525.Az

Yaradıcı qadınların seminarı başlandı


 

Yaradıcı qadınların seminarı başlandı<b style="color:red"></b>

Uşaqların hərtərəfli inkişafına yardım məqsədilə yaradılan “Sevimli bala” MMC-in 28 may küçəsindəki “Talent studio”su ötən həftənin şənbə və bazar günləri öz qapılarını Azərbaycanın gənc yazar və rəssamlarının üzünə açıb.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin UNESCO-nun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınlar yaradır: Azərbaycanda gender bərabərliyi və qadınların uğurlarına dair yaradıcı söhbətlər” layihəsi çərçivəsində reallaşan seminarlar məhz “Talent studio”da təşkil olunub.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının tövsiyyəsi və köməyi ilə həyata keçirilən bu layihə çərçivəsində planlaşdırılan yaradıcılıq seminarlarına 17 gənc ədib və 17 gənc rəssam qadın cəlb edilib.

Seminarlara Amerika Birləşmiş Ştatlarındakı Kaliforniya Dövlət Universitetinin müəllimi, şair-tərcüməçi Əlison Məndəvil və “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva rəhbərlik edir.

Seminarın ilk iki günündə yazarlar və rəssamlar arasında yaradıcılıq müzakirələri təşkil olunub, müxtəlif mövzulara rəssam və yazarların individual baxışını əks etdirən diskussiyalar aparılıb. Yaradıcı qadınlar “Bərabərliyin imici” və “Mən o qadınam ki...” mövzularında fikir mübadiləsində fəal iştirak edib, kiçik esselər hazırlayıblar.

Növbəti seminarlar zamanı müasir Azərbaycan qadınının iş yerlərində, ictimai fəaliyyət sahəsində qazandığı uğurlar, eləcə də cəmiyyət qarşısındakı öhdəlikləri barədə müzakirələr aparılacaq, hər kəs bu mövzuya öz yaradıcı baxışını yeni əsərində əks etdirəcək.

Bu ilin payızında yekunlaşdırılması nəzərdə tutulan layihə çərçivəsində seminarlarda iştirak edən yaradıcı qadınların əsərlərindən ibarət kitab-albomun ingilis dilində nəşr olunması planlaşdırılır.

Ş.Nağıyeva bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda gender bərabərliyi məsələsini qabartmaq, gənc qadınlarımızın yaradıcı potensialını nümayiş etdirmək, bu potensialın daha da inkişafına dəstək olmaqdır.

Yaradıcı qadınların seminarları bu həftənin şənbə və bazar günləri də davam edəcək.

Qeyd edək ki, “Qadınlar yaradır” layihəsi UNESCO-nun “Üzv dövlətlərin 2016-2017- ci illər üzrə İştirak Proqramı” (“Programme of Participation in the activities of Member States for 2016-2017”) çərçivəsində həyata keçirilir.

 





05.06.2017    çap et  çap et