525.Az

Qəddini əymə, qoca!


 

Qəddini əymə, qoca!<b style="color:red"></b>

Yurdumuza yenə bahar qədəm qoydu. Yenə öz gəlişi ilə aləmi gül-çiçəyə bürüdü. Ətraf nazlı bir gəlin kimi gözəlləşdi. Təravətləndi. Bülbüllərin cəh-cəhi, şəlalələrin dağları qoynundan ilan kimi qıvrıla-qıvrıla süzülərək ecazkar bir musiqiyə bənzəməsi, bulaqların kövrələ-kövrələ etdiyi zümzümə, meşələrin, yamacların, çəmənlərin düzlərin öz bahar donu geyməsi....

Təbiət yenə öz qış donundan çıxıb, füsunkar gözəlliyini əsirgəmədi. Hər tərəfi öz gözəlliyinə tabe etdi...

Yenə o yerlərə bahar bizsiz qədəm qoydu. Kimsəsiz, yetim bir varlıq kimi boynunu bükərək ümidsiz gözlərini bizlərə dikdi...

Yenə qədəm qoydu Novruz bu elə,
Yenə həsrət qaldı bahara, Şuşam,
Yenə nur çiləndi çəmənə, çölə,
Yenə Tamarzıdı, nübara Şuşam.

Düz 20 ildən çoxdur ki, bir qoca hər səhər tezdən, günəş öz şəfəqlərini ətrafa yaymamış Qarabağa doğru uzanan çığıra çıxır, çığırın üstündəki “Nərgiz təpə” yüksəkliyinə qalxır və bir daşın üzərində oturub üzü Qarabağa doğru boylanır. Həsrətli gözləri ilə sanki, Qarabağda günəşin neçə çıxmasını, təbiətin neçə oyanmasını öyrənmək istəyir. Daşın üstündə oturarkən qoca özünü başqa bir aləmdə hiss edir, fikirlər, xəyallar onu öz cənginə alır. Gözlərimə pul bir nöqtəyə dikilən qoca sanki, özünü Qarabağda, öz yurdunda, yuvasında hiss edir. Uzun illərdir bu həsrətlə, bu ümidlə yaşayır. Ümidsizliyə qapılmır. Hər açılan sabaha ümidlə baxır...

Səhər lap tezdən idi. Günəşin qızılı şəfəqləri təbiəti oyanmağa çağırırdı. Qoca özəl ağacına söykənə-söykənə “Nərgiz təpə” yüksəkliyinə qalxdı. Həmişəki kimi daşın üstündə oturub həsrətli gözləri ilə Qarabağa, Şuşaya doğma Xocavəndə tərəf həsrətlə boylanıb, ətrafda heç kim yox imiş kimi xəyallara qapıldı.

Qarabağ... Doğma yurdu... heç ağlına gəlməzdi ki, dədə-babalarının iz saldığı, uyuduğu bu yerlər yağı düşmənin tapdağına məruz qala bilər. Heç gətirməzdi gətirməzdi, ki, həmişə bir yerdə olduqları mənfur qonşuları bir gün bu torpaqlar didərgin sala bilərlər. Axı, onlar öz mənfur qonşularına öz ağuşunda yer vermişdilər. Onlara hayan olmuşdular. Onların bütün dərdi-sərini çəkmişdilər.

Doğma Əmrallar kəndi gözləri önündə canlandı. Qulağına sanki qoyun, quzu mələşməsi səsi gəldi... Elə bil ora-bura qarışan insanların səs-küyü, çal-çağırı qocanı o illərə apardı. Heç bir qayğısı olmayan insanlar öz işləri ilə məşğul idilər. Əkir, biçir heç kəs zamanın nəbzini tutub, onunla ayaqlaşmır, öz sakit, mənalı həyatlarını yaşayırdılar. Təbiətdə sanki, bunları görür və öz gözəlliyini, öz sehrini onlardan əsirgəmirdi... Həyat  öz axarı ilə davam edirdi.

Kim qıydı bu gözəlliyə, kim aldı onların əlindən bu sevinci, bu xoşbəxtliyi? Qoca iki əlini cütləyərək əl ağacına söykəndi. Xəyalı onu o müdhiş illərə apardı...

Elə bil yer-göy lərzəyə gəlirdi. Top-tüfəng səsindən aləm bir-birinə qarışmışdı. Ah-nalə səsləri, sakinlərin ünvansız olaraq ora-bura qaçısması, uzun illər yaşadıqları evlərin od-alov içərisində yanması müdhiş bir mənzərə yaratmışdı. Gözünün qabağında neçə-neçə dinc sakinləri diri-diri yandırmışdılar. Gözünün qabağında neçə-neçə körpələrin başına ağlasığmaz münasibətlər gətirmişdilər. Gözünün qabağında neçələrini diri-diri torpağa basdırmışdılar. Başını bədənindən ayırmışdılar.

Bütün bunları xatırladıqca qocanın vücudu əsməyə başlayırdı. Nəfəsi daralır, boğulurdu. Dəhşət onu bürümüşdü...

Oğullar silaha sarıldılar. Doğma yurdun müdafiəsinə qalxdılar. Quş tüfəngi ilə, bəzən də əliyalın yağı düşmənə qarşı cəsarətli addım atdılar...

Oğlu Asif də onların arasında idi. Gecə-gündüz əlində silah düşmənə qarşı mərdliklə döyüşürdü. Son məqam, son döyüş qocanın gözləri önündə canlandı...

Asif qeyri-bərabər döyüşdə son gülləsinə qədər düşmənlə vuruşdu. Arxadan kömək olmadığını hiss etdikdə isə son gülləsi ilə özünü vurmaq istədi. Amma düşmən ona imkan vermədi. Əsir götürdü. Ağlasığmaz işgəncələr ilə onu öldürdülər. Meyidi almaq istədikdə isə onlar meyidin müqabilində üç ton benzin istədilər. Qohum-əqraba, bütün kənd yığışıb benzin tədarükü görmək istədilər, yadımdadır... Həyat yoldaşı o vaxt qabağa çıxıb, “torpaqda mənimdi, oğulda mənim. O, o torpağın azadlığı uğrunda şəhid olub o torpaqda qalmalıdır” deməsini xatırladı.Heç vaxt düşmənə benzin verib, onların ana-bacılarımızı, körpələri məhv etməyinə razı olmazdıq. Oğlunun cəsədi yağı düşmənində qalsada doğma yurddadır. Oğlu Vətən yolunda canını qurban vermiş, Vətən torpağında, Qarabağda uyuyur...

Xəyallar qocanı o illərə apardıqca, qocanı qəhər boğurdu. Əlini gödəkcəsinin cibinə salıb ürüsü pozulmamış dəsmalını çıxardı. Gözlərini sıxdı. Hönkürmək istədi. Daxilindən sanki, bir hay-haray qopdu...

Xocavənd rayonunda elə bir ailə yox idi ki, onlar şəhid verməsin. Elə bir ailə yox idi ki, onlar yağı düşmənin əzab və işgəncələrinə dücar olmasın, əsir götürülməsin. O, qonşusu ağbircək ananın hələ Qarabağ savaşında iki oğul şəhid verərkən yana-yana ağlamasını, nalə çəkməsini, ancaq məğrurluğunu itirməsini xatırladı... Onun bir şəhis anası kimi dediyi sözlər qulaqlarında səsləndi: “Bu həyatda insanlar müvəqqətidir. Gəldi-gedərdir. Amma Vətən daimidir. Taa qədimdən babalarımız, atalarımız bir qarış torpaq üçün canlarından keçiblər. Oğullarımız da onların yollarını davam etdiriblər. Düşmənlər elə bilmirdilər ki, oğullarımızın əlimizdən almaqla bizim qəddimizi əyəcəklər. Vətəni sarsıdacaqlar. Yox, əgər bir də müharibə olsa mən yenə oğullarımı şəhid verməyə hazıram. Vətən basılmazdır.

Qoca bütün bunları xatırlayarkən bir anlıq gözlərini yumdu. O ağrıdan-acıdan çıxmaq istədi. Bacarmadı. Müharibədən sonrakı illər bir lent kimi onun gözləri önündən keçdi...

İyirmi ildən çox yaşadığı qaçqınlıq, köçkünlük həyatını vərəqlədi. Hansı obada, hansı eldə məskunlaşmışsada özünü burada qonaq kimi hiss etdi. Azərbaycanın hər bir qarışı onun üçün əzizdir.

Doğmadı. Ancaq onun doğulduğu, boya-başa çatdığı doğma kənd, doğma yurdun qoxusunu heç bir şey verə bilməz. İyirmi ildə o neçə dəfə ölmək istədi. Bacarmadı. Bacarmadı ona görə ki, hər an, hər dəqiqə o öz yurduna qayıtmaq istəyirdi. Bacarmadı ona görə ki, babalarının, atalarının, şəhid olan oğllarının, doğmalarının tapdaq altda olan məzarlarını görməmiş ölmək istəmirdi. Qarabağın füsunkar gözəlliyini, çal-çağırını qeyd etmək, onun qoynunda bir daha addımlamaq, bir ovuc torpağını gözlərinə sıxıb bu torpaqda diz çökmək istəyirdi...

Ağamirzə kişinin 80-ə yaxın yaşı var. Dağlıq Qarabağın Xocavənd rayonunun Əmralılar kəndindəndir. Bütün soyu, kökü bu torpaqla bağlıdır. Bu torpağın hər çınqılı, hər daşı onun üçün əziz və müqəddəs olmuşdur.

Qəddini əymə, qoca! Zaman öz axarı ilə bir-birini əvəz edir. Həyat dəyişir. Dahada gözəlləşir. Səninsə qəlbində bir həsrət var. Qarabağ həsrəti. Doğma yurd, yuva həsrəti. Başını dik tut, qoca. Məqam yetişir. Hələ ölmək tezdir. Sən o torpaqlara qayıdacaqsan. Sən o torpaqlarda gün-güzaran keçirəcəksən. Azərbaycanın üçrəngli bayrağının Qarabağda, Şuşada dalğalanmasına az qalıb. O bayrağın dalğalandığını görəcəksən. Sənin axıtdığın göz yaşları, həsrətli baxışların həsrətdən qurtulacaq.

Yenə Qarabağın uca dağları, dərələri səni öz ağuşuna alacaq. Əymə qəddini, Vətən basılmazdır. İndi bizim Mübariz kimi, Fərid kimi oğullarımız saysız-hesabsızdır. Biz o yerlərə qayıdacağıq. Biz o yerlər üçün doğulmuşuq. Torpaqdan pay olmur...

Artıq günəş öz qızılı şəfəqlərini ətrafa səpələmişdi. Günəşin şəfəqləri altında uzaqdan görünən Şuşanın dağlarının başqa bir gözəlliyi var idi...Qoca qeyri-ixtiyari olaraq gözlərini yumdu...

Bu gecə yuxuda sənə qovuşdum...
Gözümdə canlandı, dağların, Şuşam.
Elə bil bəladan, dərddən sovuşdum,
Sinəmə çəkilib dağların, Şuşam.

Vidadi Tağızadə
Surxay ƏlibƏyli

 





08.05.2013    çap et  çap et