525.Az

Səlim Müslümov Cenevrəyə gedir


 

Səlim Müslümov Cenevrəyə gedir<b style="color:red"></b> İyunun 5-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 106-cı sessiyası öz işinə başlayacaq.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, sessiyada ölkəmizi əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəhbərlik etdiyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti təmsil edəcək.
 
Tədbirin gündəliyinə BƏT-in baş direktorunun və Rəhbər Orqanının sədrinin məruzələri, BƏT-in Konvensiya və Tövsiyələrinin icra vəziyyəti, “Sülh və istiqrar naminə layiqli əmək: Məşğulluqla bağlı (müharibədən sülhə keçid)” 1944-cü il tarixli, 71 nömrəli Tövsiyənin nəzərdən keçirilməsi, həmçinin BƏT-in 2008-ci ildə qəbul edilmiş “Dürüst qloballaşma naminə sosial ədalət haqqında” Bəyannaməsinə əsasən əmək sahəsində fundamental prinsip və hüquqların strateji hədəflərinə dair müzakirə, 2017-2020-ci illər üçün BƏT-in Rəhbər Orqanına seçkilər və digər məsələlər daxildir.
 
Sessiyanın iyunun 7-də keçiriləcək plenar iclasında Azərbaycan nümayəndə heyətinin başçısı kimi Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin çıxışı nəzərdə tutulur.
 
Tədbir çərçivəsində BƏT-in baş direktoru və digər rəhbər şəxsləri, həmçinin sessiyada iştirak edəcək bir sıra üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlərin keçirilməsi də planlaşdırılır.
 





02.06.2017    çap et  çap et