525.Az

Azərbaycanın Çində ticarət nümayəndəsi təyin olundu


 

Azərbaycanın Çində ticarət nümayəndəsi təyin olundu<b style="color:red"></b> Teymur Nadiroğlu Azərbaycanın Çində ticarət nümayəndəsi təyin edilib.
 
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu, artıq Azərbaycanın xarici ölkədə təyin olunan 2-ci ticarət nümayəndəsidir.
 
Bundan əvvəl Azərbaycan prezidentinin 2017-ci il 26 yanvar tarixli “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” fərmanı ilə verilmiş tapşırıqların icrası olaraq, Rusiya Federasiyasına Azərbaycanın ticarət nümayəndəsi təyin edilib.
 
Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Çində ticarət nümayəndəsinin təyin olunması ölkənin qeyri-neft ixracının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqi və Çin investisiyalarının cəlb olunması baxımından əhəmiyyətlidir.
 
Azərbaycanın Çindəki ticarət nümayəndəsi T. Nadiroğlu Azərbaycan, ABŞ və Çində investisiya, mühasibatlıq, biznesin inkişafı və maliyyə planlaşdırılması sahələrində işləyib. 2008-ci ildən bu təyinata qədər Çində Primum Consulting Ltd. şirkətinin baş meneceri idi. T. Nadiroğlu biznes administrasiyası sahəsində bakalavr, rəhbərlik və menecment üzrə aspirantura təhsilini ABŞ-ın Northeastern və Harvard universitetlərində alıb. İngilis, rus, türk və Çin dillərini bilir.
 
Qeyd edək ki, 2016-cı ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi təqribən 1 mlrd. ABŞ dolları olub. Çin Azərbaycanın ticarət tərəfdaşları sırasında ticarət dövriyyəsinə görə 5-ci, ixracda 10-cu, idxalda isə 3-cü ölkədir. Ötən il Azərbaycandan Çinə ixracın həcmi 5,1 dəfə artaraq 272 mln. dollar, idxal isə 38% artaraq 704 mln. dollar təşkil edib. 2017-ci ilin ilk 4 ayında da artım dinamikası davam edib və ölkələr arasında ticarət dövriyyəsi 2,3 dəfə artaraq 395,6 mln. dollar təşkil edib. Azərbaycan Çin ilə investisiya sahəsində də uğurlu əməkdaşlıq edir.
 





05.06.2017    çap et  çap et