525.Az

Azərbaycan filologiyası Böyük Türk Dili Qurultayında təmsil olundu - Fotolar


 

Azərbaycan filologiyası Böyük Türk Dili Qurultayında təmsil olundu - <b style="color:red">Fotolar</b>

Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dil Qurumunun (TDQ)  təşkilatçılığı ilə hər dörd ildən bir Uluslararası Böyük Türk Dili Qurultayı keçirilir.

2017-ci ilin Türkiyədə “Dilimiz kimliyimizdir” başlığı altında “Türk dili ili” elan edilməsi ilə əlaqədar yüksək səviyyədə təşkil olunmuş mötəbər tədbirə - VIII Uluslararası Böyük Türk Dili Qurultayına dünyanın 34 ölkəsindən  247 məqalə ilə 266 nəfər elm adamı qatılıb. Qurultayda Bakı Dövlət Universitetini Filologiya fakültəsinin alimləri - Türkologiya kafedrasının professoru Məhərrəm Məmmədli, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov, Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva, “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov təmsil ediblər.

Türkiyə Respublikasının Prezident sarayında baş tutan açılış mərasimində ölkə rəhbəri Rəcəb Təyyib Ərdoğan, Baş nazirin müavini Toğrul Türkeş, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Dərya Örs, Türk Dil Qurumu başqanı, professor Mustafa Kaçalin çıxış edərək qurultay iştirakçılarını salamlayıb, geniş türk coğrafiyasını əhatə edən bu tədbirin mədəni-siyasi əhəmiyyətindən, türk dilinin, ümumən, türkologiyanın aktual problemlərindən söz açıb. Sonra prezident Rəcəb Təyyib Ərdoğan “Türk dünyasına xidmət ödülü”nün sahiblərinə mükafatlar təqdim edib. 

Qurultayın növbəti günlərində ayrı-ayrı bölmələrdə türkologiyanın müxtəlif istiqamətləri üzrə məruzələr dinlənilib. Məhərrəm Məmmədov “Güney Azərbaycan dialektlərində feilin zaman şəkilləri”, Məhəmməd Məmmədov “Türk etnik-mədəni ənənəsində Tanrını rəmzləndirən anlayışlar”, Qızılgül Abdullayeva “Oğuz-qıpçaq və qıpçaq-oğuz paralelliyi XVII əsr Azərbaycan türkcəsinin dil mənzərəsində”, Rəhilə Quliyeva “Bir daha Azərbaycan dilində feilin qrammatik məna növləri haqqında”, Pərvin Eyvazov “Akademik Tofiq Hacıyevin ortaq türk dili layihəsində Türkiyə türkcəsi” adlı məruzələrlə çıxış ediblər.

Qurultay çərçivəsində qonaqlar Ankara şəhəri gəzərək Anadolu mədəniyyətləri muzeyi, Qurtuluş savaşı muzeyi (Birinci və İkinci Türkiyə Böyük Millət Məclisinin tarixi binaları), Hacı Bayram Vəli türbəsi, Ankara qalası və digər memarlıq abidələri və tarixi yerlərlə yaxından tanış olublar. Sonra iştirakçılar Ankara Dövlət Opera və Balet teatrında “Türkçe Aşkı Vatan Aşkı” tamaşına baxıblar.

Həmçinin BDU alimləri bu müddətdə ADR-in qurucusu, görkəmli dövlət xadimi Məmməd Əmin Rəsulzadənin məzarını ziyarət ediblər.

BDU təmsilçiləri universitet adından Türk Dil Qurumuna xatirə hədiyyələri bağışlayıb, qurultaya xaricdən qatılan qonaqlara BDU haqqında kitab, buklet və “Bakı Universiteti” qəzetinin son sayını paylayıblar.

Həmçinin təşkilat komitəsi adından iştirakçılara qurultayın materiallar toplusu, sertifikatlar, TDQ-nin kitabları və bir sıra hədiyyələr təqdim olunub.

 





31.05.2017    çap et  çap et