525.Az

Yaddaşı oyadan simalar


 

Yaddaşı oyadan simalar<b style="color:red"></b>

“Literaturnaya qazeta”nın son nömrəsini açan kimi iki insanın, mənim üçün məhrəm və əziz olan söz ustasının çoxdan tanış simalarını görəndə təsirləndim.

Boris İlyiç Oleynikin qara xətlə haşiyələnmiş portreti məni sarsıtdı. Qara haşiyə dünyasını dəyişdiyini bildirirdi... Boris Oleynik çağdaş Ukrayna poeziyasının ən parlaq simalarından idi, onunla şəxsən tanış olmuş, Bakıda, Kiyevdə, Kişinyovda görüşmüşdüm. Xəfif təbəssüm, incə istehza ilə yoğrulmuş gözəl şeirlərini ana dilimizdə həvəslə səsləndirmişdim.

İkinci sima Yevgeni Lvoviç Voyskunski idi. Qəzetdə onunla müsahibə dərc edilmişdi. Yevgeni Lvoviç sabiq bakılıdır, uzun illər şəhərimizdə yaşayıb, respublikanın ədəbi həyatında fəal iştirak edib. Böyük Vətən müharibəsində faşist qoşunları ilə vuruşlarda Leninqrad ətrafında, Xanko adasında od-alovla, ölüm-itim sınağından mərdanə keçib, orden və medallarla təltif olunub. Voyskunski öz qohumu L.Lukodyenovla bir sıra elmi-fantastik əsər, bundan başqa bir neçə roman, Vətən müharibəsi haqqında təsirli və dəyərli kitablar müəllifidir. Bakıda Lukodyenovla birgə rusdilli müəllifləri başına yığardı, müntəzəm ədəbi məclislər aparardı. Mən bir cavan qələm sahibi kimi Yevgeni Lvoviçin sənətkar tövsiyələrini almışam, ilk nəsr toplumun da redaktoru və rəyçisi əziz ustad olub və bu xatirə qəlbimdə uzun illərdir ki, şükranlıqla yaşayır.

Yevgeni Lvoviç!

Böyük bir zamanın üzərindən sizə təşəkkürümü və can sağlığı arzularımı yetirirəm! Sabah 9 maydır və bu münasibətlə Sizi ürəkdən alqışlayıram!

Unudulmaz Boris Oleynikin yoxluğunu Ukrayna poeziyası, doğma yurdu üçün əvəzolunmaz itki bilirəm! Dar günlərini yaşayan Vətəninə uğurlu sabah, ağ günlər diləyirəm!

Bakı, 8 may 2017-ci il

 





29.05.2017    çap et  çap et