525.Az

Cavanşir Feyziyevin kitabı Bişkekdə təqdim edildi - Fotolar


 

Cavanşir Feyziyevin kitabı Bişkekdə təqdim edildi - <b style="color:red">Fotolar</b>

Bişkekdəki Qırğız-Türk “Manas” Universitetində Azərbaycan Milli Məclisinin deputatı, professor Cavanşir Feyziyevin qırğız dilində nəşr olunmuş “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabının təqdimatı keçirilib.

Kitab Qırğızıstanın “Turar” nəşriyyatında çap edilib, Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov kitaba “Türk dövlətlərinin birliyi: reallıqlar və perspektivlər” sərlövhəli “Ön söz” yazıb.

Əsəri qırğız dilinə Bekten Dıykanbay tərcümə edib, redaktoru Mirlan Kaçkımbayevdir.

Təqdimat mərasimində Qırğızıstan Prezidenti Aparatının nümayəndələri, Jokorku Keneşin (Parlamentin) deputatları, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, ziyalılar, diasporumuzun fəalları, jurnalistlər iştirak ediblər.

Qırğız-Türk “Manas” Universitetinin rektoru, professor-doktor Səbahəddin Balçı və Universitetin birinci prorektoru Asılbek Kulmırzayev belə qiymətli kitabın təqdimatının bu ali təhsil ocağında keçirilməsinə görə şad olduqlarını, “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” əsərinin həm tələbələr, həm də professor-müəllim heyəti üçün dərslik kimi istifadə olunacağını bildiriblər.

Türkiyənın Qırğızıstandakı səfiri Metin Kılıç bu kitabın qırğız dilində nəşrini yüksək qiymətləndirib, türk dünyasının gəncləri üçün bu əsərin böyük faydası olacağını diqqətə çatdırıb.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov “Manas” Universitetinin türk dünyası naminə səmərəli və məqsədyönlü fəaliyyətini alqışlayıb.

Səfir çıxışında Cavanşir Feyziyevin kitabının türk dünyasına birliyinə həsr olunan çox dəyərli əsər olduğunu bildirib.

Hidayət Orucov deyib “Kitab türk dünyasının taleyi ilə bağlı ən aktual problemə – Türk Dövlətləri Birliyinin yaradılması məsələsinə həsr olunub. Əsərdə bu problemin fundamental əsasları araşdırılır, türk dövlətçiliyinin genezisi, türk sivilizasiyasının, türk siyasi mədəniyyətinin dərin qatları, ümumtürk birliyi ideyasının tarixi təkamülü, türkçülüyün mahiyyəti, dünya mədəniyyətinin, böyük İpək yolu siyasətinin, Avrasiya geosiyasətinin inkişafı tarixində türklərin rolu, Avrasiyanın "Türk konsensusu" yeni yanaşma kontekstində təhlil edilir. Müəllif müstəqil türk dövlətlərinin siyasi liderlərinin mövqelərinə söykənərək, Türk Dövlətləri Birliyinin təşəkkül şərtlərini, ümumtürk strategiyasının başlıca məqsədlərini müəyyənləşdirməyə, müstəqil türk dövlətləri arasındakı bu müttəfiqliyin ideologiyasını konseptuallaşdırmağa, türk geosiyasi regionunun türk geosiyasi sisteminə, türk geosiyasi sisteminin də öz növbəsində Türk Dövlətləri Birliyinə transformasiyasının qanunauyğunluğunu açmağa çalışır.

Sonra Qırğızıstan Jokorku Keneşinin deputatı, Qırğızıstan-Azərbaycan dostluq qrupunun rəhbərinin müavini Taalaybek Masabirov kitabın əhəmiyyəti haqqında ətraflı söhbət açıb. O başda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olmaqla, Azərbaycanın və azərbaycanlıların türk dünyasının birliyinə hörmətinin daha bir nümunəsi olduqlarını vurğulayıb.

Milli Məclisin deputatı, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin hələ 1995-ci ildə Qırğızıstana səfəri və “Manas” eposunun 1000 illiyi yubileyində iştirakı zamanı türk dünyası ilə bağlı dediyi fikirlər bu gün də öz aktuallığını saxlayır. Heydər Əliyev deyib: “Tarix bizə türk dünyasının birliyi üçün şans verib, biz bu şansı qaçırmamalıyıq”.

Qırğızıstan Xarici İşlər Nazirliyinin İkinci Siyasi Departamenti rəisinin müavini Raxman Adanov və Qırğızıstanın səfiri, professor Nurlan Aytmurzayev kitabın Azərbaycan-Qırğızıstan humanitar münasibətlərində öz layiqli yerini tutacağını qeyd ediblər. Onlar Universitetin tələbələrinə bu kitabdan maksimum səmərəli faydalanmalarını məsləhət görüblər.

Kitabın müəllifi Cavanşir Feyziyev uşaqlıq vaxtlarından türk dünyası ilə maraqlandığını, bu əsəri yazmaq üçün uzun müddət türk tarixinə dair faktları araşdırdığını bildirib.

C.Feyziyev kitabda, həmçinin Türk Dövlətləri Birliyinin qlobal siyasi-iqtisadi, sosial-mədəni və humanitar birlik kimi təşəkkül tapmasının məqsədlərini, prinsiplərini və strategiyasını irəli sürdüyünü, əsərin bu günədək Azərbaycan dilindən başqa türk, qazax, rus və boşnak dillərində 10 mindən artıq nüsxədə çap edildiyini diqqətə çatdırıb.

Müəllif gördüyü işin çətin olmasına baxmayaraq, bu işdən böyük zövq aldığını, türk dövlətlərinin birliyi və bərabərliyi üçün bundan sonra da işlərin davam etdiriləcəyini söyləyib. O, bu yolda Qırğız-Türk “Manas” Universitetinin də xüsusi rolu olduğun deyib, bunun üçün onlara təşəkkür edib.

Tədbirin sonunda universitetin foyesində kitabın imza mərasimi keçirilib.

 





30.05.2017    çap et  çap et