525.Az

Bakıda Travmatoloq və Ortopedlərin IX Beynəlxalq Konqresi - Foto


 

AZƏRBAYCANLA YANAŞI, TÜRKİYƏ, RUSİYA VƏ GÜRCÜSTANIN NÜFUZLU TİBB MÜTƏXƏSSİSLƏRİ DƏ TƏDBİRDƏ İŞTİRAK EDİBLƏR

Bakıda Travmatoloq və Ortopedlərin IX Beynəlxalq Konqresi - <b style="color:red">Foto</b>

Mayın 27-də Bakıda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Travmatoloqlar və Ortopedlərinin Assosiasiyasının (AzTOA) IX Beynəlxalq Konqresi təşkil olunub.

 "Travmatologiya və ortopediyada müasir müalicə üsullarının və innovasiyon texnologiyaların tətbiqi" mövzusunda keçirilən tədbirin açılış mərasimində çıxış edən AzTOA prezidenti, tibb elmləri doktoru Yaşar Cəlilov təşkilatın yaranması və fəaliyyətindən danışaraq bildirib ki, 2004-cü ildə təsis olunan Azərbaycan Travmatoloqlar və Ortopedlərinin Assosiasiyası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçərək, 13 ildir ictimai birlik kimi fəaliyyətini davam etdirir.

Təşkilatın illik toplantılarının ilbəil daha məzmunlu keçdiyini deyən Y.Cəlilov vurğulayıb ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilata öz dəstəyini göstərməsi təkcə tədbirin əhəmiyyətinin artmasına deyil, eyni zamanda Azərbaycanın səhiyyə sisteminin inkişafında təşkilat olaraq qarşıya qoyduqları məqsədlərə daha tez çatmaqlarına imkan verəcək. O, ölkə prezidenti İlham Əliyevə qeyri-hökumət təşkilatlarına göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını ünvanlayıb.

Y.Cəlilov Azərbaycanda son illərdə travmatologiya və ortopediya sahəsində əldə olunan nailiyyətlər və mövcud problemlərə toxunaraq qeyd edib ki, bu konqres ilk növbədə həkimlərin öz təcrübələrini digər həmkarları ilə bölüşməsinə imkan verir: "Həmçinin, Türkiyə, Rusiya və Gürcüstandan dəvət olunan tibb mütəxəssislərilə aparılan müzakirələr, yerli və əcnəbi səhiyyə işçilərinin təqdimatında izlənilən çıxışlar qarşılıqlı təcrübə mübadilələrinin aparılmasına xidmət edir".

AzTOA prezidenti deyib ki, son illərdə travmatologiya və ortopediya sahəsində təkcə Bakıda deyil, respublikamızın digər şəhərlərində də ən yeni üsullarla müalicə və əməliyyatlar aparılır: "Bütün bunlar onu deməyə əsas verir ki, yüksək hazırlıqlı, peşəkar həkimlərimizin sayı getdikcə artmaqdadır. Eyni zamanda, bölgələrdə müasir tipli səhiyyə ocaqlarının, müalicə diaqnostika mərkəzlərinin istifadəyə verilməsi, köhnə xəstəxanaların isə təmir etdirilərək ən yeni tibbi avadanlıqlarla təchiz olunması nəticəsində travmatoloq və ortopedlərin iş şəraiti və xidmət səviyyəsi daha da yaxşılaşıb".

Y.Cəlilov onu da qeyd edib ki, bu cür tədbirlərin miqyas və səviyyəsini artırmaq, əhatə dairəsini daha da genişləndirmək niyyətindədirlər: "Əsas məqsədimiz Azərbaycanda travmatologiya və ortopediyanın inkişafını Avropa standartlarına çatdırmaqdır ki, vətəndaşlarımız ölkəmizin bütün bölgələrində dünyada tətbiq olunan ən yeni üsullarla travmatoloji-ortopedik yardım alsınlar".

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov çıxışında belə bir məqamı önə çəkib ki, Azərbaycanın tibb sahəsində çalışan aparıcı mütəxəssislərinin mühüm toplantılar keçirərək elmin son nailiyyətlərini müzakirəyə çıxarmaları bu sahədə mövcud problemlərin aradan qaldırılması, yeni müalicə üsullarının tətbiq olunması və müalicəyə ehtiyacı olan vətəndaşlarımıza yüksək səviyyədə xidmət göstərilməsi baxımından olduqca effektli hadisədir: "Bütün bunlar Azərbaycan tibbinin daha da inkişafına xidmət edir".

R.Qonaqovun fikrincə, ölkədə son dövrlər səhiyyə sahəsində əldə olunan uğurlar, müşahidə edilən inkişaf tendensiyası dövlətin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir: "Artıq insan sağlamlığında hər hansı bir problem yaranırsa, müalicə-əməliyyat olunmaq üçün xarici ölkələrə getməyə ehtiyac yoxdur. Çünki hazırda ölkəmizdə kifayət qədər savadlı tibb mütəxəssisləri, müasir müalicə mərkəzləri, xəstəxanalar mövcuddur".

Daha sonra çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov keçirilən konqresin əhəmiyyətinə toxunaraq deyib ki, bu tədbirdə Azərbaycanın travmatologiya və ortopediya sahəsində çalışan ən görkəmli həkimlərilə yanaşı, xarici ölkələrdən gələn nüfuzlu tibb mütəxəsislərinin də iştirakı olduqca sevindirici cəhətdir: " İnanıram ki, burada aparılan müzakirələr Azərbaycanda travmatologiya və ortopediya sahəsinin inkişafına öz töhvələrini verəcək".

Çıxışlardan sonra konqres iştirakçıları adından ölkə prezidenti İlham Əliyevə müraciət oxunaraq yekdilliklə qəbul olunub. Müraciətdə qeyd olunur ki, Azərbaycan Travmatoloqlar və Ortopedlərinin Assosiasiyasının mütəmadi keçirdiyi konqreslərin məqsədi dövlət başçısının Azərbaycanda səhiyyənin inkişafına yönələn uğurlu fəaliyyətinə ictimai dəstək, yerlərdə travmatologiya-ortopediya üzrə çalışan həkimlərin peşə səviyyəsinin yüksəldilməsinə töhfə verməkdir.

Açılış mərasimindən sonra konqres öz işinə başlayıb.

İki gün davam edən konqresdə yerli və xarici mütəxəssislər travmatologiya və ortopediya sahəsində əldə olunan son yeniliklərlə bağlı hazırladıqları məruzələrlə çıxış ediblər, xarici və yerli tibb mütəxəssisləri arasında fikir və təcrübə mübadiləsi aparılıb.

Ceyhun ABASOV

 





31.05.2017    çap et  çap et