525.Az

Tarixə düşən fərəhli ömür


 

YÜKSƏK LƏYAQƏT VƏ NÜFUZ SAHİBİ FƏRƏH XANIM ŞƏKİNSKAYA

Tarixə düşən fərəhli ömür<b style="color:red"></b>

Fərəh xanım Şəkinskayanın dünyasını dəyişməsindən bir il ötsə də, onu yaxından tanıyanlardan biri kimi, mən də bu yoxluqla barışa bilmirəm, daha doğrusu, yoxluğuna inanmaq istəmirəm.

O, Azərbaycan milli mədəniyyətinə töhfələr verən, Vətən və xalq qarşısında müstəsna xidmətləri olan, çağdaş dövrümüzdə müasir dəyişikliklərə imza atan, stereotipləri və baryerləri dağıtmağa cəsarəti çatan, yeni cığırlar açan, görkəmli Azərbaycan qadınlarından biri idi. Bu əzmkar xanımın bacarığı və işgüzarlığı dövlət yetkililəri tərəfindən qiymətləndirilib, o, yüksək dövlət vəzifələrinə irəli çəkilib. Fərəh xanım Şəkinskaya Mədəniyyət nazirinin müavini olaraq dövlətin mədəniyyət siyasətinin həyata keçirilməsində xüsusi rol oynayıb. Fərəh xanım dövlətini və xalqını sevən bir şəxsiyyət idi. Bu da ona sonsuz xalq məhəbbətini  qazandırmışdı.

Gülərüz simasından daim nur tökülən bu işıqlı insan dövlət rəsmiləri qarşısında da böyük nüfuza malik idi. O, “Əməkdar incəsənət xadimi” yüksək fəxri adına layiq görülüb.

Fərəh Şəkinskaya tabeçiliyində çalışanlara yalnız istedadına və bacarığına görə qiymət verirdi. Yaxşı işi qiymətləndirir, sabahkı uğurlar üçün stimul yaradırdı. İnsanlara xoş münasibət bəsləmək onun qəlbindən gəlirdi. Fərəh xanım həm Mədəniyyət nazirliyində, həm də Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışanda, həm də Azərbaycan Dövlət Uşaq Filormaniyasına rəhbərlik edəndə hər işçiyə qarşı sonsuz diqqət və qayğıkeşliyi ilə seçilirdi.

Sovet dövründə Fərəh Şəkinskaya İttifaq məkanında da tanınırdı və böyük nüfuz sahibi idi. Təkcə onu demək kifayətdir ki, onun 1978-1988-ci illərdə Bakı Mədəniyyət İdarəsinin rəhbəri vəzifəsində çalışarkən Moskva şəhərində keçirilən Azərbaycan Günlərində istedadlı uşaqların seçilib paytaxta göndərilməsində xüsusi rolu olmuşdu. “Cücələrim” mahnısı paytaxt sakinlərinin çox xoşuna gəlmişdi. Bu barədə Moskva qəzetləri çoxlu yazılar vermişdi.

Fərəh xanım paytaxtımız üçün də böyük işlər görüb. O, Bakının və Abşeron yarımadasının əksər kəndlərində kitabxanaların və musiqi məktəblərinin   açılmasına nail olub. Bu işlər onun müstəsna xidmətləridir. Çoxsaylı xarici səfərləri zamanı Azərbaycan nümayəndə heyətinə başçılıq edər, Azərbaycan mədəniyyətini və musiqisini, adlı-sanlı sənət adamlarını təqdim edərək dünyaya tanıdırdı. O, hansı vəzifədə çalışırsa çalışsın, özündən sonra silinməz izlər qoyurdu. 

Fərəh xanım Şərqdə ilk dəfə, məhz Azərbaycanda Dövlət Uşaq Filarmoniyasını yaradıb və 20 ildən artıq ona rəhbərlik edib. O, öz yetirmələri olan balaca istedadlarla Böyük Britaniyada, Rusiyada, Türkiyədə və bir çox ölkələrdə səfərlərdə olub, hər dəfə də uğurlarla qayıdıb. 

Fərəh xanımla birlikdə çalışmaq mənə də nəsib olmuşdu. 1972-ci ildə Fərəh xanım Şəkinskaya Nərimanov Rayon Partiya Komitəsində katib idi. O zaman ərazisində strateji sənaye obyektləri olan rayonda katib vəzifəsi tutmaq çox böyük məsuliyyət tələb edirdi. Bakı şəhərinin ittifaq əhəmiyyətli zavod və tikinti təşkilatları Nərimanov rayonunda cəmləşirdi. Həmin zaman mən Bakı Baş Tikinti İdarəsinin aparıcı qurumlarından olan Sosial-Mədəni Tikinti Trestində Partiya Komitəsinin katibi vəzifəsində çalışırdım. Fərəh xanımla o zaman gördüyümüz işlər, həyata keçirdiyimiz tədbirlər bir kinolenti kimi gözlərimin önündən keçəndə sözlə deyilə bilinməyəcək hisslər keçirirəm...

Fərəh Şəkinskayanın  tövsiyəsiylə o dövrün tanınmış şəxsiyyətləri olan Xalq yazıçısı Mirzə İbrahimov, Xalq şairi Nəriman Həsənzadə, Xalq artisti Nəsibə Zeynalova, Sosialist Əməyi Qəhrəmanı Məmməd Hüseynovla tikintidə çalışan gənc fəhlələrin görüşünü təşkil etməklə milli-mənəvi dəyərlərimizi onlara çatdırır, gənclərin həyatda fəal mövqe tutmalarına stimul yaradırdıq. Bu gənc fəhlələr gündüz tikinti sahələrində bənna, suvaqçı, dülgər işləyir, axşam isə ali məktəblərdə təhsil alırdılar. Fərəh Şəkinskaya buna çox sevinirdi.  

Həmin tarixləri yada salanda düşünürəm ki, nə yaxşı biz belə müdrik rəhbərlərlə, xalqını, dövlətini sevən insanlarla ünsiyyətdə olmuşuq, onlardan görüb-götürmüşük.

Allah Fərəh xanıma rəhmət eləsin, qəbri nurla dolsun! O, aramızdan getsə də, əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.

Zina SALAMZADƏ
Azərbaycan Respublikasının Əməkdar İnşaatçısı

 





29.05.2017    çap et  çap et