525.Az

Yaşamaq istəyirəm, ata!


 

Yaşamaq istəyirəm, ata!<b style="color:red"></b>

Onları görən kimi tanıdım. İlk dəfə də elə buradaca, əvvəl xəstəxananın dəhlizində, sonra isə həyətdə, yaz günəşinin xəsis şüalarının yaşıl budaqlarından sallandığı sərvin altında görmüşdüm.

lll

Əslində, bu xəstəxanaya gələnlərin dərdi o qədər böyük, qayğısı o qədər intəhasız olur ki, kiməsə diqqət çəkmək, kimisə yadda saxlamağın özü də lüzumsuz bir işə çevrilir. Amma o uşağın sifəti, üzünün cizgilərindən asılan pudluq ağrı, qüssə, çarəsizlik mismar kimi beynimə işləyərək hər dəfə bu xəstəxananın darvazasından içəri keçəndə yaddaşımın yaxasından yapışıb silkələyirdi. Çox güman ki, nə üçün məhz bu müalicəxanaya gətirilməyinin heç fərqində də deyildi çocuq. Gah tənbəl-tənbəl yaxınlıqdakı ağacın koğuşunda uzanıb gəlib-gedənləri maraqla seyr edən pişik balası ilə oynamağa cəhd göstərir, gah da yaxınlaşıb fikirli-fikirli papirosunu tüstülədən atası ilə bir-iki ağız danışırdı.

Sonralar mən bir də o xəstəxanaya gedəsi olmadım. Anamın “o zəhrimara qalmış” adlandırdığı xəstəlik başqaları kimi ona da aman vermədi və bir payız günü anamla birlikdə ürəyimin də bir parçasını qarət edərək apardı.

lll

Aradan iki ilə yaxın bir vaxt ötürdü. Ürəyim istəməsə də ayağım zorən məni çəkib yenə də bu məkana gətirmişdi. Tanış bir həkimlə görüşəcəkdim...

Əgər rəssam olsa idim, onların portretini elə beləcə də yaradardım -  tənha, naçar, ümidsiz... ata və oğul.

Elə bil kədər, qüssə döyüb yumağa döndərmişdi kişini. Balasına dikilmiş baxışlarında səssiz-səmirsiz fəryad qoparan o həsrətin, nisgilin səbəbi mənə necə də əyan idi.

Bu dəfə həyətdəki oturacaqda oturmuşdular. Hava boz sifətini göstərməyə başlasa da, əyin-başları nimdaş idi. Uşaq bir əlini şalvarının, o birinisə atasının pencəyinin cibində gizlətmişdi. Saçları tökülmüşdü. Görünür, kimyəvi müalicənin fəsadı idi. Yəqin yaşıdlarının yanında utanırdı da. Cilvəsi sovulmuş, çuxura düşmüş gözlərinin dərinliyində nəfəs donduran bir ağrının, körpə qəlbinin əzalarını tərksilah etmiş bir qorxunun amansız kölgələri oynaşırdı. Elə sükutu da o pozdu:

- Ata, hələ çox gözləyəcəyik?

- Yox, bala, doxdur gəlib baxan kimi gedəcəyik.

- Ata, doxdur əmi keçən dəfə dedi ki, bu dərmanları içəndən sonra ağrıların keçəcək, yenə uşaqlarnan futbol oynayacaqsan. Amma mən yenə yoruluram, ağrıyıram. Sən ona de ki, başqa dərman versin.

- Yaxşı, gülüm, bu dəfə lap yaxşı dərmanlar yazacaq doxdur.

- Bəs sənin pulun çatacaq? Yenə də Vəfadar əmiyə ağız açma ha, mənim qurbanlıq quzumu sat. Ata, o gün uşaqlar dedi ki, sən ta biznən oynaya bilməyəcəksən. Ata, düzdümü mən sağalacam?! Çünki balaca uşaqlar ölmürlər. Adam gərək böyüyə, sonra qocala, lap axırda da ölə. Düzdümü, ata?

Göz yaşlarını ciyərparasından gizlətmək istəyən ata həkimi tapmaq bəhanəsiylə durub binaya tərəf yollandı. Arxadan çiyinləri xəfif-xəfif titrəyirdi. 

lll

Bilmirəm, tək mənim müşahidələrimdir, yoxsa başqaları da fikir veriblər, xərçəng xəstəsinin bir gözü həmişə saatda olur. Görünür, sakitləşdirici iynədən sonra gələn həyat eşqi ilə ağrıların başlayacağı zaman arasında çırpınan o qısa vaxt məsafəsini ölçmək üçün.

Qəribədir, şərid kimi uzanıb gedən hər saatla ömrün son mənzilinə aparan yolunun bir qədər də qısalmasına da sevinə bilərmiş insan.

Bu, taqətsiz bədəndən çıxan son həyat “damcıları” ilə yaxınlaşan ölüm, həyat eşqi ilə ölüm əzabları arasındakı mövcudluğun sadə və bəsit fəlsəfəsidir.

lll

Sonralar həkimlərdən həmin ata-oğulu soraqlaşsam da, gördüm deyən olmadı.

Elə o gedən getmişdilər.

 





29.05.2017    çap et  çap et