525.Az

Uşaqlara ingilis dilini öyrədən "Cahan" uşaq bağçası - Fotolar


 

REBEKKA SÜLEYMAN: "TƏDRİS ZAMANI UŞAQLAR YAŞ ÇƏRÇİVƏSİNDƏ TƏLƏB OLUNAN MİNİMUM SÖZ EHTİYATI QAZANIR, TƏLƏFFÜZLƏRİ ERKƏN YAŞDA DOĞRU FORMALAŞIR"

Uşaqlara ingilis dilini öyrədən "Cahan" uşaq bağçası - <b style="color:red">Fotolar</b>

İxtisasından, peşəsindən asılı olmayaraq, istənilən insanın formalaşması üçün, dünya görüşünün, intelektinin olması üçün xarici dil əsas rol oynayır.

Bu səbəbdən də valideynlərin çoxu övladlarının ingilis dilini mükəmməl şəkildə öyrənməsini istəyir.  Xarici dil biliyi hər bir uşağın gələcək inkişafında önəmli rol oynayır. İki və ya daha çox dil bilən uşaqların idrakı bir dil bilən uşaqlarla müqayisədə daha yüksək olur. Belə ki, onlar aidiyyatı olmayan məsələləri diqqətdən kənar qoyub yalnız əlaqəli məsələ üzərində fikir cəmləşdirib problem həll etmək üstünlüyünə malikdirlər.

Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərən rus-ingilis təmayüllü "Cahan" uşaq bağçası, tədris mərkəzində uşaqlara inglis dili yüksək səviyyədə öyrədilir. 

CAHANDA KEMBRİC VƏ OKSFORD MODELİ 

Bağçanın ingilis dili qrupunun müəllimi Rebeka Süleyman deyir ki, "Cahan" uşaq bağçası, tədris mərkəzində məktəbəqədər uşaqlar üçün ingilis dili kursu fəaliyyət göstərir. Kursda dərslər Kembric və Oksford universitetlərinin hazırlıq proqramı əsasında aparılır: "Bağçada beynəlxalq standartlara uyğun 2 səviyyəli proqramla ingilis dili tədris olunur. Tədris zamanı uşaqlar bu yaş çərçivəsində tələb olunan minimum söz ehtiyatı qazanır, tələffüzləri erkən yaşda doğru formalaşır, şəkillər üzrə qısa təsvirlər verir, qısa dialoqlar qura bilirlər. Uşaqlar başqa bir dildə düşünə bilir və özlərini rahatlıqla ifadə edirlər. Qeyd edim ki, proqrama uyğun olaraq uşaqlar yaş və səviyyələrinə görə qruplara bölünürlər. Hər bir qrup üçün materiallar xüsusi diqqətlə seçilir. Dərslər canlı, maraqlı və diqqətəlayiq keçir. Seçilmiş mənbələrdən ehtiyatla istifadə edərək fəal oyunlarda, sorğu və viktorinalarda iştirak edərək uşaqlarınız öz danışıqlarını, oxumaq, yazmaq qabiliyyətlərini təkmilləşdirməyə həvəsli olurlar. İngilis dili dərsləri həftədə 5 gün, hər dərs 1 saat olmaqla keçirilir. Dərsin müddətinin məhz 1 saat olmasının səbəbi, uşaqların yorulmaması və keçirilən dərslərin onların rahat qavramalarına şərait yaratmasına xidmət edir. Yəni bu 1 saat ərzində keçirilən hər hansı bir dərs çox asan və rahat yol ilə uşaqlara çatdırılır ki, bu da onların dili qavramaq qabiliyyətini inkişaf etdirir və dərsi öyrənməyə həm həvəs yaradır, həm də uşaqlar üçün öyrənmək rahat olur".

MUSİQİLİ VƏ ƏYLƏNCƏLİ TƏDRİS ÜSULU

R.Süleymanın sözlərinə görə, dərslər məktəbəqədər uşaqlar üçün nəzərdə tutulan kitablar əsasında keçilir. Bu kitablarda "Salamlaşma", "Meyvələr", "Ailə üzvləri", "Bədən üzvləri", "Heyvanlar", "Fiqurlar" və sair kimi mövzular yer alıb. İstifadə olunan yeni sözlərin transkripsiyası Azərbaycan dilində verildiyindən, hətta ingilis dilini bilməyən valideynlər də övladlarının tədris prosesində aktiv iştirak edə bilərlər. Kitabları başa çatdırdıqda, uşaqlar ingilis dilində sərbəst şəkildə salamlaşmağı, sağollaşmağı, özlərini təqdim etməyi, öz yaşlarını deyə bilməyi, 10-a qədər saymağı bacarmaqla yanaşı, yuxarıda sadalanan mövzuları əhatə edən sözləri, bəzi sifət və felləri, otaqların və ev əşyalarının adlarını da ingilis dilində ifadə edə bilirlər: "İngilis dili - uşaqlara ilkin və sadə ingilis dili anlayışı aşılanır. Yeni sözləri musiqili və əyləncəli şəkildə öyrənmələri onlarda ingilis dilinə qarşı daha çox maraq yaradır. Müxtəlif həvəsləndirici tədbirlər vasitəsilə uşaqların ingilis dili bacarıqlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməklə yanaşı, tədris zamanı ən son texnologiyalardan olan multimedia və veb resursları daxil olmaqla qrup və cütlük şəklində iş, interaktiv oyunlar, təqdimatlar kimi müasir tədris üsullarından istifadə olunur". 

İKT VƏ ƏYANİ VƏSAİTLƏR ƏSASINDA QURULAN MƏŞĞƏLƏLƏR 

R.Süleyman əlavə edib ki, "Cahan" uşaq bağçası, tədris mərkəzində məktəbə hazırlıq, inkişafetdirici, fərdi və mədəni-estetik, mental-aritmetik proqramlar üzrə tədris aparılır. Bağçada uşaq ədəbiyyatı, nağıllar aləmi, məntiq, ətraf aləmlə tanışlıq, əlavə dil kimi fransız dili tədris olunur. Hər bir fənnin tədrisində müəllimlər müasir ədəbiyyat və texnologiyalardan istifadə edərək uşaqların yaş səviyyələrinə uyğun məşğələlər qururlar. Bu məşğələlərin əsasını məntiq, intellektual oyunlar və fənlərarası əlaqə təşkil edir. İKT və əyani vəsaitlər əsasında qurulan məşğələlər öz rəngarəngliyi ilə seçilir. Bağçada məktəbəhazırlıq proqramına əlavə olaraq bir sıra dərnəklər fəaliyyət göstərir. Bu dərnəklər vasitəsilə uşaqların yaradıcılıq qabiliyyəti, məntiqi-təxəyyülü, ilkin mühəndislik bacarıqları formalaşır və gizli istedadları üzə çıxır. Uşaqlara dinləmə və başa düşmə vərdişləri aşılanır, onlar fikirlərini sərbəst, rabitəli şəkildə ifadə etmə bacarığına, söz ehtiyatı zənginliyinə yiyələnir.

PEŞƏKAR MÜƏLLİM VƏ TƏRBİYƏÇİLƏR

R.Süleymanın dediyinə görə, "Cahan" uşaq bağçasının müəllimləri uşaqların var olan bacarıqlarını inkişaf etdirməyə və yeni bacarıqlar qazanmasına dəstək olurlar. Müəllim və tərbiyəçilər uşağın ehtiyaclarına, fərdi fərqliliklərinə uyğun olmağa çalışır, onlarda məsuliyyət, yardımlaşma, həmrəylik, paylaşma kimi duyğu və davranışları inkişaf etdirirlər. Bağçada çalışan müəllimlər ali təhsilli, təcrübəli, peşəkar mütəxəssislərdir. Onlar uşaqlara diqqət və qayğıyla yanaşır, hər bir ehtiyaclarını ürəklə qarşılayırlar. Savadlı müəllim, məktəbəqədər təhsilin və uşağın inkişafına təsir edən ən əsas faktorlardan biridir. Burada çalışan peşəkar, yüksək ixtisaslı məktəbəqədər hazırlıq üzrə metodistlər məşğələlərin təşkilinin keyfiyyətinə və təhsil alan uşaqların inkişafına nəzarət edir.

CAHANIN NALİYYƏTLƏR QAZANAN YETİRMƏSİ

Bağçanın məktəbə hazırlıq qruplarını bitirən uşaqlar təhsil aldıqları ümumtəhsil məktəblərində yüksək nəticələr göstərirlər. Bağçanın ingilis qrupunu bitirən Turan Əsgərov ötən il yüksək nəticə ilə "Evrika" Liseyinin ingilis bölməsinə qəbul olub. Göstərdiyi yüksək nəticəyə görə, yeni tədris ilindən Turan 2-ci sinifə yox,  birbaşa 3-cü sinifə gedəcək.

Turanın valideyni Tünzalə Əsgərova deyir ki, Turan çox savadlı və istedadlı bir uşaqdır. Onun bu istedadının üzə çıxmasında, ingilis dilini bu səviyyədə mənimsəməsində müəllimlərin rolu böyükdür: "Turan məktəbdən öncə "Cahan" uşaq bağçası, tədris mərkəzinin ingilis qrupunda təhsil alıb. Müəllimi isə mərkəzin müəllimi Rebeka xanım olub. Rebeka xanım sözün əsl mənasında peşəkar bir pedaqoqdu və ingilis dilini uşaqlara mükəmməl şəkildə öyrədir. Turan bu gün məktəbdə yüksək nəticələr göstərir, birinci siniflə yanaşı, ikinci sinifin də proqramın öyrənir. Onun uğur qazanmasında Rebeka xanımın böyük rolu var.  Bir valideyn olaraq "Cahan" uşaq bağçası, tədris mərkəzindən və Rebeka müəllimdən çox razı qaldım.  Hazırda Turan ingilis dilində təhsil alır. Ancaq Azərbaycan dilini mükəmməl şəkildə bilir. Bir valideyn olaraq mənim ən böyük arzum Turanın vətəninə, dövlətinə layiq bir vətəndaş kimi yetişməsidir".

S.QARAYEVA

 





01.06.2017    çap et  çap et