525.Az

Misir kinosu sivilizasiyaların dialoqu kimi


 

Misir kinosu sivilizasiyaların dialoqu kimi<b style="color:red"></b>

Redyard Kiplinq deyirdi ki, Şərq Şərqdir, Qərb isə Qərb və onlar heç vaxt bir yerdə ola bilməzlər. Lakin dünyanın istər siyasi, istərsə də mədəni aləmində baş verən dəyişiklikər Kiplinqin bu fikrinin əvvəlcə şübhə altına alınması, sonra isə tamamilə qəbul edilməməsi ilə nəticələndi.

Ərəb dünyasının beşiyi sayılan Misir Ərəb Respubilkasının mədəniyyət modeli Redyardın stereotipini  dağıdaraq, tolerant fikirlərin aşılanmasına xidmət etdi.

Misir kinosunun tarixinə nəzər salsaq görərik ki, ərəb, eləcə də islam dünyasının elm, mədəniyyət mərkəzi hesab edilən Misir Ərəb Respublikasında kino sənətinin  yaranması 1925-ci ilə təsadüf edir. Lakin əcnəbi kino mütəxəssisləri burada ilk çəkilişləri hələ Birinci Dünya müharibəsindən də əvvəl aparırdılar. 1925-ci ildə təsis edilən Qahirə kinostudiyası və digər kino istehsalçı qurumları fəaliyyətlərinin ilk illərində əcnəbi rejissor və texniki işçiləri özünə cəlb edirdi. Bununla əlaqədar kinoulduzlar həvəslə Avropa adlarını götürürdülər.  Amma 1940-ci ildə bütün ulduzlar ərəb adlarını gəzdirirdilər. Həmin illərdə daha çox populyarlıq qazanmış Məhəmməd Kərim kinematoqraf təhsilini Berlində almışdı və səssiz kino dövründə “Zeynəb” filmini çəkmişdi. Bu film məşhur ərəb yazıçısı Hüseyn Haykalın əsərinin ekran variantı idi.

Misir kinosunda Kamal Səlimin də əhəmiyyətli yeri var. Onun mahnı və rəqslərlə müşayiət olunan “İxtiyar” filmi Misir həyatını təsvir edirdi. Daha sonra dünya incəsənətinin şedevrlərini - V.Hüqonun “Səfillər”, Şekspirin “Romeo və Cülyetta” əsərlərini ekranlaşdırdı. Buna baxmayaraq, Kamal Səlim sosial motivli süjetlərə marağını itirmədi. “Günün prosesi” filmində o, evi və peşəsi arasında seçim etməkdə qalmış qadının problemini qoymuşdu. Rejissor hesab edirdi ki, qadın eyni zamanda evdar və vəkil ola bilməz. Kamal Səlimin yaradıcılığındakı realizm tendensiyası digər kinematoqrafçılara da təsir etdi.  Niyazi Mustafanın kommersiya şablonlarından kənara çıxmaq istəyi kinoda avanqarda meyilliliklə nəticələndi. O, ilk kinooperettanı çəkdi. Bu filmin məqsədi qızları ailə həyatına hazırlamaq idi. Xalq təhsili nazirliyi filmi bəyəndi və indi də bu film məktəblərdə göstərilir.  1945-46-cı illərdə 338 Misir filmi Hindistan, İndoneziya, Tunis, Əlcəzair, Mərakeş kimi ölkələrə eksport olundu. Bunun əsas səbəbi Misir kinosunun ərəb və islam dünyası ilə demək olar ki ki, eyni dildə danışması islami, eləcə də bəşəri dəyərləri özündə birləşdirməsi ilə bağlı idi. Bununla da Ərəb kinematoqrafiyasının lokomotivi hesab olunan Misir kinosu, əsasən, II Dünya Müharibəsi dövründə bölgənin ən böyük kinematoqrafiyası halına gəlib, qonşu ölkələrə film ixrac edən bir industriyaya çevrildi.

Tanınmış müğənni Um-Gülsüm 1940-cı ildə çəkilmiş özündə islami və dünyəvi dəyərləri birləşdirən “Fatimə”, Leyla Murad isə 1941-ci ildə çəkilmiş “Kameliya ilə qadın” və “Unudulmuş keçmiş” filmlərində məşhur oldular. Kinoulduzlardan Əbdül Vahab isə həm müğənni, həm də bəstəkar idi. Onun “Ürəkdə güllə” filmi böyük rekord qazandı, regionun demək olar ki, bütün müsəlman ölkələrində yüksək tamaşaçı seyri ilə nümayiş etdirildi. 

Misir kinosunda islam və xristian dinlərinin həmrəyliyi, tolerantlıq ənənələrinin inkişafı tanınmış  kinorejissor Yusif Şahinin adı ilə bağlıdır. Yusif Şahinin dini tolerantlıq mövzularına marağı ilk növbədə təhsilindən irəli gəlirdi. Şahin ilk təhsilini Qahirədə dini məktəbdə almışdı. Misirin qibtilər, yəni xristianlar yaşayan məhəlləsinə məsub olan Yusif Şahin “Vadidə döyüş” filmi ilə kinoda debütünü etdi. Bu film həm də dünya şöhrətli kinoaktyor Ömər Şərifin kinoda debütü idi. Yusif Şahin Ömər Şəriflə iş birliyini belə xatırlayırdı: “Çəkilişlərə başlamışdıq, amma hələ günlərin bir günü Gizada - Misirin məşhur məhəlləsidir - qız ilə mübahisə edən yaraşıqlı bir oğlan gördüm. Filminin personajına uyğun idi. Dərhal yaxınlaşıb, əvvəlcə onları barışdırmağa çalışdım. Sonra da oğlana dedim ki, sabah kinostudiyaya gələrsən, səninlə işim olacaq. Həmin gənc Ömər Şərif idi. Beləcə mən Öməri kinoya gətirdim. Beləcə Ömərlə əməkdaşlığımız başlandı. Sonra mən onu Misirdə və bütün ərəb və müsəlman ölkələrində sevilərək tanınan “Qara sular” filmimə çəkdim”. Sitatın sonu. Onu da qeyd edək ki, Ömər Şərif də Yusif Şahin kimi Misirin qibtilər məhəlləsinə mənsub idi. Katolik məzhəbindən olsa da, sonralar müsəlman qızı ilə evləndiyi səbəbindən dini dəyişməli idi.

“Biz Misirin əsl sahibləriyik!” XII əsrdə Misirdə təşəkkül tapan müsəlman dövlətinə qarşı ötən əsrin ortalarından başlayaraq hökm sürən əsassız ittihamları, xüsusilə qibtilərlə müsəlmanlar arasında bilərəkdən qızışdırılan konfliktlərə tutarlı cavab verən Yusif Şahin 1963-cü ildə yazıçı Nəqib Məfhuzun eyniadlı romanı əsasında “Səlahəddin” - Misir kino yayım bazarında “Qalib Səlahəddin” bədii filmini çəkdi. Filmdə baş verən hadisələr XII əsr Misir hökmdarı, Səlib yürüşlərinə qarşı mübarizə aparmış islam dünyasının görkəmli sərkərdəsi Səlahəddinin  döyüş yolundan bəhs edir. Səlahəddinin Avropanın yürüşçülərinə xitabən dediyi “Haradan gəlmişsinizsə, ora qayıdın, qan tökməyəcəyik. Sizin dininizdən olan yüz minlər elə bu torpağın sahibidirlər” kəlməsi, islam və xristian tolerantlığının nümayişinə bariz sübutdur. Amma filmin süjet xətti Səlahəddinin Yerusəlim və bütün Yaxın Şərqi tutması fonundan baş verir ki, burada da rejissor islam mədəniyyətinin aliliyini göstərmiş olur. Üçüncü Xaç yürüşünün qarşısını ağlın və sülhpərvərliyin köməyi ilə alan Səlahəddin bundan sonra həm müsəlman, həm xristian, həm də yəhudilərin eyni torpaqlarda sülh şəraitində yaşayacaqlarını bəyan edir. Yusif Şahin dünya kinematoqrafında tolarentlıq, dözümlülük ənənələrini təbliğ edən ilk rejissorlardan hesab edilir. Film iki il ərzində demək olar ki, islam ölkələrinin kino bazarına daxil olur. FİPRESSİ  - Ümumdünya Kinotənqidmiləri Assosiasiyası tərəfindən “Dünyanın 100 kino incisi” siyahısına daxil edilir. Yusif Şahin sonrakı illərdə Berlin Beynəlxalq Film Festivalında  “Gümüş ayı” ali mükafatına layiq görülür.

1976-ci ildə Kamal Əl-Malik, Yusif Şahin, Ömər Şərif və digər tanınmış kinematoqrafçılar Misir Avropadada fəaliyyət göstərən FİAPF-a Ümumdünya Kinoprodüserlər Assosiasiyasına müraciət edərək, ərəb və islam dünyasının ilk nüfuzlu Festivalının rəsmi qeydiyyatdan keçirilməsini xahiş edirlər. Əslində, Festival ideyası 1975-ci ildə Berlin Beynəlxalq Kinofestivalında olmuş kinotənqidçi Kamal Əl-Malikə məxsus idi. Elə həmin Misirdə möhtəşəm Qahirə Beynəlxalq Film Festivalı fəaliyyətə başlayır.  Festival qeyri-rəsmi şəkildə Şərqin Oskarı adlandırılır. Hər il dünyanın 50-yə yaxın ölkəsindən qonaqlar qəbul edən Qahirə Beynəlxalq Film Festivalı dünyanın “A” kateqoriyalı festivalları siyahısına daxil edilir. Maraqlı faktlardan biri də budur ki, birinci festival, qonaqların müxtəlif dinlərdən olması səbəbindən “Salahəddin” filmi ilə açılır. 

Dinlərin tolerantlığı mövzusu Misir kinosunun həmişə aparıcı mövzusu olub. Müxtəlif dinlərin bir yerdə əsrlərboyu münaqişəsiz, sülh və əmin-amanlıq içində yaşamaları qeyri-rəsmi də olsa, “Din və mədəniyyətin Misir modeli” tanınır. 2010-cu ildə bu bir “model” Misir kinosundan televiziya ekranına keçməyə başladı. BBC Televiziya şəbəkəsinin vaxtilə əsasını Yusif Şahinin qoyduğu “MISR” Beynəlxalq Kino Şirkətinə qoyduğu maliyyə yatırımı üzrə “Davaran Şobra” bədii televiziya serialı çəkildi. Filmdə baş verən hadisələr Misirin müsəlmanlar və xristianlar yaşadığı kasıb və gur məhəlləsi “Davaran Şobra”da cərəyan edir. Əsasən xristian Şeyla ilə müsəlman Yusifin məhəbbətindən bəhs edən filmdə həm müsəlman, həm xristian olmaqla dörd ailənin mehriban münasibəti öz əksini tapmış olur. Şeylanın babasının əvvəlcə bu nigaha razılıq verməməsinə cavab olaraq, islam dünyasının zənginliyi, eyni zamanda din fərqliliyinin insan münasibətlərinin məhdudlaşdırılmasında yolverilməzi olduğu vurğulanır. Film Mərakeş, Livan, Yəmən, Azərbaycan və digər islam ölkələrində uğurla nümayiş olunur.

Sonrakı illərdə Misir kinematoqrafçılarının çəkdikləri “Əhli Kaira” - “Qahirə Sakinləri”, “Zaat” çoxseriyalı bədii televiziya filmlərində xristian islam dialoqu, Misirin islam mədəniyyətin ayrılmaz tərkib hissəsi olduğu bir daha öz əskini tapmış oldu. 

Kamran QASIMOV
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Kinoşünaslıq kafedrasının müəllimi

 





05.06.2017    çap et  çap et