525.Az

"Bu, bütün muğamsevərlərin ürəyincə olardı"


 

"Bu, bütün muğamsevərlərin ürəyincə olardı"<b style="color:red"></b>

70 yaşını bugünlərdə qeyd edən Tahir Bünyadov Ağcabədinin tanınmış ziyalılarıdandır.

Atası Əliaslan Bünyadov da vaxtilə adıçəkilən bölgənin, bütövlükdə Qarabağın nüfuzlu ziyalılarından, ağsaqqalarından sayılıb. Ələslan müəllimin adı əhali arasında bu gün də düzlük, təmizlik rəmzi kimi hörmətlə xatırlanır. Belə bir ailədə böyüyüb, boya-başa çatan bir insanla söhbətin oxucular üçün maraq doğuracağını nəzərə alaraq, onunla görüşmək qərarına gəldik.

Özünün dediyi kimi, 1970-cı ildə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini müvəffəqiyyətlə bitirib, mühəndis-mexanik ixtisasına yiyələnib. Təyinatla Bakı Təcrübə Sınaq zavodunda mühəndis-konstruktor vəzifəsində əmək fəaliyyətinə başlayıb. Nümunəvi işinə və səmərəli təkliflərinə görə zavod rəhbərliyi tərəfindən irəli çəkilib, dəfələrlə mükafatlandırılıb. Təsadüfi deyil ki, o, 1974-cü ildə Moskva şəhərində keçirilən gənc mütəxəssislərin simpoziumunda müsabiqə qalibi olub, xüsusi diploma və pul mükafatına layiq görülüb. Bacarıqlı gənc sonralar da çalışdığı zavodda bir çox uğurlara imza atıb. Lakin 1976-cı ildə atasının təkidi ilə doğma el-obaya qayıtmalı olub. Əvvəlcə rayon avtomobil təmiri zavodunda mühəndis, daha sonra uzun illər avtokalonda baş mühəndis, ilk partiya təşkilatı katibi vəzifələrində çalışıb. 1995-ci ildə sözügedən avtokalon özəlləşdirildiyi üçün o, tutduğu vəzifədən azad olunub.

Savadlı və hərtərəfli qabiliyyətə malik mütəxəssis həmin vaxtdan taleyini pedaqoji fəaliyyətlə bağlayıb. Odlar Yurdu Universitetinin rayonda fəaliyyət göstərən filialında, Ağdam Kənd Təsərrüfatı Texnikumunda ixtisası üzrə fənlərdən dərs deyib. Filialın bağlanması, birləşdirilmiş texnikumların bazası əsasında yaradılmış Ağdam Sosial İqtisad Kollecinin Quzanlıya köçməsi səbəbdən iş yerini dəyişməli olan T.Bünyadov rayon şahmat uşaq-gənclər idman məktəbinə müəllim-məşqçi təyin edilib. Uşaq yaşlarından şahmatla yaxından məşğul olan, yarışlarda öz dəst-xətti ilə seçilən pedaqoq gənc nəslə bu qədim oyunun sirlərini həvəslə öyrədir. Gənclərlə işləməkdən zövq alan təcrübəli mütəxəssis onlara yol göstərməyi, məsləhət verməyi həmişə özünə borc bilir. Tahir müəllimin qənaətinə görə, gənclərin həmişə ağsaqqal sözünə ehtiyacı var. O, indiki gənclərin sovet gəncləri ilə müqayisədə çox fərqləndiyini deyir. Müasir gənclik müstəqilliyinə, dünyabaxışına, intellekt səviyyəsinə, informasiya texnologiyalarından istifadə  bacarığı və təminatı baxımından sovet dövrü gəncliyindən üstün hesab olunur. Bundan əlavə, indiki gənclər geyim, yaşayış tərzi,əlaqələri,təhsil almaq imkan və şəraitləri cəhətdən də üstünlükləri ilə seçilirlər. Ancaq etiraf edilməlidir ki, mental dəyərlərə, adət-ənənələrə bağlılıq baxımından sovet dövrünün gəncləri daha üstün olublar.

T.Bünyadova görə, onun mənsub olduğu gəncliyin nümayəndələri təhsil illərində geniş biliklər üzrə hazırlıq mərhələsindən keçiblər. Bütün fənlər həmişə məktəbdə öyrədilib,mənimsənilib. Hər kəs ailədə təkbaşına hazırlaşaraq qəbul imtahanları verib, ali və orta ixtisas məktəblərinə daxil olub. İndi isə tamam bambaşqadır. Bu günün gəncləri "repetitor" yanında hazırlaşır, ali məktəblərə qəbul imtahanlarının yalnız qruplar üzrə tələb olunan fənlərini oxumaqla məhdudlaşırlar.Tahir müəllimə görə, sovet dönəmində gənclər bədii ədəbiyyatı çox mütəliə edirdilər. Bəlkə elə bu  səbəbdən də daxilən, həm də dil nöqteyi-nəzərindən çox zənginləşirdilər. İndiki gənclik, təəssüf ki, lazımınca kitab oxumur, daha çox internetlə məşğul olmağa üstnlük verirlər. Ancaq başa düşmək lazımdır ki,internet,əslində, milli dəyərlərimizi təsir altında saxlayır,yalnız onunla kifayətlənmək olmaz. Sovet dönəmində ailə institutu çox güclü idi. Ailə müqəddəs hesab olunurdu. İndi təəssüf ki, gənc ailələr yetərli bir əsas olmadan dağılır.Boşanmalar baş alıb, gedir. Bu da, həqiqətən, ciddi narahatlıq doğurur.T.Bünyadov söhbətində gənclərin milli musiqimizə münasibətinə də toxunub.

Qeyd olunub ki, bugünkü gənclik nədənsə milli musiqimizə deyil, əndrabadi, əttökən xarici musiqiyə, ifalara daha çox meyllidirlər. Şükürlər olsun ki,ölkəmizin birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri sayəsində son illər milli musiqimizın, muğamlarımızın geniş təbliğ olunması, bu cür mənfi meyllərin qarşısının alınması üçün vaxtında ciddi addımlar atılılıb. T.Bünyadov müstəqil dövlətimiz tərəfindən mədəniyyətə, ədəbiyyata, idmana böyük diqqət və qayğı göstərildiyini, sənət adamlarına yüksək dəyər verildiyini qeyd edib. İdmançılarımızın uğurlarından ürəkdolusu danışan ziyalı gənclərimizin mötəbər beynəlxalq idman yarışlarında uğurlu çıxışlarından, vətənpərvərliyindən söz açıb.Milli Ordumuzun son cəsarətli əməliyyyatları, İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının qazandıqları yüksək nəticələr onu çox sevindirir,qürurlandırır.

Söhbət zamanı Tahir müəllim sənət adamlarına, xüsusilə gənc ifaçılara fəxri adların verilməsinə də münasibət  bildirib. Qeyd edilib ki,indi fəxri ad alan sənətçilərimizin sıraları  böyüyüb, həm də yaşca xeyli gəncləşib.O, sovet hakimiyyəti illərində bir çox müqtədir sənət adamına fəxri adlar verilməsinin nədənsə unudulduğunu diqqətə çatdırıb. Sovet dönəmində böyük xidmətləri olmuş belə sənətkarlara, o cümlədən, görkəmli xanəndə,muğam ustası Mütəllim Mütəllimova fəxri ad verilməsinin zəruriliyi vurğulanıb. "Əlbəttə,atılan belə bir addım ədalətin bərpa olunmasına xidmət edər, ölkə vətəndaşlarının, bütün muğamsevərlərin ürəyincə olardı".

Yəhya PAŞAZADƏ

 





07.06.2017    çap et  çap et