialında ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibəti ilə “Heydər Əliyev və Azərbaycan” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirə Ağcabədi rayon İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Şöbəsi, YAP, Heydər Əliyev Mərkəzinin nümayəndələri, ziyalılar, filialın müəllim və tələbələri, media mənsubları qatılıb. Ulu öndərin əziz xatirəsi bir dəqiqə sükutla yad edilib. Konfransı giriş sözü ilə açan adıçəkilən filialın direktor əvəzi, filalogiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Fərzalıyeva tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, respublikamızın hər yerində Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi, siyasətçi, ümumilli lider Heydər Əliyevin 90 illik yubileyi təntənə ilə qeyd edilir. Heydər Əliyevi ulu Yaradanın xalqımıza bəxş etdiyi dahi şəxsiyyət kimi səciyyələndirən natiq göstərib ki, ulu öndərin misilsiz tarixi xidmətləri sayəsində ölkəmiz böyük fəlakətlərdən xilas olub, müstəqilliyimiz qorunub möhkəmlənib, sabitlik bərqərar edilib, sosial-iqtisadi, mədəni həyat sürətli inkişaf yoluna qədəm qoyub.

Azərbaycan xalqı bu gün onu ölməz ideyaları ilə zirvələrə aparan Heydər Əliyev kimi övladı olduğu üçün xoşbəxtdir. Filialın baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru T.Kərimlinin “Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır”, baş müəllim, fəlsəfə üzrə fəlsəfə doktoru M.Səlimovun “Heydər Əliyev və azərbaycançılıq ideyası”, baş müəllim, tarix üzrə fəlsəfə doktoru Ə.Nəcəfovun “Heydər Əliyev və Azərbaycan mədəniyyətinin inkişafı” mövzusunda məruzələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Məruzələrdə ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, xalq və dövlət qarşısında böyük xidmətləri geniş işıqlandırılıb. Qeyd olunub ki, əsl xalq məhəbbəti qazanan ulu öndərin adı böyük iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycan xalqı ötən əsrin 90-cı illərində üzləşdiyi hərc-mərclik və xaosdan yalnız Heydər Əliyevin iradəsi, məqsədyönlü və cəsarətli addımları sayəsində xilas ola bilib.

Ulu öndərin apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan tarixin ağır sınaqlarından ləyaqətlə çıxıb, ölkədə təhsil, elm, mədəniyyət, idman yeni inkişaf mərhələsinə qədəm qoyub, hüquqi dövlətin əsası yaradılıb, azərbaycançılıq ideologiyası formalaşdırılıb. Dünya əhəmiyyətli tarixi iqtisadi müqavilələrin imzalanması respublikamızın qabaqcıl ölkələr cərgəsinə çıxmasına möhkəm zəmin yaradıb. Bu gün ölkəmizin əldə etdiyi nailiyyətlər, qələbələr məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli liderin ölməz ideyaları, onun layiqli siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ulu öndərin gördüyü işlər möhtərəm prezidentimiz tərəfindən uğurla davam etdirilir. Ölkədə cəsarətlə həyata keçirilən Heydər Əliyev siyasi kursu Azərbaycanın çiçəklənməsinə, hərtərəfli inkişaf etməsinə səbəb olub. Filialın baş müəllimləri Ə.Əhmədov, Ə.Əliyev, X.Bədəlov, tələbələr M.Mürsəlova, N.Yusifli, A.Əlizadə, YAP Ağcabədi rayon təşkilatı sədrinin müavini N.Bünyadov, rayon İcra Hakimiyyəti başçısının müavini Ə.Tapdıqov çıxış edərək ulu öndər haqqında öz səmimi ürək sözlərini söyləyiblər. Qeyd olunub ki, ulu öndərin çoxşaxəli, titanik fəaliyyətinə verilən yüksək qiymət xalqın öz rəhbərinə məhəbbət və sədaqətini nümayiş etdirir.

Heydər Əliyevin əzmkarlığı və fədakarlığı sayəsində bu gün dünya dövlətləri Azərbaycanla hesablaşır, onun mövqeyinə, qərarlarına hörmətlə yanaşır. Konfransa yekun vuran dosent M.Fərzəliyeva AMİ Ağcabədi filialının Heydər Əliyev tərəfindən yaradıldığını vurğulayıb, bunun ulu öndərin təhsilə göstərdiyi böyük diqqət və qayğısının parlaq təzahürü olduğunu qeyd edib. Natiq qarşıdan gələn prezident seçkilərində filialın müəllim və tələbə heyətinin Azərbaycanın parlaq gələcəyinə, əminamanlığına, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevə yekdilliklə səs verəcəyini bildirib.

Yəhya Paşazadə

 





07.05.2013    çap et  çap et