525.Az

Cümhuriyyət adamı


 

Cümhuriyyət adamı<b style="color:red"></b>

Bədii təyin statusunda "dağ adamı", "düşüncə adamı" epitetlərinin işlədilməsi, zənnimcə təsadüfi deyil və sözün obrazlılıq xassəsindən, işarəvilik təbiətindən səmərəli bəhrələnmə sonucda təqdim edilən qəhrəmanın canlı portretinin polifonik çalarlarını, çoxqatlı cizgilərini assosiativ təsəvvürdə daha da zənginləşdirir.

Bu qəbildən "Cümhuriyyət adamı" deyimi də, düşünürəm ki, vurğulanan epitetlərə adekvat səslənir və ilk növbədə müstəqil vətənini, azad millətini, suveren dövlətini sevən, təəssübünü çəkən, onun tarixini, epoxasını, mühitini dərindən araşdıran, Cümhuriyyət qurucularının əməl və amalına yaxından bələd olan, istiqlal məfkurəsinin alovlu təbliğatçısına çevrilən, canı, ruhu ilə müqəddəs milli ideallara sadiq qalan mərd, mübariz, fədakar insan, dönməz əqidəyə, parlaq zəkaya malik şəxsiyyət göz önündə canlanır... Çağdaş zəmanəmizdə sadalanan yüksək mənəvi meyarlara cavab verən, Cümhuriyyət irsini istiqlal işığında qəlbinin hərarətinə, zəkasının nuruna bələyərək qalın, sanballı kitablara, dərs vəsaitlərinə çevirib müasir gəncliyə ünvanlayan, səhhətinin kövrək məqamlarında da, əhvalını soruşanlara: "Mənim xəstələnməyə vaxtım və haqqım yoxdur!" - deyə hayqıraraq həyat, yaşam üçün ən böyük şəfanı xalqa xidmətdə tapan, məzmunlu, mənalı ömrünün, xoşbəxt taleyinin yüzüncü onilliyinə qürur, iftixar hissilə qədəm qoyan, Bakı Dövlət Universiteti Mətbuat tarixi kafedrasının professoru, əməkdar jurnalist, Prezident təqaüdçüsü, "Şərəf" ordenli Şirməmməd Hüseynovu çoxsaylı təltif və mükafatlardan fərqli anlamda "Cümhuriyyət adamı" adlandırsaq, güman edirəm ki, mübaliğəyə yol vermiş olmarıq.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra onun min əzab-əziyyətlə hasilə gətirdiyi, nəşr etdirdiyi tədqiqat işlərini, elmi yaradıcılığını və publisistik fəaliyyətini davamlı izləmək məmnunluğu mənə də müyəssər olmuşdur. Hər zaman rəvan nitqə, sağlam məntiqə, geniş erudisiyaya, güclü yaddaşa malik Şirməmməd müəllimin ən sərt dönəmlərdə belə nurlu çöhrəsindən təbəssüm əskik olmayıb. Bu müdrik, fədakar pedaqoq-alimi bəzən Cümhuriyyət dövründən bugünümüzə təşrif gətirmiş adama, sinəsi sirlə, sehirlə dolu aləmə bənzədirəm. Ağlı-qaralı saçlarına əlləri ilə sığal verib qabaran köksünü kürsüyə dayayaraq Cümhuriyyət qurucularından, dövrün ictimai-siyasi hadisələrindən odlu-alovlu nitqlər söyləyəndə - onun simasında Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov və başqaları istiqlal fədailərinin ləyaqətli, sədaqətli, dəyanətli,  cəsarətli mənəvi varisini görürəm.

Onun həyat yolunu nəzərdən keçirdikdə görürük ki, Şirməmməd Ağaməmməd oğlu Hüseynov (1924) Şəki şəhərində anadan olub, 20 yaşında Şəki Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirib, iki il Zaqatala və Şəki rayonlarında fizika-riyaziyyat müəllimi vəzifəsində pedaqoji işlə məşğul olub. Jurnalistlik fəaliyyətinə 1944-cü ildə "Nuxa fəhləsi" qəzetində ədəbi işçi kimi başlayıb. 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alaraq oranı fərqlənmə diplomu ilə bitirib. Bir müddət "Azərbaycan müəllimi" qəzetində şöbə müdiri vəzifəsində çalışan Şirməmməd Ağaməmməd oğlu 1950-ci ildə M.Lomonosov adına Moskva Dövlət Universiteti Jurnalistika fakültəsinin aspiranturasına daxil olur və dörd ildən sonra namizədlik dissertasiyası müdafiə edərək elmi dərəcə alır. Şirməmməd müəllim 1954-cü ildə Moskvadan qayıtdıqdan sonra taleyini birdəfəlik olaraq doğma universitetlə, onun Jurnalistika fakültəsi ilə bağlayır. O, 1954-cü ildən fəxri təqaüdə çıxdığı 2014-cü ilədək Jurnalistika fakültəsində baş müəllim, dosent, dekan müavini, dekan, kafedra müdiri vəzifələrində çox fəal çalışmışdır. Xalqımız dövlət müstəqilliyini bərpa edənədək (1991, oktyabr) professor Ş.Hüseynovun jurnalistika məsələlərinə həsr edilən 11 monoqrafiya və dərsliyi, 111 elmi-publisistik məqaləsi nəşr olunubdur. Son 25 ildə Şirməmməd müəllimin elmi-publisistik fəaliyyəti, tədqiqat əsərləri, çıxışları, məruzələri Cümhuriyyət qurucularının irsi, tarixi şəxsiyyətləri ilə birbaşa bağlıdır. Onun 1992-2014-cü illərdə, 22 il ərzində toplayıb, tərtib və ərəb qrafikasından transfoneliterasiya edib, nəşrə hazırladığı Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin beş cildliyinin ümumi həcmi 160 ç.v.-dən çox, yəni 2576 səhifədir. Şirməmməd Ağaməmməd oğlunun hər bir cildə müfəssəl ön söz, şərh və lüğət yazdığını, 20 ilə yaxın müddət ərzində (1903-1920) mətbuat orqanlarına səpələnmiş ədəbi-publisistik materialları bir-bir topladığını, sistemləşdirdiyini nəzərə alsaq nə qədər nəhəng, məşəqqətli və elmi baxımdan əhəmiyyətli işin öhdəsindən böyük peşəkarlıqla tək gəldiyinin şahidi oluruq. Vurğulamalıyıq ki, M.Ə.Rəsulzadənin Bakı dövrü ədəbi irsini toplayıb nəşrə hazırlamaq mühacirət dövründən qat-qat çətin və əzablıdır. Çünki Cümhuriyyət ideoloqunun mühacirət irsi əsasən kitablarda, dərgilərdə öz əksini tapmışdırsa, Bakıda yaşadığı və fəaliyyət göstərdiyi müddətdə bir ədəd də kitabı çap edilməmiş, bütün əsərləri yüzlərlə dəstləri natamam olan mətbuat səhifələrindən araşdırıb üzə çıxarmaq lazım gəlmişdir. M.Ə.Rəsulzadənin mühacirət dövrü ictimai-siyasi mübarizəsində haqq-ədalət axtarışı, mühacirlər arasında təşkilatlanma mühüm yer tuturdusa, Bakı dövrü fəaliyyətində istiqlal uğrunda mübarizə, Azərbaycanın müstəqilliyinin bəyan edilməsi, möhkəmləndirilməsi və xarici aləmdə tanıdılması problemləri ön plana çıxırdı.

M.Ə.Rəsulzadə "Əsərləri" beşcildliyinin hazırlanması və nəşri professor Şirməmməd Hüseynovun milli tarixşünaslığımız, ədəbiyyatşünaslığımız və mətbuat tariximiz üçün əvəzolunmaz töhfə, xalqımıza, müstəqilliyimizə, dövlətçiliyimizə ucaldılan möhtəşəm mənəvi abidəsidir.

Onun "Mənəvi irsimiz və gerçəklik" (2004), "Milli haqq və ədalət axtarışında" (2004), "Mətbu irsimizdən səhifələr" (2007), "Müstəqilliyin çətin yolu... reallıqlar, düşüncələr" (2009), "Azərbaycan istiqlalının bayraqdarı" (2011)  və b. kitablarında sərlövhədən də bəlli olduğu kimi, müstəqillik, mənəviyyat və mətbuat problemləri vətəndaş yanğısı, araşdırıcı-alim cəfakeşliyi, publisist sərtliyi, kəsərliliyi ilə incələnmişdir.

Milli istiqlala, Cümhuriyyət qurucularının ədəbi irsinə dair kitabların ərəb qrafikasından müasir əlifbaya transfoneliterasiya edilməsi, nəşrə ön sözün və şərhlərin yazılması hər zaman Şirməmməd müəllimin elmi fəaliyyətində ön sırada, üst qatda yer almışdır. Onun "Qurtuluş" jurnalının 1934-cü il xüsusi nömrəsi" (2008), "M.Ə.Rəsulzadə - Azərbaycanda milli hərəkat" (2009), "Ü.Hacıbəyli. Nəşrlərdən kənarda qoyulmuş mətbu əsərləri" (2009), "Ü.Hacıbəyli. Nəşrlərdən kənarda qoyulmuş, ixtisar və "redaktə" edilmiş əsərləri" (2010), "M.Ə.Rəsulzadə. Bakı və Azərbaycan tarixinə dair əsərləri" (2013), "İstiqlal. 1918 - 28 mayıs - 1919" (2014) və b. kitablar vaxtikən nadirəyə çevrilmiş, yalnız Şirməmməd müəllimin fədakar zəhməti nəticəsində tapılıb üzə çıxarılaraq nəşrə hazırlanmış, müqəddimə, izahlar və lüğət yazılaraq sanballı tirajla çağdaş oxuculara, milli istiqlal sevdalılarına ünvanlanmışdır.

Xatırlayıram ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Cümhuriyyətinin birinci ildönümünə həsr edilmiş və 1919-cu il 28 mayda çap olunmuş "İstiqlal" məcmuəsi haqqında məlumatlı olsaq da, Azərbaycan arxivlərindən toplunu əldə etmək müşkül məsələyə çevrilmişdi. Türkiyəli araşdırmaçı dostların da, bu sahədə bizə yardım göstərməsi "kolay" deyildi. Ankarada 1991-ci il may ayında konfransda olduğum müddətdə ən zəngin kitabxanalarda apardığım araşdırmalar da nəticəsiz qalırdı... Budur, uzun illərin sorağında olduğum "İstiqlal" məcmuəsi...  Professor bu toplunu əldə etməklə kifayətlənmir, onu müasir əlifbaya çevirərək 2014-cü ildə "Qanun" nəşriyyatında çap etdirir. Nəşrin dəyərli xüsusiyyətlərindən biri də odur ki, çapa hazırlayan topluda mətnin latın qrafikalı variantı ilə paralel ərəb əlifbalı faksimilesini də vermişdir. Məcmuədə "Azərbaycan istiqlalını mübəyyin əqdnamə"si, Ə.Cavadın "Milli bayrağımıza", "Qalx", Əli Yusifin "Bir Turan yolçusu diyor ki" şeirləri, M.Ə.Rəsulzadənin "Azərbaycan Cümhuriyyəti", "Azərbaycan paytaxtı", Üzeyir Hacıbəylinin "Azərbaycan türklərinin musiqisi haqqında", Məhəmməd Ağaoğlunun "Azərbaycan", "Xalq ədəbiyyatı" və b. elmi-publisistik məqalələr yer almışdır.

Məcmuənin üz qabığında isə Şirməmməd müəllim məramını belə bəyan edir: "Məcmuə çoxminlik dövlətçilik tariximizdə ilk dəfə "Azərbaycan" adlı dövlətimizin bir yaşının tamam olması münasibətilə 1919-cu il Mayın 28-də işıq üzü görmüşdür. Cəmi 4 ildən sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini Müstəqil Cümhuriyyətimizdə bayram edəcəyik. Bu məcmuəni həmin yubileyə hazırlığın ilk töhfəsi hesab edin!"

Bəli, cümhuriyyət adamının istiqlal "marafonu" bir əsrlik müstəqillik bayramımızdan xeyli əvvəl, "İstiqlal" məcmuəsi ilə başlasa da, Azərbaycan Xalq Cümhuriyyətinin tədqiqi, tanıtımı və təbliği sahəsində bir hovur nəfəs dərmədən, maneələr qarşısında dayanmadan, vaxt itirmədən qarşısına qoyduğu ali məqsədin dərinliyi ilə ucalığı arasındakı zaman məsafəsinin mötəbər vəhdətinə çevrildi. Möhtəşəmliyi, mükəmməlliyi və əhəmiyyəti ilə heyrət doğuran, 2015-2017-ci illərdə "Qanun" nəşriyyatında çap edilən, ümumi həcmi 95 ç.v.-dən çox olan  "Azərbaycan" qəzetində Parlament hesabatları və şərhləri" adlı üçcildlik kitab 1918-ci ilin noyabr ayından 1920-ci ilin aprelinədək fəaliyyət müddətində Azərbaycan Cümhuriyyətinin ideoloji istiqamətinin, quruculuq yolunun, dövlətçilik sisteminin, iş prinsiplərinin Parlament müstəvisində müzakirəsi, qərarların qəbulu, daxili və xarici siyasət, ictimai-mədəni mühit haqqında dolğun təsəvvür yaradır. 443 saydan ibarət olan "Azərbaycan" qəzetinin səhifələrindən bu qədər materialın araşdırılıb toplanması, ərəb qrafikasından müasir əlifbaya çevrilməsi, geniş və ətraflı ön söz yazılması, zəngin lüğət tərtibi titanik zəhmət tələb etsə də, professor Şirməmməd Hüseynov bu ağır, eyni zamanda iftixar, qürur hissi doğuran işin öhdəsindən qeyrətlə, mətanətlə, ləyaqətlə  gəlmişdir.

"Azərbaycan" qəzetində Parlament hesabatları və şərhləri" üçcildliyinin birinci cildi (Redaktorları: prof. Şamil Vəliyev, Samir Xalidoğlu, Bakı, "Qanun", 2016, 556 səh.) prof.Ş.Hüseynovun "Ön söz"ü ilə başlayır, Xəlil İbrahimin "Azərbaycan Parlamanı" yazısında Heyəti-Vükəla rəisi Fətəli xan Xoyskinin parlaman sədri Məhəmməd Əmin Rəsulzadəyə məktub yazaraq Məclisi Millinin vaxtının və yerinin müəyyənləşdirilməsinin və toplanmasına səy etməyin təmənnasında olduğunu vurğulayan informasiyalar yer almışdır. Rəsmi müraciətdən sonra M.Ə.Rəsulzadə Milli Şura üzvlərini 1918-ci il noyabr ayının 16-da Duma binasının (İndiki Bakı şəhər İcra Hakimiyyəti-A.R.) iclas zalına dəvət etdi. Milli Şura rəisi Bakıda keçirdikləri ilk iclasda xalqımızın keçdiyi mübarizə yoluna ümumi nəzər salaraq belə dəyərləndirirdi: "Azərbaycanlılar ... heç vəqt hürriyyət və istiqlaliyyət fikrindən ayrılmayaraq daima bu uğurda çalışmış, mübarizə eləmişlərdir. Rusiya çarizmi dövründə onların fəaliyyəti yalnız milli ədəbiyyat, milli məktəb, milli mədəniyyət mübarizəsində təzahür etmişdir".

Göründüyü kimi, M.Ə.Rəsulzadə Milli Şuranın beş aylıq fasilədən sonra növbəti iclasının açılışı zamanı yığcam və sanballı çıxışında "mənəm-mənəm"likdən ucada dayanaraq iki cümlə ilə ədəbiyyat, maarif və mədəniyyət xadimlərinin milli istiqlaliyyət uğrunda mübarizəsini haqlı olaraq xüsusi vurğulamış, onların haqlarını, xidmətlərini zərgər dəqiqliyi ilə yüksək dəyərləndirmişdir.

"Azərbaycan" qəzetinin səhifələrində Milli Şuranın iclas materialları yer almış, Parlamanın açılışı münasibətilə Üzeyir Hacıbəyli, Xəlil İbrahim, Fərhad Ağazadə, Əli Yusif, Hüseyn Mirzəcamalov və başqaları rəy və təkliflər bildirmiş, təbriklər öz əksini tapmışdır.

"Azərbaycan" qəzetində Parlament hesabatları və şərhləri" üçcildliyinin birinci cildinə 1918-ci il 10 noyabrdan 1919-ci il 12 mayadək olan dövrdə Cümhuriyyət Parlamentinin müzakirə etdiyi məsələlər, firqələrin müraciət və bəyanatları, görkəmli ziyalıların, ədiblərin, mədəniyyət xadimlərinin istiqlal ruhuna köklənmiş düşüncələri, baxışları, təəssüratları, ictimai-siyasi hadisələr haqqında şərhlər daxil edilmişdir.

Üçcildliyin ikinci cildi əvvəlkinin davamı olsa da, kitab professor Şirməmməd Hüseynovun ön sözü ilə açılır, M.Ə.Rəsulzadənin "Azərbaycan"ın birinci səneyi-davamiyyəsi", "Hadisələrin mənası", Ü.Hacıbəylinin "Dördgöz olmalıyıq" məqalələri toplunun istiqlal ruhuna uyğun, müqəddəs məramı ilə canlı vəhdət yaradan müqəddimələrdir. Topluda M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli, N.Yusifbəyli, A.A.Ağaəlizadə, Ö.F.Nemanzadə (Ümidvar), X.İbrahim, Ə.Ağakişizadə, F.Ağazadə və b. məqalələri, şərhləri müasirliyi, aktuallığı ilə diqqət çəkir. İkinci cilddə yer alan materiallar içərisində Cümhuriyyətin bir illik yubileyi ilə əlaqədar "Azərbaycan" qəzetində Vükəla Şurası rəisi və Daxiliyyə naziri Nəsib bəy Yusifbəylinin "Azərbaycan vətəndaşlarına hökumətin müraciəti", Şeyxülislam, Axund Ağa Ağaəlizadənin "İstiqlaliyyət", Məhəmməd Əmin Rəsulzadənin "Nə böyük bayram", Üzeyir Hacıbəylinin "Bir yaş", İbrahim Xəlilin "Şərəfli bayram", Fərhad Ağazadənin "Türk şüarası və istiqlal", Əliabbas Müznibin "Azərbaycan istiqlalı", Əli Yusifin "Gənc nəslə", Şəfiqə Əfəndizadənin "Təşkilatın qadınlara təsiri", Ağababa Ağababazadənin "Milli bayram münasibətilə" və digər nəşr edilmiş məqalələr, düşüncələr, təəssüratlar şanlı tariximizə məhəbbət, milli dövlətçiliyə rəğbət və istiqlal məfkurəsinə sədaqət ruhunda qələmə alınaraq cümhuriyyət insanlarında işıqlı gələcəyə, nurlu sabahlara möhkəm inam və ilham aşılayırdı.

"Azərbaycan" qəzetində Parlament hesabatları və şərhləri" kitabının ikinci cildi Parlamanın 23 təşrini-əvvəl (oktyabr-A.R.) tarixli iclası və Ü.Hacıbəylinin "Əsassız tələb" adlı məqaləsi ilə bitir. Ali qanunverici orqanın 23 oktyabr tarixli iclasında "Mətbuat nizamnaməsi" haqqında məruzə Şəfi bəy Rüstəmbəyliyə həvalə edilmişdi. O, azad, hürr mətbuatın mahiyyəti barədə deyir: "...Mətbuat gərək hürr və sərbəst olsun... Bu layihənin əsası üzrə hər bir azərbaycanlının ixtiyarı var ki, məmləkətdə qəzetə çıxarsın, kitab təlif etsin və mətbəə açsın".

Azərbaycan xalqının istiqlala gedən yolunda mayaka, dan ulduzuna çevrilən, məramı uğrunda məhrumiyyətlərə, təpkilərə məruz qalan, lakin amalından, niyətindən dönməyən milli mətbuatımız hüquq və vəzifələrini özündə əks etdirən "Mətbuat nizamnaməsi" ilə söz və düşüncə azadlığının yeni hüquqi mərhələsinə qədəm qoyurdu. Parlaman təmsilçiləri bu qanun layihəsi ilə mətbuatı məmur özbaşınalığından xilas etməyin, azad fikrin intişarına təkan verməyin optimal yollarını arayırdılar.

"Azərbaycan" qəzetində Parlament hesabatları və şərhləri" kitabının yenicə çapdan çıxmış üçüncü cildində də ("Qanun" nəşriyyatı, 2017, 552 səh.) "Mətbuat nizamnaməsi" ciddi müzakirəsi davam etdirilmişdir. Azərbaycan Məclisi-Məbusanının (Parlamanında) 23-27 oktyabr 1919-cu il tarixində keçirdiyi iclaslarında Nəsib bəy Yusifbəyli, Səmədağa Ağamalıoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əliheydər Qarayev, Məhəmməd Əli Rəsulzadə, İbrahim Əbilov, Hacı Kərim Sanılı, Əsədulla Əhmədov, Abdulla bəy Əfəndizadə, Əhməd Cövdət və başqaları müzakirələrə qatılır, qanun layihəsi ikinci oxunuşdan sonra müəyyən dəyişiklərlə qəbul edilir. Kitabda Parlamanımızın bir illiyi münasibətilə "Azərbaycan" qəzetinin 1919-cu il 9 dekabr tarixli 340-cı sayında verilən məlumatda bildirilir ki, bir il ərzində Cümhuriyyətin ali qanunvericilik orqanı 104 iclas keçirmiş, 120-yə yaxın mühüm qərarlar qəbul olunmuşdur. O cümlədən, parlamana təqdim olunan qanun layihələrini sahələr üzrə nəzərdən keçirdikdə - maliyyə nəzarətindən 82-dən 55-i, ədliyyədən 31-dən 14-ü, daxiliyyədən 24-dən 14-ü, xariciyyədən 2-dən 1-i, səhiyyədən 6-dan 2-si, poçt və teleqrafdan 8-dən 5-i, hərbiyyədən 9-dan 7-si, maarifdən 19-dan 7-si və sair bəyənilmişdir. Məclisi-Məbusana bir il müddətində 205 qanun layihəsi daxil olmuş, onlardan 16-sı rədd edilmiş, 60-ı komissiyalarda araşdırılırdı. Ümumilikdə isə Azərbaycan Cümhuriyyətinin Parlamanı 17 aylıq fəaliyyəti dövründə 145 iclas keçirmiş, 270 qanun layihəsindən 200-ə yaxınını qəbul etmişdir. Mötəbər statistikanın qabartdığı bu rəqəmlər gənc Cümhuriyyət Parlamanı üzvlərinin qanun yaradıcılığı sahəsində təşəbbüskarlığını, fədakarlığını təcəssüm etdirən nümunəvi dəyərlər və meyarlardır.

"Azərbaycan" qəzetinin 1920-ci il 28 aprel tarixli sonuncu - 85-ci sayında Parlamanın 15 nisan (aprel) iclasında təsdiqlənmiş "İran - Azərbaycan müahidənamələrinin təsdiqi" adlı sənədin son müzakirəsi verilmişdir. Bu faktın özü də İranın Azərbaycana siyasi münasibətlərində tarixin bir ironiyasını xatırladır.

"Azərbaycan" qəzetində Parlament hesabatları və şərhləri" kitabının sonuncu cildində akademik, millət vəkili Nizami Cəfərovun "Professor Şirməmməd Hüseynova açıq məktub", millət vəkili Fazil Mustafanın "Təqaüdünü millətinə xərcləyən kişi", millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun "İstiqlalımızın yadigarı, həmyaşıdı və tərənnümçüsü" adlı məqalələr də yer almışdır.

Cümhuriyyət dövrünün mühüm əhəmiyyət kəsb edən önəmli hadisələrini, tarixi şəxsiyyətlərin fikir və düşüncələrini, parlamandakı müzakirə və mübahisələri özündə əks etdirən materialları "Azərbaycan" qəzetinin səhifələrindən toplayıb ərəb qrafikasından müasir əlifbaya çevirərək hər cildinə ön söz, lüğət yazan "Şərəf" ordenli, professor Şirməmməd Hüseynov üçcildlik kitabı ilə Azərbaycan Xalq Cümhuriyyətinə Şərqində ilk demokratik respublikanın 100 illik yubileyi ərəfəsində ən möhtəşəm və unudulmaz abidə ucaltdı. Onun vətənə, millətə və dövlətə böyük sevgisini, bariz fədakarlığını və mətin iradəsini təcəssüm etdirən "Azərbaycan" qəzetində Parlament hesabatları və şərhləri" adlı kitablarını bütövlükdə istiqlal dövrünün ensiklopediyası, ictimai-siyasi mühitin salnaməsi və müstəqilliyimizin tarix dərsliyi də adlandırmaq olar.

Əminliklə vurğulamaq istəyirəm ki, milli ruhunun yenilməzliyi, yaradıcılıq qüdrətinin sarsılmazlığı, istiqlal məfkurəsinə sədaqəti ilə tanınan, rəğbət qazanan Cümhuriyyət adamı, professor Şirməmməd Hüseynovun AXC Parlamanı və epoxası haqqında monimentallığı, əzəməti, möhtəşəmliyi ilə fərqlənən üçcildliyi istiqlalına, müstəqilliyinə yenidən qovuşmuş Azərbaycanın dövlət mükafatına təqdim olunmağa, titanik əməyi qədirşünaslıqla dəyərləndirilməyə layiqdir.

 





07.06.2017    çap et  çap et