525.Az

"Qətər Səudiyyə Ərəbistanı siyasətinin izi ilə getməkdən imtina edir"


 

"Qətər Səudiyyə Ərəbistanı siyasətinin izi ilə getməkdən imtina edir"<b style="color:red"></b>

"Ərəb dövlətlərinin Səudiyyə Ərəbistanında keçirilən sammitindən demək olar dərhal sonra Qətərə qarşı belə kəskin addım atması region ölkələri arasında ziddiyyətlərin nə dərəcədə dərin olduğunu göstərir".

Bunu "Report"a politoloq Tofiq Abbasov Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Yəmən, Misir, Liviya və Yəmənin Qətər ilə diplomatik əlaqələrini kəsməsi məsələsini şərh edərkən deyib.

"Səudiyyə Ərəbistanının geosiyasi çəkidə Qətərdən daha güclü olmasına baxmayaraq, maliyyə imkanlarına, nüfuzuna və xarici oyunçular ilə diplomatik əlaqələrinə görə, Qətər Ər-Riyadla rəqabət aparmaq iqtidarındadır. Doha bu baxımdan xarici qüvvələrin dəstəyini qazanmaq üçün daha anlaşılan və yumşaq siyasət yürüdür, region çox həssas və zəngin olduğundan və əhəmiyyətli kommunikasiya rolu oynadığından regionda nüfuzlu oyunçu statusunu möhkəmləndirməyə çalışır", - deyə T.Abbasov bildirib.

O, bu gün Fars körfəzində dünya neft hasilatının əhəmiyyətli hissəsinin həyata keçirildiyini və regional infrastrukturun möhkəmləndirilməsi üçün bir sıra perspektivli layihələr reallaşdırıldığını, Fars körfəzi zonasının xarici dünya ilə iqtisadi əməkdaşlığı üçün əlverişli şəraitin yaradıldığını xatırladıb.

"Bu baxımdan Qətər Səudiyyə Ərəbistanı ilə müqayisədə daha çevik hərəkət edir. Səudiyyə Ərəbistanı Yəməndəki münaqişəylə çox məşğul olur, onların İran və Omanla, digər ölkələrlə böyük problemləri var", - politoloq vurğulayıb.

T.Abbasov bildirib ki, Qətər Səudiyyə Ərəbistanının yürütdüyü siyasətin izi ilə getməkdən imtina edir və öz siyasi yolu ilə irəliləyir.

"İndiki halda məncə, Qətərin İranla yaxınlaşması Səudiyyə Ərəbistanı və yaxın müttəfiqlərinin belə kəskin reaksiya göstərməsində heç də az rol oynamayıb. Bir neçə il əvvəl Qətərdə dövlət çevrilişi cəhdi olduğunu da xatırlamağa dəyər. O vaxt Qətərin təhlükəsizlik xidmətləri və rəhbərliyi çevriliş cəhdinə görə, Səudiyyə Ərəbistanını ittiham etmişdi", - ekspert bildirib.

Onun sözlərinə görə, Qətər neft-qaz bazarında da öz mövqeyini tutmaq istəyir və bu məqsədlə müvafiq addımlar atır.

"Səudiyyə Ərəbistanı və Qətər daim bir-birinin ayağını tapdalayır və heç cür siyasi konsensus tapa bilmir. Belə münasibət gələcəkdə də davam edəcək", - deyə T.Abbasov əlavə edib.

Ekspertin fikrincə, yaranmış vəziyyəti nəzərə alaraq Səudiyyə Ərəbistanı artıq regionun lideri statusunu daşımağa qadir görünmür, onu oradan sıxışdıracaqlar.

 





06.06.2017    çap et  çap et