525.Az

Tarix Azərbaycandan başlanır


 

Tarix Azərbaycandan başlanır<b style="color:red"></b>

Hər xalqın tarixi keçmişini və mədəni sərvətlərini bütün dolğunluğu ilə əks etdirən qaynaqları, onun doğruçu güzgüsü adlandırıla bilər. Bu yönümdən bəşər mədəniyyəti tarixində silinməz iz qoyan Azərbaycan xalqının rolu və xidməti əvəzsizdir. Xalqımız çox qədim dövlətçilik ənənələrinə, zəngin qaynaqlara və möhtəşəm əbədi irsə malikdir. Ulu əcdadlarımız əsrlər boyu dünyanın hər yerində və tarixin bütün dövrlərində milli dəyərlər yarada bilmişlər. Bizə miras qalmış mənəvi sərvətlərimizdə xalqın ən qədim yaşayış səviyyəsi, uzaq minilliklərdən xəbər verən qayda-qanunları, ibtidai dini təsəvvürləri, müvafiq düşüncə tərzi və çox çalarlı dili öz əksini tapmışdır.

Dünyanın ən qədim sakinlərindən biri olan “Az” qəbilə birləşməsinin soykökündən olmağımıza baxmayaraq, hələ lap qədim dövrlərdən bu günlərə kimi milli mənliyimiz, mənsubiyyətimiz, ərazimiz, dinimiz və dilimiz haqqında müxtəlif, bir-birinə zidd, qərəzli fikirlər söylənilmiş, müəyyən səpkili yazılar dərc etdirilmişdir.

Şükürlər olsun ki, bədxahlarımızın qara niyyətləri ayaq tutub yerimədi. İndi elm aləminə yaxşı bəllidir ki, bütün türk dünyasının fövqündə Azərbaycan türklərinin mənşəyi, qədim mədəniyyəti və qaynaqları dayanır.

Oljas Süleymenov Qazax türklərinin əcdadlarının Azərbaycandan getdiyini “Az-Ya” kitabında belə vurğulayır: “Qazax türklərinin ulu babaları Qərbdən, yəni Xəzərin Qafqaz sahillərindən köçüb gəlmişlər və ona görədir ki, Qazax türkləri dünyasını dəyişən mərhumlarını bu gün də üzü Qərbə – Azərbaycana sarı dəfn edirlər”.

Türk xalqları min illər boyu dünyanın hər yerində və tarixin bütün dövrlərində iz qoymuşlar. Türklər tarix yaratmışlar. Ancaq bu tarixi izləri özündə əks etdirən elmi və ədəbi nümunələrdən xəbər tutmaq uzun müddət bizə, o cümlədən digər türkdilli xalqlarının bir çoxuna çətin olmuşdur.

Fədakar alim Tofiq Əhməd Nizammülkün tarixi kökümüzə gur işıq salan fundamental tədqiqat əsəri – “Şumernamə” elmi araşdırması bu boşluğu doldurmaq üçün atılan cəsarətli və uğurlu addımdır.

Əsərdən göründüyü kimi, necə deyərlər, ta bineyi qədimdən, yəni cəmiyyətin ilkin təşəkkül və inkişaf dövründən türk birləşmələri çox uzun, eyni zamanda maraqlı bir yol keçmişlər. Bu yolda acı da yemiş, şirin də dadmışlar. Fəqət heç zaman öz ali məqsədlərindən – cahana hürriyyət, bəşəriyyətə istiqlal, insanlara sülh və əmin-amanlıq məramından dönməmişlər.

Günümüzün ən ali ideal sayılan həmin duyğuları ulu əcdadlarından qiymətli miras kimi qəbul edən indiki nəsil onu iyirmi birinci yüzilliyə çatdırmaq üçün bütün qüvvə və bacarığını əsirgəmir .

Ömrünü-gününü azəri türklərinin söykökünün araşdırılmasına həsr etmiş Tofiq Əhməd Nizammülkün bu əsəri min illərin qaranlıqlarında itib batmış  tarixi faktlara işıq salır. Müəllifin bu dərin elmi-tarixi əsəri azəri türklərinin soykökünün araşdırılması baxımından çox qiymətlidir.

Əsərin müstəqil respublikamızın dövlət bayrağına ithaf edilməsi də təsadüfi deyil. Axı ən qədim Şumer mənbələrində belə, dövlət bayrağımızın üçrəngli olması göstərilir. Bu bir daha sübut edir ki, azərbaycanlıların söykökü tarixin özü qədər qədim və uludur. Azəri türkləri həmişə bu bayraq altında yaşamış, yaratmış, öz dövlətini, azadlığını, torpağını qorumuş, öz milli adət-ənənələrini gələcək nəsillərə çatdırmışlar.

Görkəmli Xalq şairi Bəxtiyar Vahabzadə də çox gözəl demişdir:

Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı Vətən görmüşəm.
Zəfər güllərini dövrü-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim.

Əsər boyu azəri türklərinin həyat yolları, onların azadlıq, müstəqil dövlətlərini yaşatmaq istəyi müxtəlif vasitələrdən, qədim qaynaq və mənbələrdən hərtərəfli istifadə edilməklə geniş surətdə təbliğ olunur. Hələ çox qədim minilliklərdə yaşamış azəri xalqının mərd hökmdarəsi Tomris deyirdi:

Azadlıq! Öz böyüklüyünə və qüdrətliyinə inam! Budur mənim xalqıma əmanətim!

Azadlığı olmayan bu xalqın dərdlərdən, təhqirlərdən, əzablardan başqa nəyi ola bilər?! Siz də ömrünüzün ən ağır zamanlarında, ən xoşbəxt zirvələrində azadlığınızı unutmayın! Çünki öz xalqın, öz Vətənin azad olmasa, ən uca hökmranlıq və şöhrət zirvəsində xoşbəxt ola bilməyəcəksiz! Xəyanətə və qılınc zərbələrinə qarşı od kimi ayrılmaz, su kimi bölünməz olmaq gərəkdir! O zaman yalnız bu əbədi göylərin altında var olacaq... Və azadlığınızı əlinizdən almaq istəyənlərə diz çökdürüb, baş əydirmək mümkün olacaqdır...

İnanırıq ki, Tofiq Əhməd Nizammülkün bu möhtəşəm “Şumernamə” əsəri hər bir azərbaycanlının stolüstü kitabına çevriləcək və nəsildən-nəslə keçəcəkdir.

Bu işdə fədakar alim, istedadlı qələm sahibi Tofiq Əhməd Nizammülkə yeni-yeni yaradıcılıq uğurları diləyirik. 

Həşim Həsənoğlu
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,
“Qızıl Qələm” mükafatı laureatı

 





08.05.2013    çap et  çap et