525.Az

IV İslam Həmrəyliyi Oyunları Kuba mətbuatında


 

IV İslam Həmrəyliyi Oyunları Kuba mətbuatında<b style="color:red"></b>

Kubanın nüfuzlu “Bohemia” jurnalında IV İslam Həmrəyliyi Oyunları barədə ölkənin tanınmış jurnalisti Maria Viktoria Valdesin geniş məqaləsi dərc edilib.

Azərbaycanın Kubadakı səfirliyindən verilən məlumata görə, “Zirvəyə doğru yüksələn ölkədə daha bir böyük idman hadisəsi” başlıqlı məqalədə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticə ilə qalib gələn Azərbaycanda xüsusi dövlət proqramına uyğun olaraq kütləvi və peşəkar idmanın inkişaf etdirilməsindən söz açılır, bu mühüm siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu və hazırda prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyi vurğulanır.

Məqalədə, Azərbaycanın birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın yarışların təşkilində mühüm xidmətləri qeyd edilərək, “Bakı 2017” oyunlarının olduqca yüksək səviyyədə təşkil edilməsi və heyranedici açılış və bağlanış mərasimləri ilə yaddaşlarda qalacağı bildirilir. Qeyd edilir ki, “Gücümüz həmrəylikdədir” devizi ilə başa çatmış idman bayramı qardaşlıq və birlik ideyalarını özündə daşıyan İslam mədəniyyətinə məxsus müxtəlif cəmiyyətləri Bakıda birləşdirib.

Müəllif M.Əliyevanın çıxışına istinadən diqqətə çatıdırır ki, Birinci Avropa Oyunları zamanı bütün qitəni birləşdirərək tarix yazmış Azərbaycan “Bakı 2017” çərçivəsində sülh, tolerantlıq və xeyirhaqlıq ideyaları altında dörd qitəni təmsil edən İslam dünyasını bir araya gətirdi.

Bildirilir ki, bütün bunlar və beynəlxalq idman ictimaiyyəti üçün təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunları tarixi idman hadisəsi kimi Azərbaycanın dinamik inkişafının bariz nümunəsidir. Məqalədə qədim tarixə malik Azərbaycanın, eyni zamanda, gənc, sürətlə inkişaf edən müstəqil dövlət olaraq, çoxmədəniyyətlilik ənənələrinə söykənən, açıq və tolerant bir cəmiyyət olduğu vurğulanır.

Daha sonra, müəllif IV İslam Həmrəyliyi Oyunlarının simvolu kimi dünyada məşhur olan Qarabağ atlarından, habelə Azərbaycanın milli atüstü idman növlərindən çövkən”, yaylıqqaçırtdı, sürpapaq oyunları kimi xalqımızın zəngin mədəniyyətinin bir hissəsi olan milli idman ənənələrindən bəhs edir. Bildirilir ki, “Çövkən” atüstü oyunu haqda “Dədə Qorqud” səlnaməsində, Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında tarixi məlumatlara rast gəlmək olar.

Məqalədə qeyd edilir ki, son on ildən çox müddətdə Azərbaycanda müxtəlif miqyaslı yüzlərlə beynəlxalq idman yarışları, o cümlədən, Avropa və dünya birincilikləri çox yüksək səviyyədə keçirilib. Müəllif xüsusi olaraq vurğulayır ki, böyük beynəlxalq idman tədbirlərinin mükəmməl təşkilinə görə, habelə idmançılar və bütün qonaqların ehtiyaclarının lazımı şəkildə qarşılanmasına zəmanət verə bildiyi üçün Azərbaycan dünya miqyasında vacib idman ölkəsi kimi böyük nüfuz və etimad qazanıb. Bu xüsusda həmçinin, Bakıda keçirilmiş Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası, Formula-1 yarışları barədə məlumat verilir və öz növbəsində bütün bunların beynəlxalq olimpiya ailəsi tərəfindən Azərbaycana olan marağın daha da böyüməsinə və ölkəmizin irimiqyaslı beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsinə səbəb olduğu vurğulanır.

Məqalədə, həmçinin son zamanlarda Azərbaycan və Kuba arasında idman sektorunda uğurlu əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindən söz açılır. Bu xüsusda, iki ölkənin yunan-roma və sərbəst güləş üzrə yığma komandalarının 2016-cı ilin may ayında Azərbaycanda birgə təlim-məşq toplantıları keçirməsi, həmçinin Bakıda ötən ilin sentyabr ayında Azərbaycan və Kuba Şahmat Federasiyaları arasında Əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması barədə məlumat verilir.

Ceyhun ABASOV

 





23.05.2017    çap et  çap et