525.Az

"Nağdsız hesablaşmalar haqqında" qanuna dəyişiklik edilir


 

HESABLAŞMALAR ƏMƏLİYYAT-AXTARIŞ, KƏŞFİYYAT VƏ ƏKS-KƏŞFİYYAT FƏALİYYƏTİNİN SUBYEKTLƏRİNƏ ŞAMİL OLUNMAYACAQ

"Nağdsız hesablaşmalar haqqında" qanuna dəyişiklik edilir<b style="color:red"></b>

Dünən Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

İclasda bir sıra qanun layihələri müzakirə olunub. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə iclası açaraq gündəlik barədə məlumat verib.

İclasda bir sıra qanunlarda, eləcə də Əmək, İnzibati Xətalar və Cinayət məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxılıb. Eyni zamanda, "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsi də ikinci oxunuşda müzakirəyə təqdim edilib.

Z.Səmədzadə diqqətə çatdırıb ki, dəyişikliklərin əksəriyyəti uyğunlaşdırma xarakteri daşıyır. Bildirilib ki, "Valyuta tənzimi haqqında" qanunun 14-1-ci maddəsinin mətni yeni redaksiyada veriləcək. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycana gətirilməsi və ya Azərbaycandan çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.

Daha sonra "Nağdsız hesablaşmalar haqqında" qanunda dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Sənədin 3.4.4-cü maddəsində nəzərdə tutulmuş hesablaşmalar əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil olunmur.

Sonra "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanunda dəyişikliklər edilməsi haqqında qanun layihəsinə baxılıb. Qanunun 12.2-ci maddəsinə "dövlət büdcəsinə" sözlərindən sonra (o cümlədən, müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün "Büdcə sistemi haqqında" qanuna müvafiq olaraq yaradılan məqsədli büdcə fonduna) sözləri əlavə ediləcək.

Kamil HƏMZƏOĞLU

 





07.06.2017    çap et  çap et