525.Az

Alanya Film Festivalı - müasir kino orta əsrlər şəhərində - Fotolar


 

Alanya Film Festivalı - müasir kino orta əsrlər şəhərində - <b style="color:red">Fotolar</b>

Mayın 23-dən 29-dək Türkiyənin Alanya şəhərində film festivalı keçirilib. İkinci ildir keçirilən festival gənc olsa da, təşkilatçılar hazırlığı yüksək səviyyədə həyata keçiriblər.

Açılış günündə Azərbaycan, Rusiya, Estoniya, Ukrayna və Belarusdan gələn 80-ə yaxın aktyor, aktrisa, rejissor və digər sənətçilərin ailə üzvləri, doğmaları ilə birgə, qırmızı xalı üzərində keçidi gerçəkləşib.

Azərbaycan nümayəndə heyəti isə gecədə ən çox alqış alanlardan olub. Xalq artisti Fəxrəddin Manafov və xanımı Vera (Vahidə) Manafova, Əməkdar artistlər Mehriban Zəki, Gülzar Quliyeva, Bəhruz Vaqifoğlu, rejissorlar İlqar Safat, Şamil Əliyev, Mirbala Səlimli festivala qatılıblar. Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə yerli mətbuat nümayəndələri də festivalda iştirak ediblər.

Alanya Turistik İşlətməcilər Dərnəyi (ALTİD) və yerli Turizm Tanıtma Vəqfinin (ALTAV) təşkilatçılığı ilə keçirilən festival ruscanın da istifadə edildiyi ölkələrin film sayəsində, “Dostlar bir arada” devizi altında tanıdılmasını nəzərdə tutur. Filmlər türkcə və rusca altyazısı ilə Alanya İskələ Şəlalə Meydanında və Mahmutlar Kültür Mərkəzində nümayiş olunub. Bu günlər ərzində Azərbaycanı rejissor Şamil Əliyevin çəkdiyi “Çölçü”, İlqar Safatın “İçərişəhər”, Mirbala Səlimlinin isə “Qırmızı bağ”, Ülviyyə Könülün “Həddən artıq uyğunluq” filmləri təmsil edib. Filmlərin nümayişinə yerli əhali və turistlərin də marağı böyük olub.

Alanya - XIII əsrin incisi

Alanya Türkiyənin Antalya vilayətinə bağlı olan rayon mərkəzi - şəhərdir. 300 minə yaxın əhalisi olan şəhərdə xaricilərin Türkiyədəki mülklərinin 30 faizi yerləşir. Səlcuqlu İmperiyası dövründə Əlaəddin Keyqubad tərəfindən salınan Alanyanın şimalındakı Toros dağları və digər səmtdəki Aralıq dənizi şəhərin iqlimini özünəməxsus edir. Tarix boyu Kolonoros, Alaiye, Kandelorre adlanan şəhər 1935-ci ildə Mustafa Kamal Atatürkün buraya səfərindən sonra Alanya adlandırılıb. Bir versiyaya görə isə Alaiye 1933-cü ildə rəsmi qəzetdə səhvən Alanya gedəndən sonra bu adla tanınmağa başlayıb.

Festival günləri ərzində ölkələrdən gələn nümayəndələr Alanyanın tarixi və mədəni məkanlarında turlarda olublar. Onlar bu müddətdə Dim çayı, Dim Mağarası, Damlataş mağarası, Tersane, Sapadere Kanyonu kimi əsrarəngiz gözəlliyi olan yerləri gəziblər. Həmçinin, media nümayəndələri və kino xadimləri üçün dənizaltı gəzinti təşkil olunub. Onlar Türkiyədə ilk, dünyada isə 7-ci olan “Nemo” dənizaltısına minərək səyahət ediblər.

Növbəti gün isə iştirakçılar 13-cü əsrdə Səlcuq sultanı Əlaəddin Keyqubadın sifarişi ilə tikilmiş Qızıl Qüllədə olublar. Alanyada turistlər üçün yüksək səviyyədə təşkil edilən bu turların qiyməti isə belədir: Dənizaltı ilə gəzinti 130 dollar; Alanyanın rəmzi olan Qızıl Qüllənin aşağısında yerləşən Etnoqrofiya Muzeyinə giriş 15 türk lirəsi. Qalaya qalxmaq isə xüsusi bələdçilərlə fərqli qiymətə təklif edilir.

Fəxrəddin Manafov fenomeni

Festivalın xüsusi qonağı olan Fəxrəddin Manafovun rəhbərlik etdiyi Azərbaycan heyəti festival günlərində maraqlı çıxışları ilə hər kəsi heyran qoyub. F.Manafov 28 may - Azərbaycanın Respublika günündə keçirilən ziyafət zamanı milli qürur günümüzü unutmayaraq bu günün önəminə diqqət çəkib. Hətta ziyafətdə Rəşid Behbudovun repertuarından mahnı da səsləndirilib. Görkəmli aktyorumuz festival iştirakçıları arasında yerli əhalinin ən çox maraq göstərdiyi qonaqlardan olub. O, festival gecələrindən birində Məhəmməd Füzulinin qəzəlindən bir parçanı rusca söyləyib.

“Yol ver türkün bayrağına” - deyən Mehriban Zəki...

Əməkdar artist bu dəfə də ifaçılıq qabilliyətini nümayiş etdirib. M.Zəki açıq səma altında keçirilən açılış günündə Aşıq Veysəlin “Uzun incə bir yoldayım” türküsünü canlı akapella oxuyaraq Alanya İskələ Şəlalə Meydanında toplaşanların gur alqışlarını qazanıb. Növbəti günlərdən birində isə M.Zəki Ramiz Rövşənin şeirinə bəstələnmiş mahnı ilə nümayəndə heyətlərini təəccübləndirib. Bağlanış ziyafətində Mehriban xanım tədbirin ən maraqlı çıxışlarından birinə imza atıb. O, saz müşayiəti ilə sözləri Əhməd Cavad, musiqisi Üzeyir Hacibəyliyə məxsus “Çırpınırdı Qara dəniz”i səsləndirib. Əməkdar artisti yenə də hər kəs ayaqüstə alqışlayıb.

Gənc “Çölçü”nün Alanya uğuru

“Çölçü” filminin baş qəhrəmanını canlandıran Əməkdar artist Bəhruz Vaqifoğlu isə aktyorluq qabiliyyəti ilə festivala damğasını vurub. O, açılış günündə sözləri Vahid Əzizin, musiqisi Elza Seyidcahanın olan “Mən aktyoram” mahnısının sədaları ilə sözün yaxşı mənasında, “dondan-dona girib”. Dövlət Pantomim Teatrının aktyoru 5 dəqiqəlik pantomim göstərisi ilə film və teatr vəhdətini səhnədə uğurla nümayiş etdirib. B.Vaqifoğlu qonaqların istəyi ilə eyni səhnəni bir daha bağlanış günündə sərgiləyib. Onun aktyorluğu Rusiyanın məşhur aktrisası İrina Bezrukovanın xüsusi diqqətini çəkib və o, aktyorumuza heyranlığını dilə gətirib.

Festival günlərində rejissorlarımız Şamil Əliyev, İlqar Safat və Mirbala Səlimli müəllifləri olduqları filmlərin nümayişindən sonra digər ölkələrin kino xadimlərindən və tamaşaçılardan çoxlu xoş söz eşidiblər. “Ölsəm, bağışla”nın Gulyası, “Naməlum Axundzadə”nin Şəhrəbanusu, “Qırmızı bağ”ın Vəfası - Əməkdar artist Gülzar Qurbanova isə media təmsilçilərilə söhbətlərində kino və teatrla bağlı maraqlı məqamlara toxunub.

Festivalın sonunda Azərbaycan nümayəndə heyəti təşkilatçılar tərəfindən mükafatlandırılıb.

Növbəti illərdə festivalın miqyasının daha da genişləndirilməsi nəzərdə tutulub.

Alanya, 23-29 may

 





03.06.2017    çap et  çap et