525.Az

MDB-nin Mədəniyyət Paytaxtında möhtəşəm musiqi festivalı


 

MDB-nin Mədəniyyət Paytaxtında möhtəşəm musiqi festivalı <b style="color:red"></b>

"Gəncə - Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı 2017" layihəsi çərçivəsində Nizami yurdunda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə I Beynəlxalq Musiqi Festivalı keçirilir.

Heydər Əliyev Park-Kompleksində yerləşən amfiteatrda keçirilən konsert proqramında Rusiyanın N.Osipov adına  Xalq Çalğı Alətləri, həmçinin Milli Akademik orkestrləri, Tacikistan Respublikasının məşhur "Bazmoro" rəqs ansamblı, Belarus Respublikasının Əməkdar kollektivi, Belarus Dövlət Filarmoniyasının "Kupalinka" folklor qrupu, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri, eləcə də "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı, həmçinin Azərbaycanın bir neçə tanınmış incəsənət ustaları öz ifaları ilə Nizami yurdu sakinlərini sevindiriblər.

Sonda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən festival iştirakçılarına sertifikatlar təqdim edilib.

Gəncə I Beynəlxalq Musiqi Festivalının iştirakçıları tədbirin keçirildiyi üç gün ərzində Məhsəti Gəncəvi Mərkəzində  Gəncə Dövlət Universiteti, Musiqi kolleci və Uşaq musiqi məktəblərinin iştirakı ilə "Gənc İstedadlar" adlı konsert proqramına tamaşa edib, həmçinin Heydər Əliyev Mərkəzi, Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Nizami Gəncəvi məqbərəsi, Nizami Gəncəvi Muzeyi, Heydər Əliyev adına meydan, Miniatür Kitab Muzeyinin Gəncə filialı ilə tanış olublar.

Xatırladaq ki, 2016-cı il sentyabrın 16-da Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 25-ci yubiley sammitində Gəncə şəhəri 2017-ci il üçün "Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı" elan edilib.

Zakir MURADOV
Gəncə

 





01.06.2017    çap et  çap et