525.Az

Uşaqların sosial müdafiəsi daim diqqət mərkəzindədir


 

Uşaqların sosial müdafiəsi daim diqqət mərkəzindədir<b style="color:red"></b>

1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günüdür. Ölkəmizdə hər bir uşağın sağlam və firavan böyüməsi, fiziki-mənəvi inkişafı və layiqli vətəndaş kimi formalaşması, müvafiq hallarda etibarlı sosial təminat növləri ilə təmin edilməsi sahəsində fəal dövlət siyasəti həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "525"ə verilən məlumata görə, ötən dövrdə ölkəmiz BMT-nin "Uşaq Hüquqları haqqında" Konvensiyasına, "Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında" Ümumdünya Bəyannaməsinə və s. sənədlərə qoşulub. Bu sənədlərdən irəli gələn normaları əks etdirən qanunlar, digər zəruri normativ hüquqi aktlar qəbul olunub. Beləliklə, uşaq hüquqları sahəsində mütərəqqi beynəlxalq normalara, humanist yanaşmalara əsaslanan milli qanunvericilik bazası  formalaşıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və şəhid ailələrinin 17 293, I və II qrup Çernobıl  əlillərinin ümumilikdə 635, müddətli hərbi xidmət qulluqçularının 192 nəfərin uşağı aylıq sosial müavinətlə təmin olunur. Həmçinin, ünvanlı dövlət sosial yardımı alan ailələrdəki ailə üzvlərinin 48,4 faizi uşaqlardan ibarət olmaqla, sosial yardımdan əlavə olaraq həmin aztəminatlı ailələrdəki  1 yaşınadək uşaqların hər birinə görə aylıq sosial müavinət də ödənilir. 

Prezidentin "Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında"  fərmanına əsasən, nazirlik tərəfindən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış ümumilikdə 8 926 nəfər uşağının hər birinə görə aylıq sosial müavinət verilir. Ailə başçısını itirməyə görə  24 250 ailəyə aylıq sosial müavinət, 118 167 ailəyə isə aylıq əmək pensiyası ödənilir. Sağlamlıq imkanları məhdud uşaqlara da aylıq sosial müavinət ödənilməklə yanaşı, onların tibbi-sosial reabilitasiya imkanları getdikcə artırılır. Cari ilin yanvar-aprel aylarında Uşaq Bərpa Mərkəzində 1000 nəfərdən çox şəxsə stasionar və ambulator qaydada reabilitasiya xidmətləri göstərilib.

Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə son illərdə Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi istifadəyə verilib, həmçinin hazırda 320 nəfərdən çox uşağın yaşadığı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun şərait yaradılıb.
 
Sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa müalicəsinin istiqaməində aparılan işlərin davamı olaraq,  nazirlik tərəfindən 2016-cı ildə 70 nəfər əlilliyi olan şəxslə bərabər, 58 nəfər sağlamlıq imkanları məhdud uşağın da (valideynlərindən birinin müşaiyəti ilə) xaricə ixtisaslaşmış reabilitasiya kursu keçməsi təşkil edilib.  Nazirliyin sosial sifarişləri üzrə icra olunan layihələr çərçivəsində də sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün məqsədyönlü işlər görülür.

Təkcə ötən il bu sifarişlər üzrə 2046  nəfər  ehtiyacı olan uşağı əhatə edən layihə icra olunub. Uşaq hüquq və azadlıqlarının vacib tərkib hissələrindən biri də uşaq əməyinin, xüsusi ilə onun ən pis formalarının  ləğv olunmasıdır. Ölkə qanunvericiliyində uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilməklə, uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələri qadağan edilib.

Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən aparılan məqsədyönlü işlərin, bu sahədə aidiyyəti qurumlarla birgə təbliğat-maarifləndirmə tədbirlərinin müsbət nəticəsi kimi, Azərbaycanda uşaq əməyindən qeyri-qanuni istifadə halları da minimum səviyyəyə enib.

Zaur CƏFƏROV

 





01.06.2017    çap et  çap et