Gözəl şairimiz Hüseyn Kürdoğlu mənim ilk şairim idi, şeirlərini orta məktəb illərindən oxuyub əzbərləyirdim.
Ədəbiyyat və nəğmə dərslərində müəllimlər mənə ən azı 3-4 dəfə söz verərdilər. Dərs saatımız Hüseyn Kürdoğlundan başlar, mənim cızma-qaramla bitərdi. Artıq məktəbimizdə "Hüseyn Kürdoğlu saatı", yəni onun şeirlərinin oxunuşu ənənəvi hal aldı və mən indi başa düşürəm ki, sinifdənxaric oxu kimi həmin saatlar nə qədər əhəmiyyətli imiş. Görünür müəllimlərimiz də bunu bilirmiş və o boyda vaxtı həvəslə Hüseyn Kürdoğlu dünyasına ayırırlarmış.
Get-gedə Hüseyn Kürdoğlunun şeirlərini sinif yoldaşlarım da əzbərləyirdi, hələ o biri siniflərə də qoşmalar, gəraylılar cığır açmaqda idi və yenə də əsas mənbə mən idim. Hüseyn Kürdoğlunun o vaxt məndə bir kitabı vardı, adı da "Qaya çiçəklər"i.
Atam 1973-cü ildə Kəlbəcərdən xahişimlə bir neçə kitab almışdı: Aşıq Şəmşir, Məmməd Aslan və Hüseyn Kürdoğlunun kitablarını. O vaxtdan "Qaya çiçəklər”i mənim ən sevimli kitabım oldu.
Bəzən həmin kitabın üzünü köçürüb verirdim uşaqlara. Çox vaxt əzbər bildiklərimi imla kimi deyirdim, uşaqlar yazırdılar. Kim deyə bilərdi ki, şeirdən imla dərsi olmaz. Sən demə ən gözəl imlalar şeir mətnləri imiş. Məktəbdə şairin kitablarını məndən istəyənlər də olurdu. Vermirdim, çünki məndə dəbdən, şöhrətdən düşmək qorxusu vardı, hər gün lövhəyə çıxıb şeir demək sevincindən ayrı düşə bilərdim.
Biz tərəkəmə camaatı yayı Laçın və Kəlbəcər yaylaqlarına gedərdik. Beyləqan, Qubadlı, Cəbrayıl istiqamətində gedib çıxardıq Laçına. Ordan dolanıb gələrdik Kəlbəcər yaylaqlarına. Biz bazarlıq üçün ya Laçına - Minkəndə gedərdik, ya da Kəlbəcərə.
Atam kitab alan günü bütün ferma camaatı yığıldı həmin kitabların tamaşasına. Yan- yörəm ferma adamları ilə doldu. Kitabdakı şeirləri ucadan oxuyurdum, hamı qulaq asırdı. Məndən başqa fermada hərf tanıyan yox idi. 6-cı sinifə yenicə keçmişdim. Şeir oxumağıma görə mənə xələt verənlər də olurdu.
Hüseyn Kürdoğlunun heca şeirləri; qoşma, gəraylı - hamının ürəyinə yatırdı. Qoynunda binə qurduğumuz dağların, suyundan içdiyimiz bulaqların bədii tərənnümü ferma camaatına, çobanlara, onların qadınlarına ləzzət eləyirdi.
3 ay dağda qaldıq. Bu müddət ərzində oxuduğum şeirlərə görə hər çoban mənə bir tutma quzu verdi. Üst- üstə hesablayanda, məktəb paltarımın, dəftər- kitabımın pulunu çıxandan sonra yerdə 15 quzu qalırdı.
Hüseyn Kürdoğlunun şeirləri əməlli - başlı mənə pul, kitab, yazıçı dilində desək, qonorar qazandırmışdı.
Yay başa çatandan sonra yaylaqda öyrəndiyim şeirləri sinif otaqlarında söyləyirdim. Şübhəsiz, bu da dərs və imtahan qiymətlərimin yüksək yazılmasına kömək eləyirdi.
Atamın aldığı kitablar, əzbərlədiyim şeirlər yazdığım şeirlərə istiqamət verirdi. Hüseyn Kürdoğlunun şeirlərinin intonasiyası, havacatı şeirlərimin ilk binəsi, yurdu idi. Bu intonasiyadan qanadlanmağa başlayırdım.
Bizim Laçın, Kəlbəcər yaylaqlarında əbədi yurd yerlərimiz var. Anamın yük altı üçün uzaqdan çəkib gətirdiyi sal daşlar indinin özündə də alaçığımız qurulan yerlərdə düzüm- düzüm durur. Hər il gedəndə o yurda, o daşın üstə düşürdük. Lap əvvələr də belə olub. Yurd yerləri dəyişmir. Bu mənada ilk şairim Hüseyn Kürdoğlunun şeirləri mənim şeirlərimin yurdu idi. Hara getsəm, deyək ki, sərbəst şeirə keçsəm də yenə şeirimin ilk yurduna dönməyim var. Həyatın dialektikası budur. Vay odur ki, dönməyə yurd yerin olmaya.
Yuxarıda qeyd etdiyim kimi, Hüseyn Kürdoğlunu o vaxt bizim camaata sevdirən şeirlərinin axıcılığı idi. Elat camaatının təfəkkürünə uyğun gəlməyi, dilinə uyuşması idi.
Bu əsas cəhət olsa da, həm də bizim tərəfin adamları Laçınla, onun adət - ənənəsi ilə sıx bağlıdılar.
Həmişə bir - birimizin xeyr- şərində yaxından iştirak edirik. Ta qədimlərdən Laçın camaatı ilə get - gəlimiz, kirvəliyimiz , qız qohumluğumuz, ən başlıcası "Qonaq" deyilən güclü bir anlayışımız var. Bu qonaq anlayışı bir günlük, iki günlük deyil. Yüz illər boyu davam edən qohumluqdur. "Laçından qonağım gəlib və ya İmişlidən qonağımız var" ifadələri bizim tərəflərdə: həm Laçında, həm də İmişlidə dillər əzbəridir.
Laçınlılarla biz beləyik. Xalq dilində desək: əriş- arğacıq. Hüseyn Kürdoğlu kimi köklü, soylu bir şair, adət-ənənə, insan mənzərələri, təfəkkür, təbiət və çöl - çəməndən yol başlayırdı. Bu yolların əbədi bir sakini var: insan.
İndi məktəb illərindən, o yaylaqdakı vaxtlardan çox illər keçib. Yaşım 60- ı haqlamaqdadır. Yenə həmin şövqlə Hüseyn Kürdoğlunun şeirlərini oxuyuram. Mən böyüdükcə şeirlər də mənimlə böyüyüb. Yenə həmin axıcılıq, intonasiya, yenə həmin yurd yeri olduğu kimi durur və görünür, həmişə də duracaq.
Min il keçəcək, Hüseyn Kürdoğlu həqiqəti olduğu kimi qalacaq. 1973- ildə atamın alıb gətirdiyi 66 səhifədən ibarət "Qaya çiçəklər”i kitabı şairin həm ömrünün əvvəlinə, həm də sonuna işıq salır. O kitaba baxıb qaya haqqında şer yazdım. Üstündəki çuxurda quşlar üçün su saxlayan yalçın və laçın qayaların yağışdan sonrakı qoxusu Hüseyn Kürdoğlunu şeirinə hopduğu kimi, mənim də yaddaşıma hopub. Çünki qaya üstündəki çiçəkləri biz gözlərimizlə görmüşük, qoxusunu ciyərlərimizə çəkmişik. Küləyin qayanın çuxurlarına doldurduğu toz - torpağın üstündə bitən çiçəklər daha dadlıdır. Ətrin də dadı var. O ətirin bir ucu Laçın işğal olunandan sonra akademiyanın bağında oxuyan Qaratoyuğun nəğməsinə qatıldı.
Bəlkə üzü dönmüş o dağlar qızı
Kövrəlib sorağa göndərib səni.
Bəlkə xəyalısan, bəlkə arzusu,
Sehr ilə bir quşa döndərib səni?!
Şair heyrətlənir, akademiyanın bağında oxuyan Qaratoyuğun nəğməsi Laçın qayalarında bitən çiçəklərlə qafiyələnir. Hər halda Qaratoyuğun yeri, yurdu, mistik bir dünyanın səsi, ruhun səslənişi, həyat və ölüm yerdəyişməsinin bədii disturudur.
Budaqlar üstündə oynadıqca sən,
Hərdən üstümüzə şeh də çilərdin.
Qaratoyuğun oxuyarkən budaqdan - budağa tullananda üstümüzə ələnən şeh yaddaşımın dərinliyində göz yaşı ilə birləşir. Bəlkə o çilənən şeh Laçın dağlarından gələn çiskinli dumanın səsidir. Qaratoyuq o şehi ayağının və səsinin titrəyişi ilə Bakıya, özü də Hüseyn Kürdoğlunun işlədiyi akademiyanın bağına gətirib, o şehi nəğmə kimi calayıb yarpaqların üstünə. O şeh qaya çiçəklərinin gözlərindən damıb dünyaya.
Hüseyn Kürdoğlu təbiət şairi idi. Təbiətdə baş verən çevrilmələr, təbiətin dilinin dolaşması, çayların kəkələməsi onun şeir dəftərinə şəkil kimi çəkilirdi. Aşağıdakı misraya baxın:
Qamçıya sap oldu ceyran ayağı.
Təbiətə, onun gözəlinə tutulan zülmü bu misra qədər bəlkə heç nə ifadə edə bilməz. Özü də ceyran ayağı nəyə sap olsa yaxşıdır: Qamçıya. Qamçı döyməyin, əzməyin ifadəsidir. Qamçılamaq, qovmaq, sıradan çıxarmaq qamçının əbədi, əzəli xasiyyətidir. Harada ceyran ayağı qamçıya sap olursa, zülm ərşə dirənir.
Atamın Kəlbəcərdən aldığı "Qaya çiçəklər"i kitabı mənim ilk əlifbam idi. Məhz o kitabı atam Kəlbəcərdən almalıydı, özü də o kitabı Çalbayır yaylağına xurcunda gətirməliydi və mən o kitabı hamıya oxumalıydım. Sonra "Qaya" şeirimi yazmalıydım. Yazdım da. Həmin şeirin son bəndi hələ də yadımdadır.
Qayalar keçmişin sirr yadigarı,
Ulu babaların ölməz səsidir.
Sinəsi göy, yaşıl, mavi, boz, sarı,
Dünyanın əzabkeş xəritəsidir.
Biz yaylaqda olanda anam tez - tez deyirdi ki, qayanın başına çıxmayın, yıxılarsınız. Qayadan yıxılmaq qorxusu heç vaxt məni tərk etmədi, onun üstündəki çiçəkləri qoxulamaq, üstündəki mamırdan barmağımıza xına qoymaq istəyi həmişə həyatımın uşaqlıq qoxusu kimi yaşadı.
Əgər anam deməsəydi, mən heç qayanın hündürlüyündən qorxmazdım. Anam dedisə, demək, qaya çox hündürdü, ordan yıxılmağım yüz faizdir.
Yaylaqda qurulan alaçığımız, qaşqa atımızın səkil ayaqları mənə uzaqdan işıqları görünən, nə vaxtsa qoynunda yaşadığım bir kəndi xatırladır. Bu yaddaşı məndə Hüseyn Kürdoğlunun şeirləri yaratmışdı.
Yaxşı ki, cocuqkən uyutdu məni,
Duru bulaq kimi o dağ yuxusu.
Məxmər çəmənlərdə, ağ alaçıqda,
Çiçək ətri gələn yaylaq yuxusu.
Laçın yaylaqlarında axşam yağan yağışın qorxusundan yuxum gözümün dibinə sıxlaşıb səhərə qalırdı. Səhər də əmziklə süd içirib saxladığım, adını "Tüvşən" qoyduğum təpəl bir quzu alaçığa girib alnımdan öpməklə məni yuxudan oyadardı. Həmin o yaylaq yuxusu atamın aldığı o kitabdan başlayırdı.
Hüseyn Kürdoğlunun bulaq haqqındakı şeirləri Aşıq Ələsgər, Səməd Vurğun, Dədə Şəmşir intonasiyasının dilinə, şəhd - şirəsinə bələnirdi. Mənə elə gəlir ki, Hüseyn Kürdoğlu kimi bulağı belə çağıran olmayıb.
Büküb dizlərimi əyildim sənə,
Bir də bükülmədi dizim, ey bulaq!
Bulaq üçün əyilən dizlər bir daha heç harda və heç kəsə əyilmədi. Bulağa əyilməkdən dünyada gözəl nə var!
Bəs niyə şair sonradan bulaqdan gileylənir? Ona görə ki, şairin təbiət sevgisinə cəmiyyət, sosial mühüt artıq əllərini uzadıb.
O qıza neylədin, a yağı bulaq,
Kəsilmiş üstündən ayağı, bulaq?!
Bir zaman dirilik şərbətim oldun,
İndi, ay zəhrimar, ay ağı bulaq!..
Aşıq Ələsgər "Qazdır məzarımı çeşmə başında" deyəndə bəs niyə şair birdən-birə bulaqdan belə inciyir?
Həmqafiyə olsalar da cəmiyyət təbiətə müdaxilə edib. Kauçuk qablar çıxandan səhənglər suda sınıb.
Evlərə su çəkilib. Qızlar daha bulağa getmir. Bulağın başı daha toz olmur, üstündə də qızlar gözə dəymir.
Şair narahatdır. O yalnız dizlərini bir dəfə bulaq qarşısında büküb. Indi bulaqlar insana diz çökdürə bilmir. Hər şey dəyişib.
Satmışıq namusu-arı,
Xainlər düşmənlə yarı.
Dağlarda dağlıq vüqarı,
Çöllərdə çöllük qalmadı.
Çıxmadıq ər sınağından,
Qaçdıq namərd qabağından.
Bu Qarabağ torpağından
Bizə bir bellik qalmadı.
Şeirlərini təbiətdən, qaya çiçəklərindən başlayan şair ictimai mövzulara geniş yer ayırır. Yenə də ictimai- sosial yönümlü şeirlər təbiət kontekstində verilir. Şair qaya çiçəklərindən ayrıla bilmir.
Hicran qəfəsiymiş ömrümüz, qəfəs,
Çırpındım içində, heyrətdən öldüm.
Bütün məqamlarda heyrət şeirin, istedadın həqiqətidir. Amma heyrətdən ölməyin möcüzəsini ilk dəfə Hüseyn Kürdoğlunun ədəbi qənaətində gördüm. Bu iki misranın üfüqləri şairi daha çox uzaqlara aparır. Yaranış və doğuluş, ürfan stixiyası şairi geniş yollara çıxarır.
Yazdır bu sözü də sinə daşımda:
İşıqdan yarandım, zülmətdən öldüm!
İşıqdan yaranıb, zülmətdən ölmək həyat, dünya fəlsəfəsinə açılan qapıdır. Açıldımı, bu yolun sonu yoxdur. Yol nişanları da qeybə çəkilib. Sonsuzluq artıq yoxluq nişanıdır. Bu fəlsəfədə, əslində "yox olan" elə "var olan" deməkdir.
Dünya qəmi, o böyük yaradandan ayrılıq və onun həqiqətinə qovuşmaq işığı Hüseyn Kürdoğlunun ömrünün sonuna yaxın yazdığı şeirlərini həqiqəti və bu həqiqətin təntənəsi kimi səslənir.
Divanədən betər divanə mənəm,
Görəndə gen gəzir divanə məndən.
Divanəlik dünya qəmindən o qədər halı olmaqdır ki, artıq başqa divanələr də aşiqdən uzaq gəzir. Ona görə ki, dünya və eşq qəmində bu divanə o birilərindən daha mükəmməl və kamildir. Dünya qəmini dərk edib şəriəti, mərifəti, təriqəti keçərək həqiqətə qovuşmaq məqamındadır. Artıq bu o məqamdır ki, aşiqin "küləklər ağzında külü oynayır". Kül və oynamaq çevrəsi, qəm və sevinc dairəsi, özü də bunların küləyin (zamanın) ağzında burulması artıq əbədi dünyaya yol almaqdır. Bu yolda arxanca yol kişnəyir, dərd çəkən dağların döşündə qar daha dayanmır. Demək, yazan belə yazıb:
Aşağıda yanıq düzlər çalı-çalı,
Yuxarıda qarlı dağlar xalı-xalı,
Biz dumanda görüşməyə can atırıq,
Namərd duman hey çəkilir dalı-dalı.
Bu şeir dünya haqqında yazılmış ən mükəmməl şeirdir. Çöllər "çalı- çalı"dır, dağlar "xalı- xalı"dır, duman da "dalı- dalı" çəkilir. Bu dünyada görüş məqamı yoxdur. Məqamın ünvanı nişansızlıqdır, kələfin ucunu tapmaqdır.
Atamın Kəlbəcərdən aldığı "Qaya çiçəklər"i kitabı bizim sözümüzün qədim yurd yeridir. Anam bizə hey deyirdi ki, Çalbayırda, Laçın yaylaqlarında hündür qayalara çıxmayın, yıxılarsınız. Biz də qayananın üstündə bitən çiçəklərə ağzı açıq tamaşa eləyirdik. Bəlkə də qayanın ən hündür yerində bitən çiçəklərin bizə yazığı gəlirdi. Necə oldusa, bir gün güclü külək həmin çiçəklərin bir topasını var gücü ilə qoparıb yerə atdı. Bəlkə də çiçəklər özünü qayadan atdı. Biz nədənsə sevinmədik, əksinə kədərləndik. Anam səs- küyə yüyürüb yanımıza gəldi. Dedi ki, yaradanın gücünə baxın, o qayadan sən yıxılacaqdın (başımı sığalladı), yerinə çiçəklər yıxıldı. İstər-istəməz məni ağlamaq tutdu.
Qəşəm NƏCƏFZADƏ